Now Reading:
”SOCAR Azərbaycana Gürcüstandan 10 qat keyfiyyətsiz dizel satır”
Full Article 8 minutes read


Dizelin tərkibində olan zərərli maddələr tibbi fəsadlar yaradır

Bakı sakini Natiq Vəliyev 13 ildir ki, dizellə çalışan avtomobil idarə edir:

“Sərfiyyatına görə həmişə dizel almışam. Dizelin keyfiyyəti o qədər aşağıdır ki, istədiyin sərfiyyatı əldə edə bilmirsən, maşın 100 kilometrə 10-12 litr dizel içir, çünki tərkibi düzgün deyil. Vurduğum dizelə görə maşın xarab olub, evakuatorla ustaya aparmışam. Dizeli vurub 1 kilometrə yaxın getmişəm ki, maşın sönüb. Usta ilə söhbətdən sonra məlum olub ki, səbəb dizeldir. Usta deyib, dizeldəndir, vurub “farsunka”nı yandırıb. Belə şeylər tək mənim başıma gəlmir”.

Azərbaycan və Gürcüstandan olan bir qrup jurnalist hər iki ölkədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqələrində satılan dizel yanacağının keyfiyyətini araşdırıblar.

Hər iki ölkədə fəaliyyət göstərən SOCAR-ın yanacaqdoldurma məntəqələrindən götürülən dizel nümunələri Tbilisidə yerləşən, müstəqil fəaliyyət göstərən “Magi LTD” laboratoriyasına təqdim olunub. Nəticələr göstərib ki, SOCAR-ın Azərbaycanda satdığı dizel yanacağının keyfiyyəti Avropa standartlarından 21 dəfə, Gürcüstanda satdığı dizelin keyfiyyəti isə Avropa standartlarından 2 dəfə aşağıdır.

Avropa standartları dizelin tərkibində kükürdün 10 ppm-dən (PPM dizelin tərkibində olan kükürdün ölçü vahididir) artıq olmasına icazə vermir. SOCAR-ın satdığı dizelin tərkibindəki kükürdün miqdarı isə Azərbaycanda 216 ppm, Gürcüstanda 22 ppm olduğu aşkarlanıb.

Dizelin tərkibində kükürd və kükürd birləşmələrinin standartlardan çox olması onun keyfiyyətsiz olmasının və ekologiyaya vurduğu ziyanın göstəricisidir.

Avtomobillərin arxasından qara tüstü çıxır. Fotoqraf:: Meydan TV

Sürücü Natiq Vəliyev Azərbaycanda satılan dizelin tərkibindən gileylənməyə davam edir:

“Gürcüstanda vurulan 10 litr dizel yanacağı ilə, təxmini deyim, 150-200 kilometr yol gedə bildiyin halda, Azərbaycanda 80-90 kilometr gedə bilərsən. Yəni həm maşının getməyində – kilometrajda fərq edir, həm də maşının hissələrinin sıradan çıxmağına səbəb olur. Adicə Gürcüstandan daim Gürcüstan yanacağı ilə işləmiş maşın gətirirlər, Azərbaycan yanacağına keçən kimi o maşın yolda qalır. Bir sözlə, keyfiyyət sıfırdır”.

Azərbaycan keyfiyyətsiz dizel istifadə edən ölkələr siyahısındadır

Beynəlxalq Yanacaq Keyfiyyəti Mərkəzi (IFQC) 2017-ci il tərkibində ən az kükürd olan dizel yanacağı istehsal edən ölkələrin reytinqini hazırlayıb. Ən keyfiyyətli və ətraf mühitə az ziyan vuran dizel yanacağı İsveç, Almaniya, Yaponiyada satılır. Neft ixrac edən və həmçinin emal edən Azərbaycan isə keyfiyyətsiz dizel istifadə edən ölkələr siyahısındadır.

Azərbaycan dizelin keyfiyyətsiz olduğu ölkələr arasında.

Dövlət Statistika Komitəsinin yaydığı illik hesabatda göstərilir ki, ARDNŞ daxili bazarı dizellə tam təmin edir və istehsal edilən dizelin yarısından çoxunu xaricə ixrac edir.

SOCAR rəsmiləri ara-sıra dizel yanacağının həcmi haqqında açıqlama versələr də, yanacağın keyfiyyəti haqqında detallı danışmayıblar. Şirkətin emal üzrə vitse-prezidenti Davud Məmmədov 2014-cü ildə mətbuata açıqlamasında etiraf etmişdi ki, Azərbaycanda istehsal olunan yanacaq tam olaraq ölkə tələbatını ödəyir. Lakin bu yanacağın keyfiyyəti müasir tələblərə cavab vermir.

SOCAR Gürcüstanda Azərbaycandan 10 dəfə keyfiyyətli dizel satır

Hələ 3 il əvvəl Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı jurnalist təşkilatı (OCCRP) və “Studio Monitor”un birlikdə etdiyi araşdırmada qeyd olunurdu ki, Gürcüstanda SOCAR yanacaqdoldurma məntəqələrinin satdığı dizel yanacağının keyfiyyəti Avropa standartlarından nə az, nə çox düz 60 dəfə daha keyfiyyətsizdir. Lakin son laboratoriya nəticələri onu göstərir ki, SOCAR Gürcüstandakı dizel yanacağının keyfiyyətini yaxşılaşdırıb və Azərbaycanda satdığı dizeldən 10 qat daha keyfiyyətlidir.

2017-ci il martın 28-dən etibarən Gürcüstan Avropa Birliyi ölkələrinə vizasız səyahət etmək imkanı qazandı. Bu qərar eyni zamanda Avropa Birliyi standartlarına yaxınlaşmaq demək idi.

Mirvari Qəhrəmanlı.

“SOCAR imicini qorumaq üçün xaricə keyfiyyətli yanacaq satır”

Hüquq müdafiəçisi və “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, Azərbaycanın daxilində SOCAR standartlarını yoxlayacaq bir qurum yoxdur:

“Gürcüstanda və başqa ölkələrdə də SOCAR-ın yanacaqdoldurma məntəqələrində satılan dizel yanacağı standartlara cavab verir. Bu, SOCAR-ın beynəlxalq imicini qorumaq üçündür. Yəqin ki, Azərbaycanda standartlara cavab verməyən məhsulların satılması hökumətin marağına daha uyğundur. Çünki standarta riayət olunmaması korrupsiya halıdır”.

SOCAR-ın eyni ad altında dünyanın altı ölkəsində yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir: Gürcüstan, Ukrayna, Türkiyə, İsveçrə, Rumıniya, Avstriya. Fəaliyyət göstərən şirkətin ən çox yanacaqdoldurma məntəqəsi isə Gürcüstandadır.

Adil Qeybulla.

Yanacağın tərkibinin standarta cavab verməməsi, ağciyər xərçənginə səbəb olur

Azərbaycandakı dizelin tərkibində olan zərərli maddələrin tibbi fəsadları haqqında Meydan TV-yə danışan tibb elmləri doktoru Adil Qeybulla deyir ki, yanma prosesində kükürd oksigenlə, yaxud onun tərkibində olan su ilə birləşərək müxtəlif sulfatlar əmələ gətirir:

“Bu birləşmələr orqanizmə düşdükdə, ilk növbədə, nəfəs borularına daxil olur, insan dərisi ilə təmasa girir, müxtəlif allergik proseslərin, dərinin allergik və nəfəs yollarının iltihabı proseslərinin əmələ gəlməsinə səbəb ola, ağ ciyərdə xərçəng şişinin əmələ gəlməsinə təsir göstərə bilir”.

Gürcüstanda son bir ildə dizel yanacağının keyfiyyətinin yaxşılaşdırılması qonşu ölkədə ən böyük vergi ödəyicisi olan SOCAR-ın ekoloji qaydalara tam riayət etdiyi anlamına gəlmir. Neft şirkəti hələ də Gürcüstanda Avropa standartlarından aşağı keyfiyyətdə olan dizel yanacağı satır və SOCAR bazaları ətrafında ekoloji standartların qorunması qaydalarına riayət edilmir.

Gürcüstan vətəndaşları: Buradakı ağır qoxu və toz bizi narahat edir

Tbilisidə havalimanının yaxınlığında yerləşən SOCAR-a məxsus əsas yanacaq bazasının bir neçə metrliyində yaşayan Gürcüstan vətəndaşları SOCAR-ın ekoloji qaydalara əməl etməməsi ucbatından uşaqlarının və özlərinin sağlamlıqlarında yaranmış problemlərdən şikayətlənirlər:

“Hamımızın təzyiq və başgicəllənmə problemləri var. Əvvəllər heç belə olmurduq. Səbəb isə SOCAR-ın burada yerləşən bazasıdır. Uşaqlarımız ağciyər, bronxit və əsəb problemlərindən əziyyət çəkirlər. 11 yaşlı uşağımın qalxanabənzər vəzisində problem var. Səbəbinin isə SOCAR-ın burada yerləşən bazasının olduğunu düşünürəm”.

Bakıda ekoloji problemdən əziyyət çəkənlər. Fotoqraf:: Meydan TV

Uşaqlarda qusma və ya qarınağrısı baş verir

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, belə bir hal Azərbaycanda da yaşanır, Xətai rayonu UPD qəsəbəsində yerləşən ARDNŞ-ə məxsus Neft Emalı Zavodu ətrafa ciddi ekoloji zərər vurur:

“Orada körpə uşaqlar müəmmalı virusla zəhərlənir. Uşaqda birdən qusma və ya qarınağrısı baş verir. Bilinmir nədir, həkimə aparırsan, deyir “virusdur”. Təzyiqdən əziyyət çəkənlər, xərçəngdən ölənlər – bunlar hər iki zavodun verdiyi fəsadlardır”.

Prezidentin göstərişindən, Nazirlər Kabinetinin qərarından sonra da irəliləyiş yoxdur

Prezident İlham Əliyev 2014-cü ilin yanvarında Nazirlər Kabinetində keçirdiyi iclasda ekologiyanın qorunması, atmosferi çirkləndirən amillərə qarşı mübarizənin aparılması və vətəndaşların ekoloji təhlükəsizliyinin təminatı ilə bağlı göstərişlər verib.

Həmin tarixdə Nazirlər Kabineti havanı çirkləndirən əsas amilin məhz avtonəqliyyat vasitələrinin olduğunu nəzərə alınaraq ölkədə Avro-4 standartının tətbiqi ilə bağlı qərar qəbul etdi. Lakin prezidentin bu göstərişi və Nazirlər Kabinetinin qərarından üç il keçməsinə baxmayaraq, Azərbaycanda satılan yanacağın tərkibində irəliləyiş baş verməyib.

Dünyada havanın ən çirkli olduğu şəhərlər siyahısında Bakı da var

“Mercer Human Resource Consulting” tədqiqat şirkəti 2008-ci ildə Bakını dünyanın ən çirkli şəhəri elan edib. Vəziyyət 2010-cu ildə də dəyişməyib – “NYC Partnership Consulting” beynəlxalq reytinq şirkəti Bakını planetin ən çirkli şəhəri seçib. Hər iki reytinq tərtib olunan zaman havanın çirklilik səviyyəsi əsas götürülüb. 2008-ci ildən 10 il keçməsinə baxmayaraq, nəticələrdə nəzərəçarpan dəyişiklik yoxdur. Ölkə əhalisinin təxminən yarısının yaşadığı paytaxt Bakıda yenə havanın çirkliliyi ən üst səviyyədədir.

Araşdırma ilə bağlı SOCAR rəsmilərinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.

Fazil Talıblı

Rəsmilər dizelin standarta cavab verdiyini iddia edir

Azərbaycanda yanacağın tərkibinin keyfiyyətinə patent verilməsinə məsuliyyət daşıyan orqan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir.

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, Azərbaycanda istehsal olunan dizel yanacağının tərkibində standart pozuntusu aşkar edilməyib, dizel yanacağı standarta tam cavab verir:

“Azərbaycanda dizel yanacağı Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur və yanacaqdoldurma məntəqələrinə paylanılır. Adını çəkdiyim zavoddan götürülən nümunələr mütəmadi şəkildə Azərbaycan Standartlaşdırma İnstitunun Neft və Kimya Məhsullarının Sınağı Laboratoriyasında tərkibi, təhlükəsizliyi, kükürdün kütlə payı üzrə araşdırılır, yoxlanılır. Son illərdə zavodun istehsal etdiyi dizel yanacağının tərkibində standart pozuntusu aşkar edilməyib. Azərbaycandakı normativ hüquqi sənədlər də beynəlxalq tələblərə uyğunlaşdırılıb. Ona görə də Azərbaycanda başqa standart, xarici ölkələrdə başqa standart olması mümkünsüzdür”.

SOCAR isə 2016-cı ildə yaydığı illik hesabatda bəyan edir ki, təkcə 2016-cı ildə neft şirkətinin Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyası 30 mindən artıq analiz aparıb. Həmçinin SOCAR-ın Əməliyyat Şirkətləri tərəfindən həmin il üçün 1185 ekoloji monitorinq keçirildiyi iddia olunur. Lakin şirkət bu analizlərin və monitorinqlərin nəticələrini ictimaiyyətə açıqlamır.

Bütün hallarda qurban insandır

SOCAR-ın Azərbaycanda satdığı yanacağın keyfiyyətindən və şirkətin öhdəliklərindən danışan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, neft şirkətinin hesabatları şəffaf deyil:

“Ekologiyaya ən çox ziyan vuran SOCAR-dır. Məsələn, 2015-ci ildə SOCAR 126 min manat cərimə olunub, BP 142 min manat. Bu yerdə mənim şübhəm yaranır – SOCAR havanı, suyu, torpağı tamamilə zəhərləyir. BP-nin vurduğu ziyan isə aşkarlanır, ona görə ki, onlar hesabatları açıq verirlər. SOCAR-ın hesabatlarına isə ciddi şübhəm var. Həm Səhiyyə Nazirliyi tərəfindən, həm Ekologiya Nazirliyinin monitorinq qrupu tərəfindən daha ciddi araşdırma aparılmalıdır. Çünki qurban bütün hallarda insandır”.

Araşdırma Şərqi Avropa Reportyorlar Şəbəkəsinin (Network for Reporting on Eastern Europe – N-ost) dəstəyi ilə dərc olunub.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.