Now Reading:
”Sərhədsiz Reportyorlar”dan Fikrət Hüseynli ilə bağlı müraciət
Full Article 2 minutes read

Təşkilat Ukraynanın baş prokuroruna müraciət edib



“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı Ukrayna baş prokuroru Lutsenkoya Niderland vətəndaşlığı olan jurnalist Fikrət Hüseynlini ölkədən dərhal buraxmaq çağırışı ilə müraciət göndərib.

Turan agentliyinin məlumatına görə, müraciətdə qeyd edilir ki, əslən azərbaycanlı olan Fikrət Hüseynli beş aydır ki, Bakıya təhvil verilməsini tələb edən Azərbaycan hakimiyyətinin sorğusu əsasında Kiyevdə saxlanılır.

Məhkəmənin qərarına görə, Hüseynli ölkədən buraxılmasına qarşı olan Ukrayna prokurorluğunun mövqeyi ilə əlaqədar Kiyevdə saxlanılır.

“Sizi onun pasportunu dərhal qaytarmağa və Hüseynlinin Ukraynadan çıxmasına icazə verməyə çağırırıq”, deyə müraciətdə bildirilir.

Onun rəsmi Bakıya təhvil verilməsi haqqında sorğu Azərbaycan hakimiyyətinin hakim rejimin tənqidçilərindən biri ilə hesablaşmaq cəhdidir. Hüseynli İlham Əliyevi tənqid edən “Azərbaycan saatı” internet kanalının əməkdaşıdır və Bakının bu jurnalisti susdurmaq cəhdinin səbəbi məhz budur, deyə müraciətdə qeyd edilir.

“Sizdən Hüseynlinin Azərbaycana təhvil verilməsi haqqında sorğunu dərhal rədd etməyi xahiş edirik. Niderland hakimiyyətinin onu öz müdafiəsinə götürdüyünü və ona ölkənin vətəndaşlığını verdiyini nəzərə alaraq, onun Azərbaycana göndərilməsi nəinki qanunsuz olacaq, həm də onu böyük təhlükəyə atacaq və bunun ən ağır nəticələri ola bilər”, deyə müraciətdə qeyd edilir.

Hollandiyada mühacir həyatı yaşayan F.Hüseynli 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın sorğusu əsasında İnterpol xəttilə saxlanılıb. Azərbaycanda o, dələduzluq və sərhəddi qanunsuz keçməkdə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə F.Hüseynlini azad edib. Eyni zamanda məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev prokurorluğu F.Hüseynlinin azad edilməsindən apelyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib.

Protest üzrə məhkəmə yanvarın 17-də başlayıb, ancaq 4 dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.
Ukraynın bir sıra ictimai təşkilatları, jurnalistləri Fikrət Hüseynlinin azad edilməsi ilə bağlı müraciətlər ediblər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: