Now Reading:
Üç növbədənkənar seçki
Full Article 9 minutes read


Azərbaycan hakimiyyəti aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsinə hazırlaşır. Amma bu, 27 illik müstəqillik tarixində ilk növbədənkənar seçki deyil. Elə müstəqilliyin ilk illərində iki belə seçki keçirilib: 1992-ci ilin iyununda Əbülfəz Elçibəyin və 1993-cü ilin oktyabrında Heydər Əliyevin qələbəsi ilə nəticələnən seçkilər.

Bir sıra siyasətçilər, şərhçilər azad, şəffaf seçkidən danışarkən də məhz bu iki seçkini xatırlayırlar, bir para qüsurlar olsa belə.

Şahin Hacıyev: «Normal seçki ənənəsi 1990-cı illərin əvvəlində qaldı»

«Təəssüf ki, normal seçki ənənəsi 1990-cı illərin əvvəlində qaldı», – siyasi şərhçi Şahin Hacıyev bu fikirdədir. «O zaman mühit tamamilə başqaydı», – deyə o, həmin dövrdəki siyasi ab-havanı izah edir:

«Məsələn, 1992-ci ildə normal seçkilər keçirilmişdi, mübarizə getmişdi. Populyar olmayan, hətta mən deyərdim, buna layiq olmayan namizəd ikinci yer tutmuşdu. 1993-cü il seçkilərində, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra keçirilən seçkilər zamanı da mühit fərqliydi, siyasi mübarizə vardı. O zaman Əliyevə münasibət də başqa idi. O vaxt Xalq Cəbhəsi hakimiyyətini gözdən salmışdılar, cəmiyyətin xeyli hissəsi isə Heydər Əliyevə xilaskar kimi baxırdı. Ona etimad böyük idi və Əliyevə səs verənlər az deyildi».

Ş.Əliyev bu yerdə növbəti seçkilərə də toxunur, o hesab edir ki, Əliyev birinci seçkilərdə səslərin böyük hissəsini alaraq qalib gəlsə də, sonrakı – 1998-ci il seçkilərində artıq ona münasibət dəyişmişdi, üstəlik, bu dəfə daha ciddi rəqibi vardı:

«Müşahidəçilərin dediyinə görə, ilk ciddi saxtakarlıq o zaman oldu və seçkilərin ikinci mərhələsinin keçirilməsi gözlənilsə də, bu baş vermədi. O dövrdən başlayaraq seçkilər anti-demokratik şəraitdə keçirilməyə başlandı. İndiki seçkiləri isə «seçki» adlandırmaq olmaz. Çox sönük, maraqsız keçir. Cəmiyyətin bu seçkilərdə heç bir rolu yoxdur. Bunu da hamı aydın başa düşür ki, seçkidə iştirak mənasızdır. Elə bir şərait yaradılıb ki, seçki formal xarakter daşıyır. Seçki sözündən istifadə edilməsi artıq düzgün deyil».

Xatırlatma
1992-ci ilin martında, Xocalı faciəsinin doğurduğu etirazlardan sonra, prezident Ayaz Mütəllibov kütləvi mitinqlərin təzyiqi altında istefa verdiyini elan etdi. Müxalifətin parlament respublikasına keçid təklifini rədd edən parlament çoxluğu növbəti prezident seçkisinin keçirilməsinə qərar verdi.

Mayın 14-də eks-prezident Mütəllibov yenidən vəzifəsinə qayıtdığını elan etsə də, növbəti kütləvi etirazlardan sonra vəzifəsini və ölkəni tərk etməyə məcbur qaldı.

Bundan üç həftə sonra, iyunun 7-də keçirilən prezident seçkisinə beş namizəd qatılmışdı. Onlardan Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy səslərin 59.4 faizini almaqla qələbə qazandı. Bu seçki rəsmi göstəricilər baxımından Azərbaycan tarixinin ən gərgin siyasi yarışması kimi yadda qaldı, Elçibəyin rəqibi Nizami Süleymanov səslərin 33 faizini əldə etmişdi.

1992-ci ildə seçici fəallığı 76.3 faiz təşkil edirdi.

İki rekord vuran prezident seçkisi
1993-cü il prezident seçkiləri də ölkədəki siyasi gərginliyin nəticəsi kimi baş verdi. 4 iyun Gəncə qiyamından sonra prezident Ə.Elçibəy Bakını tərk edərək Ordubadın Kələki kəndinə getdi, nəticədə faktiki hakimiyyətini itirdi. Avqustda keçirilən referendum Elçibəyin de-fakto hakimiyyətsizliyinə de-yure son qoydu.

Oktyabrdakı prezident seçkisinə üç namizəd qatıldı: Yeni Azərbaycan Partiyasının rəhbəri və Ali Sovetin sədri kimi prezident səlahiyyətlərini icra edən Heydər Əliyev, siyasi dairələrdə çox az tanınan Karrar Əbilov və biznesmen Zakir Tağıyev.

1993-cü il oktyabrın 3-də keçirilən və H.Əliyevin tam üstünlüyü ilə başa çatan səsvermə Azərbaycan prezident seçkiləri tarixinin iki rəsmi rekordunu vurdu. Rəsmi məlumatlarda H.Əliyevə seçicilərin 98.8%-nin səs verdiyi, seçici fəallığının isə 97.6% həddinə çatdığı deyilirdi.

İsa Qəmbər: «Növbədənkənar seçki yox, zərurətdən doğan seçki»
«O dövrdəki seçkilərlə indiki dövrü müqayisə etmək, məncə, bir o qədər də uğurlu olmazdı», – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə prezident səlahiyyətlərini əvəz edən, Ali Sovetin ovaxtkı sədri İsa Qəmbər belə deyir. O, Ə.Elçibəyin qalib gəldiyi seçkini belə xarakterizə edir:

«Bu, növbədənkənar seçki də adlandırıla bilməzdi. Xalq inqilabı nəticəsində yaranmış vəziyyətdən doğan seçkiləriydi. Bəlkə də 11 aprel seçkilərini daha çox «növbədənkənar» adlandırmaq olar. Hamı oktyabr seçkilərinə hazırlaşarkən birdən-birə hakimiyyət seçkiləri altı ay irəli çəkdi. Ancaq 1992-ci il seçkilərinə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda növbədənkənar seçki kimi yox, zərurətdən doğan seçki kimi yanaşılırdı».

İ.Qəmbər həmin zərurəti belə izah edir: «Xocalı faciəsindən sonra xalq Ayaz Mütəllibovun istefasını tələb edirdi. O istefadan sonra seçkilərin keçirilməsi labüd idi. Doğrudur, biz Xalq Cəbhəsi olaraq kommunistlərə təklif etdik ki, seçki keçirməyə tələsməyək, koalision hökumət yaradıb Qarabağ məsələsini həll etməyə çalışaq, müharibə bitdikdən sonra prezident seçkisi keçirərik. Təəssüf ki, kommunistlər bizim təklifimizi qəbul etmədilər və 1992-ci il iyunun 7-nə seçki təyin etdik. Biz bu seçkini qazanacağımıza əminiydik. Kommunist nomenklaturası bunu başa düşdüyündən mayın 14-də çevrilişə cəhd etdi. Mayın 15-də xalq ayağa qalxaraq çevrilişçiləri yerində oturtdu. Xalq özü hakimiyyətə gəldi. İyunun 7-də seçkilər keçirildi və Əbülfəz Elçibəy prezident seçildi».

Əli Kərimli: «Ən demokratik seçki»
AXCP sədri Əli Kərimlinin sözlərinə görə, indiyə qədər ən demokratik seçki 1992-ci ildə keçirilib:

«O, həmin dövrdə keçmiş SSRİ məkanında keçirilən ən yaxşı seçkilərdəniydi. Deyə bilmərəm ki, mükəmməl beynəlxalq müşahidə təşkil edilmişdi. Amma ümumi rəy vardı seçkilərlə bağlı. Bu rəyi dağıtmaq olmaz. Nizami Süleymanov kimi adam 33 faiz səs almışdı. Necə demək olar ki, bu seçki demokratik deyildi? MSK-nın tərkibini əvvəlki hakimiyyət formalaşdırmışdı, orda cəbhəçilər yox idi. Ona görə 1992-ci il seçkiləri həm azərbaycanlıların, həm dünyanın, həm də tarixin yaddaşında yeganə demokratik seçki kimi qalıb».

Etibar Məmmədov: «Bu… Nizami Süleymanov üçün böyük rəqəmdir»
Milli İstiqlal Partiyasının keçmiş sədri, o dövrün nüfuzlu siyasətçilərindən Etibar Məmmədov isə 1992-ci il seçkilərinə «ən demokratik seçki» tərifi vurulmasının əleyhinə çıxır. Onun qənaətincə, Azərbaycanda bütün seçkilər zamanı hakimiyyətdəkilər inzibati resurslardan yararlanıblar və bu baxımdan AXC hakimiyyətini də istisna saymır:

«Mayda AXC hakimiyyəti ələ keçirəndən sonra seçkiyəqədərki qısa dövrdə edilən özbaşınalıqlar, cəmiyyətdə qarşıdurma yaratmaq istiqamətində hərəkətlər Elçibəyin nüfuzuna çox böyük zərbələr vurdu. Ona görə bir ay sonra keçirilən seçkilərdə bəzi çətinliklərlə üzləşdilər. Buna görə də Elçibəyin rəqibi olan Nizami Süleymanov 33 faiz səs toplaya bildi. Bu, heç bir təşkilatı, partiyası olmayan bir adam üçün böyük rəqəmdir. Onun böyük bir təşkilatın başında duran Elçibəyə qarşı bu qədər səs toplamasının səbəbi bir ayda olan neqativ hərəkətlər idi».

1993-cü il seçkilərinə gəlincə, E.Məmmədov etiraf edir ki, həmin dövrdə Heydər Əliyevə alternativ olmayıb. «Cəmiyyətdə böyük eyforiya var idi və ona böyük ümid bəslənirdi, ona görə də o seçkilər bu şəkildə baş tutdu», – deyir.

AXCP sədri Ə.Kərimli isə 1993-cü ilin iyun qiyamından, H.Əliyev de-fakto hakimiyyətə gələndən sonra keçirilən seçkilərin fövqəladə vəziyyətdə baş tutduğunu xüsusi qeyd edir:

«Müxalifət darmadağın edildi, Xalq Cəbhəsinin yüzlərlə üzvü, fəalı həbs edildi, respublikada silahlı dəstələrin meydan suladığı şəraitdə, alternativlər olmadan saxta seçki keçirildi. 1993-cü ildə hamı başa düşürdü ki, silahlı çevriliş olub, Əliyev hakimiyyətə de-fakto yiyələnib, seçkilər isə sonrakı tarixlə vəziyyəti qanuniləşdirmək üçün idi. Bu üzdən beynəlxalq legitimliyi də olmadı».

YAP etiraz edir
25 illik rəsmi təbliğatda 1993-cü il seçkilərinin qüsursuz keçirildiyi, Əliyevin xalqın dəstəyini alaraq seçildiyi bildirilir. Elə hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Elman Məmmədov da Heydər Əliyevin yekdilliklə, demokratik seçkilər nəticəsində seçildiyini deyir. 1992-ci il seçkilərindən isə danışmaq istəmir. «O, mənim yadımda qalmayıb, yadımda qalanlardan danışmaq istəyirəm», – söyləməklə kifayətlənir.

Ümumiyyətlə, E.Məmmədov da İ.Qəmbər kimi 1990-cı illər seçkiləriylə indiki arasında müqayisə aparmağı doğru saymır. Hesab edir ki, hər dövrün öz tələbləri, spesifik xüsusiyyətləri var:

«1992-1993-cü illərdə ölkədə çox gərgin vəziyyət idi. Müharibə gedirdi, daxili sabitlik pozulmuşdu, iqtisadiyyat acınacaqlı idi. Təbii ki, indiki dövr o dövrlə müqayisə edilə bilməz. Ölkədə çox vacib şərtlərdən biri – dayanıqlı, etibarlı sabitlik təmin edilib. İndi güclü iqtisadiyyat var. Ölkə dünya miqyasında nüfuzuna, hörmətinə görə tanınır, inkişafda olan ölkədir. Siyasi partiyaların sayı o dövrdən indi daha çoxdur».

2018-ci il seçkiləri. «Siyasi fəallıq çox aşağıdır»
Bu ilin oktyabrında Azərbaycanda növbəti seçki keçirilməli idi. Amma prezident İlham Əliyev gözlənilmədən fevralın 5-də növbədənkənar seçki keçiriləcəyinə qərar verdi. Sənəddə bunu zəruri edən səbəblər göstərilməmişdi.

Prezidentin köməkçisi Əli Həsənov bunu 2018-ci ildə ölkədə beynəlxalq tədbirlərin keçirilməsi, Demokratik Cümhuriyyətin 100 illiyinin qeyd edilməsi ilə izah etdi. Hərçənd, bu izahat ictimaiyyət arasında yetərli sayılmadı və müxtəlif yozumlara yol açdı.

Hazırlıqsız yaxalanan bəzi müxalifət partiyaları seçkiləri boykot etdi. Onlardan biri olan AXCP-nin sədri Ə.Kərimli hesab edir ki, 1998-ci ildən bəri keçirilən seçkilərin heç birində hüquqlar bu qədər məhdudlaşdırılmayıb:

«2018-ci il aprel seçkiləri tarixə hüquqların ən çox məhdudlaşdırıldığı seçkilər kimi düşəcək. Hamı bilir ki, budəfəki seçkilər saxtalaşdırılacaq. Amma indiyə qədərki seçkilərin saxtalaşdırıldığını və aprel seçkilərinin də saxtalaşdırılacağını bilə-bilə beynəlxalq ictimaiyyət indiki Azərbaycan hakimiyyətini rəsmən qəbul edir. Bu da beynəlxalq münasibətlərin xoşagəlməz, acı reallığıdır».

Onda niyə beləydi, indi niyə belə?
«O dövrdə siyasi aktivlik daha yüksək idi və beynəlxalq təşkilatların Azərbaycandakı proseslərə diqqəti daha çox idi», – 1990-cı illərdə keçirilən seçkiləri indiki seçkilərlə müqayisə edən Etibar Məmmədov belə düşünür. «İndi passivlik hiss olunur. Mən son seçkilər zamanı ölkədə seçki keçirildiyini hiss etmədim. Əvvəlki dövrlərlə müqayisədə siyasi aktivlik çox aşağıdır», – siyasətçi sözlərinə əlavə edir.

E.Məmmədovun fikrincə, bunun bir yox, bir neçə səbəbi var: «Əvvəla, ölkədə siyasi partiyaların rolu çox aşağı salınıb. Bütün siyasi proseslərin aparıcı qüvvələri partiyalardır. Amma partiyalar aktiv olmayanda siyasi fəallıq da yüksək olmur».

E.Məmmədovun qənaətincə, alternativ qüvvələrin əzilməsi, sıradan çıxarılması həm imic, həm cəmiyyətin müqavimət göstərə bilməsi, həm də dövlətin möhkəmlənməsi baxımından Azərbaycanın mənafelərinə xidmət etmir:

«Hakimiyyətin bəzi qüvvələri tərəfindən siyasi opponentlərin uzun müddət pressinq altında saxlanması və onlara bəzən qurşaqdan aşağı zərbələrin endirilməsi, qaralama kampaniyalarının aparılması, təəssüf ki, eyni zamanda, həmin qaralama kampaniyalarından hakimiyyətdə olmayan qüvvələrin də bir-birinə qarşı istifadə etməsi, bir-birini gözdən salmağa çalışması əhalini siyasi proseslərdən uzaqlaşdırır və passivləşdirir».

Elman Məmmədov: «Pərdənin arxasında başının üstündə Allahın olur»
Deputat Elman Məmmədov isə əhalinin və ya siyasi qüvvələrin seçkilərə maraq göstərməməsi, passivliyi haqda tənqidləri qəbul etmir. O, vətəndaşların yetərincə aktiv olduğunu düşünür:

«Azərbaycan demokratik, hüquqi dövlətdir, burda heç kimi, heç bir siyasi partiyanı, təşkilatı nəyəsə məcbur etmək, təhrik etmək mümkün deyil. Hər bir Azərbaycan vətəndaşının konstitusion hüquqları və vəzifələri var. Heç kim məcburən seçkiyə gətirilmir. Ancaq vətəndaş vətəndaşlıq mövqeyini bildirmək üçün konstitusion vəzifəsini yerinə yetirməlidir, seçkidə iştirak etməlidir. Kim kimə deyə bilər ki, «sən filankəsə səs ver, ya vermə»? Səsvermə məntəqəsində o pərdənin arxasında bir özün olursan, heç kim olmur, yuxarıda, başının üstündə Allahın olur, ürəyin olur, kimə istəyirsən səs ver. Vətəndaş istənilən seçkidə iştirak etməlidir. Mən deməzdim ki, cəmiyyətdə passivlik var. Kifayət qədər vətəndaş fəallığı var. Seçkilər də uğurla keçəcək».

Son illər beynəlxalq müşahidə missiyaları Azərbaycanda keçirilən bütün seçkiləri tənqid ediblər, seçki qanunvericiliyinin, seçki komissiyalarının yaxşılaşdırılması, seçkilərin şəffaf, azad keçirilməsi məqsədilə hökumətə tövsiyələrini təqdim ediblər. Hakimiyyət bununla razılaşmayıb.

Budəfəki seçkilər qəfil elan olunduğundan beynəlxalq qurumların müşahidə missiyalarının iştirakı sual altındadır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.