Now Reading:
Yaşa(ma)malı ölkə
Full Article 3 minutes read


“2017-ci ilin yanvar-noyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 2751 nəfər qeydə alınıb. Trend-in məlumatına görə, 1704 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1047 nəfər təşkil edib”.

Dünən belə bir xəbər yayılıb. Açığı, uzun illərdir Azzərbaycan hakimiyyətinin, rəsmi qurumların yaydığı hər statistikaya şübhəylə yanaşıram, çoxuna inanmıram. Yalan üstündə qurulan hakimiyyətə, onun statistik rəqəmlərinə, müxtəlif iclaslarda, açılışlarda, ilin yekunları ilə bağlı keçirilən tədbirlərdə səslənənlər heç vaxt inandırıcı olmayıb. O səslənənlərə iclas iştirakçılarının belə inanmadı onların mimikalarından, qarşılarındakı dəftərçəyə yalançı qeydlərindən də aydın görünür. İnanmamaq da bizim haqqımız. Həm də inanmağa özləri bizi inandırıblar. Gündəlik həyatımızda qarşılaşdıqlarımız, telekanallardan püskürdülən yalanlar, batan Avropa, çiçəklənən Azərbaycan nağılları, dağılan Ermənistanla bağlı eşitdiklərimiz, 25 ildən çoxdur işğalda qalan torpaqlarımız… Qüdrətli ordusu olan, regionun lider dövləti kimi sırışdırılan ölkədə yaşayırıq. İşğaldakı torpaqlarının azad etmək qüdrəti olmayan ölkəni kim yaşamaq üçün seçər? 2751 nəfərin daimi yaşayış üçün Azərbaycanı seçməsi də inandırıcı deyil, həm də ona görə ki, dünən açıqlanan informasiyada 1704 nəfərin Azərbaycandan getdiyi də vurğulanır, miqrasiya saldosunun 1047 olduğu bildirilir. Yaxşı saldo qazanıblar…

Hər gün yeni-yeni informasiyalar alırıq. Həm də çoxumuzu təəccübləndirən informasiyalar. Bu gün təkcə müxalifətçilər yox, yapçılar da ölkədən gedir. Hakimiyyətin süfrəsinin qırıntıları ilə dolanan qəzetlərdən, saytlardan gedənlər də artıb. Sıravi vətəndaşlar belə ilk imkandaca başını götürüb qaçır. Daha yaxşı həyat, yaxşı yaşayış, normal iş, balalarının adam kimi təhsil alması üçün gedirlər. Ən mübariz adamlar belə ümidsiz olub, tanıdıqlarım, ölkə üçün, sivil Azərbaycan üçün canından keçməyə hazır olanlar da getməkdən danışır, ya da çıxıb gedir. Gücün tükəndiyi hər addımda duyulur.

Çox təəssüf ki, Azərbaycanı daimi yaşayış üçün seçən 2751 nəfərin tərkibi açıqlanmır, onların kimliyi, hansı ölkədən gəldiyi bildirilmir. İnanıram ki, onların bir hissəsi Rusiyadan, Gürcüstandan gələnlərdir, yəni elə özümüzkülərdir. Sərhəddən bu yana adlayanların hamısı turist kimi qeydə alındığı sayaq bir statistikadır. Bura gələnlər yalnız bir neçə günlüyə vaxtını xoş keçirmək üçün sərhəd keçənlərdir. Çünki Avropaya axın edən ərəblər belə Azərbaycana gözünün ucuyla da baxmadı. Bu səbəbdən kod adı 2751 olanlara kimsə həsəd aparmaz. Əslində 1704 nəfərin də say tərkibini öyrənmək maraqlı olar, baxmayaraq ki, rəqəm inandırıcı deyil. Maraqlıdır, onlardan neçəsi “dağılmış” Almaniyaya, neçəsi “insan haqları pozulan” Niderlanda, neçəsi “qudurmuş” Jak Şirakın vətəninə – Fransaya, uzaq Kanadaya, Avstraliyaya, hamının baş götürüb qaçdığı Afrikaya gedib?

Azərbaycanı daimi yaşayış yeri seçən 2751 nəfərdən heç olmasa biri ilə görüşüb söhbətləşməyi, o xoşbəxtlə ünsiyyət qurmağı çox istərdim. Köhnə vətənimin yeni vətəndaşıyla…

Yazının başlanğıcında rəsmi açıqlamalara inanmadığımı vurğulamışdım. Ancaq ədalət üçün onu da deməliyəm, bunların bəzi xəbərlərinə həmişə inanıram: “Bu gün Yasamalda qaz, Nəsimidə su, Binəqədidə işıq, Nərimanovda istilik olmayacaq” tipli xəbərləri dəqiq olur. Heç də hər şey yalan üstündə qurulmayıb
azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.