Now Reading:
Şərifovun şirkəti 2 milyonluq körpünü tikmir: – qarlı–çovğunlu Gədəbəydən reportaj
Full Article 3 minutes read


Yasamalın dağlı aşırımlarını göz gözü görməyən duman içərisində çətinliklə qalxırıq. Yox, yox, söhbət Bakının Yasamalı deyil, Gədəbəyin Yasamal aşırımlarını nəzərdə tuturam…

Sürücülər qəza işıqlarını yandıraraq hərəkət edirlər, bəzi maşınlar yollarda sürüşür, qarşıdan gələn maşınları seçmək olmur və yalnız bu duman içərisində yerdəki ağ zolağı müşayiət etməklə Gədəbəy aşırımlarından rayon mərkəzinə doğru irəliləyə bildik.

Qar-duman və hörülmüş dükan

Amma rayonun mərkəzində bizi nə duman, nə qar qarşıladı. Bizi qarşılayan Gədəbəyin sosial problemləri, insanların üzləşdiyi haqsızlıqlar və icra hakimiyyətinin sahibkarlara elədiyi pisliklər oldu…

Məsələn, Gədəbəyin mərkəzi Heydər Əliyev prospektində bütün dükanların qapısı açıqdır. Amma tikinti materiallarının satışı ilə məşğul olan Fəxrəddin Bağırovun mağazası noyabrdan bağlanıb.

Rayon icra hakimiyyətinin göstərişi ilə dükanın darvazası qarşısında divar hörülüb ki, tarixdə misli görünməmiş özbaşınalıqdır.

Noyabrdan bəri 20-yə yaxın adam işsiz qalıb, inşaat materialları satmaq olmur, bəzi mallar çürüyüb xarab olur.

Çünki mağazaya heç bir yerdən giriş imkanı yoxdur – yalnız çəpərin üstünə çıxaraq hoppanmaqla F.Bağırovun obyektinə daxil ola bilərsiniz.

Səbəbinə gəlincə, rayon rəhbərliyinin qeyri-rəsmi tələblərinə boyun əyməyən iş adamı noyabrdan bəri iqtisadi sanksiya ilə qarşılaşıb. İş adamı hüquqi müstəvidə mübarizə aparmaqda qərarlıdır.

Elə kəndlər var ki…

Ancaq Gədəbəyin problemləri iş adamının hörülmüş obyekti ilə məhdudlaşmır. Məsələn, rayonun əksər kəndləri qaz üzünə həsrətdirlər.

Əhali odun sobası ilə evlərini qızdırır. Gədəbəyin iqlimini nəzərə alsaq, burada qış mövsümü daha uzun çəkir ki, odun almaq xərcləri böyük pul tələb edir.

Gədəbəy kəndlərinin yolları da keçilməzdir. Qış aylarında gediş-gəliş daha da çətinləşir.

Elə kəndlər var ki, qarlı-çovğunlu günlərdə camaat evindən bayıra çıxmır, rayon mərkəzi ilə əlaqə kəsilir, avtobuslar işləmir.

Əhalinin dolanışıq imkanları da çətinləşib. Yol boyunca hər yerdə bal, kartof və s. məhsulların satıldığını görürük. Ancaq satan çox, alan az…

► Rəzalət – çaylar necə çirklənir?

Nə qədər təəccüblü olsa da, Gədəbəydə məişət tullantılarını atmaq üçün nə zibil yeşikləri var, nə də zibil daşıyan maşınlar. Buna görə də Gədəbəyin kəndlərində insanlar illərdir tullantıları axar çaylara atırlar.

Kəndlərdə insanlar çaylardan suvarmada istifadə etməsə də, mal-qara suyu çaylardan içir eyni zamanda, insanlar çaylarda yun, xalça, paltar və s yumaq üçün istifadə edirlər.

Bu tullantılar tək suyu çirkləndirmir, çay axınının keçdiyi bütün ərazilərə yayılır. Nəticədə min kilometrlərlə ərazi çirklənmiş olur.

Tonlarla plastik qutular, şüşə qablar, köhnə paltar və ayaqqabılar meşənin çay sahillərinə yayılıb. Olduqca gözəl bir təbiətdə belə bir mənzərənin yaranması xoşagəlməz haldır.

2 milyonluq körpü yarımçıq

Gədəbəyin Çalburun kəndinə gedən yolda tikilən körpü isə yarımçıq saxlanıb. Bu körpünün inşasına ayrılan milyonların hara getdiyi məlumdur – məmurların cibinə…

Dövlət büdcəsindən 2 milyon manat ayrılıb. Bu da təzə salınmış yolun yarımçıq qalmış körpüsüdür. Prezdentin fərmanı ilə ayrılmış iki milyona çəkilən yol eni 6m olmalı idi, amma 2m oldu.

Camaat dinmədi . Bəs indi nə oldu, bir yol başa gəlmədi? Qeyd edək ki, sözügedən kənddə layihəni keçmiş “Azərkörpü” ASC həyata keçirir.

Yada salaq ki, Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC adı dəyişib.

Səhmdar cəmiyyətinin yeni adı “EVRASCON” ASC-dir. Bu şirkətin Baş nazirin müavini Abid Şərifova aid olması barədə mətbuatda xəbərlər var.

Bax, belə …Gədəbəyin problemləri hərtərəflidir. Biz isə dumanlı Yasamal aşırımlarını çətinliklə aşaraq şəhərə doğru yönəlirik…


Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.