Now Reading:
Vladimir Putin 4-cü dəfə Rusiyanın prezidenti oldu – VİDEO
Full Article 2 minutes read

Müstəqil müşahidəçilər seçkilərdə saxtakarlıq olduğunu deyirlər



Rusiyanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. İlkin nəticələrə görə hazırki dövlət başçısı Vladimir Putin 76 faizdən çox səslə liderdir.

Prezident vəzifəsi uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Kommunist Partiyasından Pavel Qrudin, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, “Vətəndaş təşəbbüsü” Partiyasından telejurnalist Kseniya Sobçak, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin, Boris Titov və “Yabloko” Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparıb.

Müxalifətin əsas lideri Aleksey Navalnının seçkidə iştirak etməsi qadağan edilib. Hakimiyyət bildirib ki, buna səbəb cənab Navalnının üzərində məhkumluğun olmasıdır. Navalnının özü isə deyir ki, ona qarşı dələduzluq ittihamı siyasi motivli olub. O, vətəndaşları seçkini boykot etməyə çağırıb və seçki məntəqələrinə minlərlə müşahidəçi göndərib.

65 yaşlı Vladimir Putin 1999-ci ildən bəri, əvvəlcə prezident, sonra isə baş nazir vəzifələrində Rusiyanın dəyişməz lideridir.

Müstəqil seçki müşahidə qrupu Qolos, 1 700-dən çox nöqsanı müşahidə etdiyini deyib:

* Bəzi məntəqələrdə səsvermə rəsmən başlamazdan əvvəl seçki qutularında bülletenlər aşkar olunub
* Müşahidəçilərə bəzi məntəqələrə daxil olmağa icazə verilməyib
* Səs verməyə məcburən gəldikləri düşünülən bir neçə qrup adamın məntəqələrə avtobuslarla gətirildikləri müşahidə olunub
* Bəzi məntəqələrdə şarlar, plakatlar və digər predmetlər canlı yayım kameralarının görüntülərinə mane olub

Rusiya Mərkəzi Seçki Komissiyasının saytına yerləşdirilən seçki məntəqələrinin canlı video yayımlarında bəzi hallarda rəsmilərin qutuları bülletenlərlə doldurduğu nəzərə çarpıb.

Rusiyanın şərqindəki rayonların yerləşən bəzi məntəqələrdə seçici fəallığının 100 faiz olduğu bildirilib. İnterfaks xəbər agentliyinin məlumatına görə, seçki rəsmiləri Kamçatkada altı kəndin bütün sakinlərinin hamılıqla səs verdiyini bildiriblər. Çukotkada da dörd kənddə bütün sakinlər səs verdiyi deyilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.