Now Reading:
Qubad İbadoğlu: Yenidən devalvasiya riski ilə qarşılaşa bilərik
Full Article 3 minutes read

Samir Əliyev: ”Manatın qorunması üçün əsas zəmin var: neft 40 dollardan bahadır”



“Bir müddətdən sonra yenidən devalvasiya riski ilə qarşılaşa bilərik”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir.

Bildirir ki, Azərbaycanın idxalda əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyədə milli valyutanın ABŞ dollarına nəzərən məzənnəsi zəifləyib. Bu, manata psixoloji və iqtisadi təzyiqləri artırıb. Ancaq manatın məzənnəsi sabit qalıb. Bu, bir daha təsdiq edir ki, Mərkəzi Bank inzibati üsullarla tənzimlənmədən yenə də istifadə edir:


“Manatın real effektiv məzənnəsi artdığı halda, müşahidə olunan sabitlik nisbi xarakter daşıyır. Bu, davamlı ola bilməz. Odur ki, Mərkəzi Bank əsas ticarət tərəfdaşları olan ölkələrdə gedən proseslərə rəğmən, milli valyutanın köhnə qaydalarla və inzibatı üsullarla tənzimlənməsi vasitəsindən imtina etməli, xüsusilə də dünya bazarında xam neftin qiymətinin yüksək olduğu indiki şəraitdə manatın məzənnəsinin tarazlaşması üçün bazar qüvvələrinin iştirakına şərait yaratmalıdır. Əks təqdirdə bir müddətdən sonra neftin qiymətləri ucuzlarsa, yenidən devalvasiya riski ilə qarşılaşa bilərik”.

“Azərbaycan manatının ucuzlaşması üçün heç bir fundamental səbəb görmürük”, – bu sözləri isə aprelin 9-da Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov söyləyib.

Onun sözlərinə görə, artıq bir ildir manatın ABŞ dollarına nisbətdə məzənnəsi sabit qalır.

“Manatın məzənnəsinin dəyişməsi ilə bağlı gözləntilər həm əhali, həm də real sektorun iştirakçıları arasında azalıb”, – o bildirib.

Son günlər qonşu Rusiya və Türkiyədə dollar bahalaşıb. Ekspertlər bunun Azərbaycana da təsir edəcəyini düşünür.

İqtisadçı Samir Əliyev isə deyir ki, Rusiya birjalarında müşahidə edilənlər ABŞ sanksiyalarının növbəti neqativ təsirləridir. Fond birjalarının qırmızıya “boyanması” ilə yanaşı rubl da digər valyutalara münasibətdə mövqeyini itirməkdə davam edir:

“Artıq bəzi banklar dolları 65 rubldan da baha satmağa başlayıb. Nisbətən oxşar taleni türk lirəsi də yaşayır. Məlumdur ki, hər iki ölkə qonşu olmaqla yanaşı Azərbaycanın əsas ticarət tərəfdaşları sayılır. Xüsusən də Rusiya qeyri-neft ixracımızda, daha dəqiq desək, xammala əsaslanan ixracımızda əsas rolu tutur. Hər iki ölkədə milli valyutaların ucuzlaşması haqlı olaraq cəmiyyətdə manatın da ucuzlaşması ilə bağlı narahatlıqları artırıb. Hətta rəsmilərin sakitləşdirici çıxışları da fayda vermir. Çünki beyinlərdə acı 2015-ci il təcrübəsi var”.


İqtisadçı bildirir ki, belə bir durumda hamını bir sual düşündürür: manatı nə gözləyir?

“Əlbəttə məhdud informasiyalar fonunda, ölkədə bazar münasibətlərin işləmədiyi və qərarların sırf siyasi konteksdə verildiyi bir vaxtda bu suala dəqiq cavab tapmaq asan məsələ deyil. Ancaq hökumətin davranışları əsasında müəyyən təxminlər etmək olar. Təxmin ondan ibarətdir ki, hökumət 2015-ci il ssenarisini təkarlamaq niyyətində deyil”.

Samir Əliyev deyir ki, devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb. Elə buna görə də Mərkəzi Bank üzən məzənnə siyasətinə keçidi elan etməsinə rəğmən manatı əvvəlki qaydada tənzimləyir:

“Manatın qorunması üçün əsas zəmin var: neft 40 dollardan bahadır. Tədiyyə balansının vəziyyəti manatın xeyrinədir. Nə qədər ki, neft indiki səviyyədədir, manatı təhlükə gözləmir. İndiki şəraitdə manata neftdən savayı ölkədəki siyasi vəziyyətin gərginləşməsi neqativ təsir göstərə bilər. Qısası, hazırda manatı “buxovu” Mərkəzi Bankın timsalında hökumətin əlindədir.

Ola bilsin qeyri-neft ixracını stimullaşdırmaq üçün ucuzlaşdıra da bilər, daxildə sabitliyi qorumaq üçün indiki səviyyədə saxlaya da bilər. Hər bir halda yuxarıda göstərdiyim 2 amildən biri baş verməzsə, manatı yaxın dövrə ciddi təhlükə gözləmir. Rusiyada baş verənlər isə bir müddət sonra sabitləşəcək. Ancaq qarşıda şimal qonşumuzu çətinliklər gözləyir”.

2015-ci ildə baş verən iki devalvasiya manatı xeyli dəyərdən salıb. Bir dollar birinci devalvasiyada, 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib.

Bəzi ekspertlər isə düşünür ki, hazırda manatın möhkəmlənməsinin heç bir iqtisadi əsası yoxdur. Sadəcə reallıqda məzənnə inzibati qaydada müəyyən edilir. Onlar hesab edirlər ki, hərraclar formal keçirilir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.