Now Reading:
Vəkil mitinqdən öncə saxlanılan AXCP fəalları ilə görüşüb
Full Article 2 minutes read

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada həbs edilən üç fəalı saxlanma şəraitindən şikayət etmir.”



Bunu AzadliqRadiosuna vəkil Əsabəli Mustafayev deyib.

Onun bildirdiyinə görə, bu həftə AXCP-nin 3 fəalı inzibati qaydada həbs edilib. Vəkil Əsabəli Mustafayev onlardan Abdulla Mahmudov və Orxan Baxışlı ilə martın 30-da görüşdüyünü deyir. İnzibati qaydada həbs edildiyi bildirilən başqa bir cəbhəçi, Ayaz Qasımovla isə sabah, aprelin 2-də görüşmək niyyətində olduğunu açıqlayıb:

“Saxlanılma şəraitlərindən şikayətləri yoxdur. Abdulla Mahmudov və Orxan Baxışlı 30 sutka inzibati cəza alıb. 15 sutka azadlıqdan məhrum edilən Ayaz Qasımovla aprelin 2-də görüşəcəm. O, mitinqə çağırış vərəqəsi paylayarkən saxlanıb”.

Vəkil gənclərin polsə müqavimətdə ittiham edildiyini söyləyir.

3 fəalın saxlanaraq inzibati qaydada həbs edilməsi ilə bağlı məlumatı jurnalistlərə ilk dəfə Milli Şura və Müsavat Partiyasının martın 31-də keçirilən birgə mitinqindən sonra AXCP sədri Əli Kərimli bildirmişdi. O, gənclərin mitinqin təşkilatçıları olduğunu, bu üzdən uydurma ittihamla cəzalandırıldığını açıqlamışdı:

“ATƏT müşahidə apardığından bu dəfə mitinq öncəsi təzyiqlər az oldu. Ancaq onlarla fəal polisə çağırıldı. AXCP-nin 3 fəalına isə sutkalıq həbslər verildi”

Ancaq hələlik bu deyilənləri Daxili İşlər Nazirliyindən və məhkəmə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Milli Şura və Müsavat Partiyasının bundan öncəki mitinqi ərəfəsində isə 100-dən çox fəalın polisə aparıldığı, 6 nəfərin inzibati qaydada həbs cəzası aldığı bildirilmişdi. Həmin 6 şəxs də rəsmən polisin qanunu tələbinə əməl etməməkdə ittiham edilmişdilər. Ancaq fəalların kütləvi şəkildə polisə aparılması ilə bağlı şikayətlərə isə Daxili İşlər Nazirliyi rəsmi bir izahat verməmişdi.

AXCP hesab edir ki, “bunda məqsəd mitinqlərin kütləvi keçirilməsinin qarşısını almaqdır”. Hakimiyyət təmsilçiləri isə belə yanaşmanı “mitinqlərə az insanın gəlməsinə don geydirmək” cəhdi kimi dəyərləndirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: