“Rüşvətsiz bələdiyyə” tezisini irəli sürən bələdiyyə sədri məhkəməyə verildi


Keçən ilin sonlarında İmişli rayon bələdiyyəsində sədr dəyişikliyi baş verib. Əvvəlki sədr İftixar Əliyev fəaliyyəti dövründə yol verdiyi bir sıra nöqsanlara, ciddi qanun pozuntularına, eləcə də İmişlidəki Heydər Əliyev parkında uzun ömürlü şam ağaclarının kütləvi şəkildə qırılmasında iştirak etdiyinə görə ona etimadsızlıq göstərən bələdiyyə üzvləri Mehman İsmayılovu özlərinə sədr seçiblər. Yeni sədr fəaliyyətə başladığı ilk gündən “rüşvətsiz bələdiyyə” tezisini irəli sürərək rəhbərlik edəcəyi qurumda korrupsiyaya qarşı mübarizənin aparıcı xətt olacağını bildirib.

Mehman İsmayılov bələdiyyə sədri kimi fəaliyyətə başladığı ilk günlərdə bir sıra şirkətlərin illər uzunu rayon bələdiyyəsinə yığılıb qalmış topraq vergi borclarının qaytarılması üçün həmin qurumlara rəsmi müraciət göndərib. Məlum olur ki, rayonda aparıcı yer tutan bəzi məmur oliqarxlara məxsus şirkətlər İmişli rayon bələdiyyəsinə həcmi 100 min manatdan çox olan borcları var və bu borcları heç cür ödəmək istəmir, vergidən yayınırlar. Yeni bələdiyyə sədri bu barədə Prezident Administrasiyası və digər dövlət qurumlarına məktub yazaraq onlardan kömək istəyir. Məktubda göstərilənlərə aidiyyatı qurumlar əvəzinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Cənub regional idarəsinin rəisi Saleh Səmədov reaksiya verib. Məktubda məmur oliqarx Saleh Səmədova bu və ya digər formada aidiyyatı olan şirkətlərin (sokzavod, sprit zavodu, şadlıq evləri, istilikxanaların və s.) rayon bələdiyyəsinə 130 min vergi borcu olduğu, adı çəkilən şəxsin məqsədli şəkildə vergidən yayındığı qeyd olunur. Məktub müəmmalı və qanunazidd şəkildə adı çəkilən şəxsə ötürülür və o da bu barədə İmişli rayon məhkəməsində “şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuza xələl gəlməsi, məlumatın təkzib edilməsi, maddi və mənəvi zərərin alınması tələbinə dair” iddia qaldırır.

Maraqlıdır ki, rayonda məmur oliqarx kimi tanınan, geniş maliyyə və hakimiyyət nümayəndələri ilə əlaqələrə malik Saleh Səmədovun iddia ərizəsi onun yaxın dostu, İmişli rayon məhkəməsinin sədri Qurban Hacıyev tərəfindən dərhal icaata qəbul olunur. Halbu ki, qanunvericiliyin tələblərinə, eləcə də “Vətəndaşların müraciətləri haqqında” Qanuna görə iddia ərizəsi icraata qəbul oluna və təmin edilə bilməz. Çünki həmin Qanunun 12.5- ci maddəsinə görə müraciətlərdə yer alan məlumatların toplanması, saxlanması, yayılması və başqa məqsədlər üçün istifadə olunması qadağan edilir.

İmişli rayon Bələdiyyə sədri Mehman İsmayılovun Prezident Administrasiyası və digər dövlət qurumlarına yazdığı məktubda göstərdiyi məlumatlar iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq əldə edilib və bu məlumatlardan qanunsuz şəkildə istifadə edərək cavabdehin qulluq mövqeyindən irəli gələn vəzifələrin yerinə yetirməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbir kimi ondan məhkəməyə şikayət edilib.

Digər tərəfdən bələdiyyə sədrinin Prezident Administrasiyasına yazdığı məktub şikayət xarakterli olduğundan və məktubda şikayətin məzmununa görə korrupsiya hüquqpozmalarına yol verildiyi öz əksini tapdığından həmin iş öncə aidiyyatı üzrə hüquq-mühafizə orqanlarında araşdırılmaqla müvafiq qərar qəbul edilməli idi. Lakin iddiaçının məktubda göstərilən halların hüquq- mühafizə orqanları tərəfindən araşdırılmasını deyil, məhkəmədə baxılmasını istəməsi qanunvericiliyin tələblərinə zidd olmaqla onun bu “araşdırma”- dan çəkinməsini və cavabdehi dostu məhkəmə sədri vasitəsi ilə cəzalandırılmaq istəyindən irəli gəlir.

Sonuncu məhkəmə prosesində müdafiə tərəfi 3 vəsatətələ çıxış edib;
1. Hakim Qurban Hacıyevin Saleh Səmədovla yaxın dostluğunu və ailəvi yaxınlığını nəzərə alaraq iddia ərizəsinə qonşu rayonların birində baxılsın;
2. Bələdiyyə sədri Mehman İsmayılovun Prezident Administrasiyası və digər dövlət qurumlarına yazdığı məktubda göstərilən məlumatlar iddiaçı tərəfindən qanunsuz yolla əldə edildiyi və istifadə olunduğu üçün iddia təmin edilməsin.
3. İddiaçının təqdim etdiyi sübutları qanunsuz yolla əldə etdiyi ehtimal olunduğu səbəbindən iddiaçı şəxsin əməllərində cinayət tərkibinin olub-olmamasının araşdırılması barədə xüsusi qərardad çıxarılaraq hüquq-mühafizə orqanlarına göndərilsin.

Lakin hakim Qurban Hacıyev vəsatətələrə baxmaqdan imtina edib və münasibətini bildirməyib. Vəsatətələrə baxılması qeyri- müəyyən qalıb.
Maraqlıdır ki, Ədliyyə nazirliyinin müvafiq qurumu İmişli rayon bələdiyyəsinin yeni sədrin seçilməsi ilə bağlı iclasın protokolunu təsdiq edib. Amma İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev “rüşvətsiz bələdiyyə” tezisini irəli sürərək bu şüarı rayon bələdiyyəsinin qarşısına yazan və məmur oliqarxların vergi borclarının ödənilməsi tələbini qaldıran yeni bələdiyyə sədrindən qanuna zidd olaraq İmişli rayon bələdiyyəsinin möhürünü alıb. Hazırda bələdiyyənin möhürü İcra başçısının göstərişi ilə rayon icra hakimiyyətində saxlanılır (!?).

Yeri gəlmişkən qeyd edək ki, yeni bələdiyyə sədri Mehman İsmayılov haqqında müdafiə xarakterli çıxışlar etdiyinə və Saleh Səmədovun qanunsuz əməlləri haqqında Azərbaycan respublikasının 1- ci vitse- prezidenti Mehriban Əliyevaya müraciət etdiyinə görə müstəqil jurnalist Məhbub Zülfuqarlı adı çəkilən şəxs tərəfindən məhkəməyə verilib və onun haqqında Cinayət Məcəlləsinin 147.1- ci maddəsi ilə cinayət işi açılıb.

Növbəti məhkəmə 07 iyula təyin olunub.

P. S. Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacayıq.

Samir

Paylaş:

ABŞ sözçüsü Türkiyə ilə yaşanan viza krizindən danışdı – UĞUR ƏLDƏ ETMİŞİK

Sonrakı Yazı »

Qüdrət Həsənquliyev Hacıbala Abutalıbov haqqında: “Ola bilər ki, o, özünü kişi saymır”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: