Now Reading:
QTA də korrupsiyalaşmış sistemin mənafeyinə xidmət edəcək
Full Article 4 minutes read


Məlum olduğu kimi, bu ildən ölkədə Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayacaq. Qurumun fəaliyyətinə qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləmədən tutmuş, xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsinə qədər bütün məsələlər daxildir. Qısaca desək, bu qurum ölkədə istehsal edilən qidaya “tarladan süfrəyədək” prinsipi əsasında dövlət nəzarətini həyata keçirməlidir. Amma baxaq, ölkədə bu qurumun fəaliyyətə başlaması və səmərəli nəticələrə nail olması nə dərəcədə realdır? Ümumiyyətlə, Azərbaycan gerçəkliyində qida təhlükəsizliyi ilə bağlı vəziyyət necədir? İnsanlarımızın istehlak etdiyi qidaları nə qədər sağlam və təhlükəsiz hesab etmək olar?

Kimsəyə sirr deyil ki, bu gün ölkəyə insan həyatı üçün zərərli olan tonlarla ərzaq məhsulları gətirilir. Satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət olduqca zəifdir. Paytaxtın ən böyük marketlərində belə vaxtı keçmiş məhsullar satılır və market sahiblərinə “gözün üstə qaşın var” deyən də tapılmır. İllərdir Azərbaycan beynəlxalq qurumların vaxtaşırı açıqladığı qida təhlükəsizliyi üzrə yüksək göstəricilərə malik ölkələr siyahısında nəinki yer ala bilmir, heç o göstəricilərə yaxın da gəlmir. İki il öncə “The Daily Mail” jurnalında yayımlanan dünyanın müxtəlif ölkələrində qida keyfiyyətini araşdıran bir tədqiqatda ən pis göstəricilər Azərbaycanda qeydə alınmışdı. 197 ölkə, 4,5 milyard insanın sorğusu əsasında aparılan bu araşdırmada Azərbaycan qeyri-sağlam və emal edilmiş ərzaqların istifadəsində birinci yeri tutmuşdu.

Məlum olduğu kimi, dünya üzrə bu göstəricilərə ən ciddi əməl edən ölkə Amerikadır. Hazırda ABŞ bazarında da satışa çıxarılan orqanik məhsulların ticarət həcmi 40 milyard dollara çatır. Avropa Birliyində belə məhsulların satış dəyəri isə 22,2 milyard avrodur.
Adambaşına ən çox orqanik qida istehlak edən ölkə İsveçrə sayılır. Orda orqanik qidaya adambaşına xərclənən məbləğ təxminən 262 avro hesablanır. Şübhəsiz, biz yaşadığımız reallıqları nəzərə alıb, Amerika və Avropanın hər hansı ölkəsi ilə bəhsə girmək iddiasından uzağıq. Amma keçmiş sovet məkanına daxil olan ölkələr arasında bu mexanizmi uğurla tətbiq edə bilənlər var və istək olsa, biz də edə bilərik. Hələliksə, iddiamız ancaq istehlak etdiyimiz qidaların təhlükəsizliyinə ciddi nəzarət edən bir qurumun fəaliyyətə başladığına əmin olmaqdır. Suallarımıza aydınlıq gətirmək üçün kənd təsərrüfatı üzrə tanınmış mütəxəssis Vahid Məhərrəmliyə müraciət etdik və onun məsələyə münasibəti belə oldu:

– Hazırda Azərbaycanda qida məhsullarına nəzarət sistemi yoxdur. Fermerlərin, kəndlilərin əkin üçün istifadə etdikləri torpağın, suvarma suyunun tərkibində insan orqanizmi üçün təhlükəli kimyəvi zəhərli maddələrin, ağır metalların olub-olmadığı, istehsal prosesi zamanı istifadə olunan kimyəvi maddələrin, pestisidlərin normaya uyğun qaydada verilməsi yoxlanılmalıdır. Bu işlər həyata keçirilmir. Satışa çıxarılan kənd təsərrüfatı məhsulları da ciddi yoxlanılmır. Eləcə də ölkəyə gətirilən qida məhsullarının keyfiyyəti ciddi nəzarətdən keçirilmir. Bu işlər təşkil olunmayıb. Ölkəyə ərzaq buğdası adı ilə yemlik buğda gətirilir. Həmin buğdadan un əldə olunur və çörək bişirilir. Həmçinin texniki, yemlik sort kartof idxal edilərək ərzaq məhsulu kimi istehlakçılara satılır. Ölkəyə gətirilən kərə yağı, pendir və digər süd məhsulları əsasən surraqat olduğu halda, natural məhsul kimi istehlakçılara yüksək qiymətə təklif olunur. Bu sahədə də nəzarət yoxdur. Baltikyanı ölkələr bu sahədə xeyli irəli gedə biliblər. Onlar Avropa qida təhlükəsizliyi standartlarını qəbul edərək, qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemini qura biliblər. Baltikyanı ölkələr tarladan süfrəyə qədər qida məhsullarının keyfiyyətinə nəzarəti idarə edə biliblər.

– Ölkə əhalisi belə bir şəraitdə işə başlayan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti ilə ərzaq təhlükəsizliyi məsələsinin yaxşılaşacağına bel bağlaya bilərmi?

-Azərbaycanda qida təhlükəsizliyinin təminatı üçün ilk növbədə müstəqil laboratoriya və müstəqil məhkəmə sistemi olmalıdır. Müstəqil laboratoriyanın mövcudluğu istehlakçılara əldə etdiyi malın, məhsulun keyfiyyəti ilə bağlı dəqiq məlumat əldə etmək imkanı verər. Belə olan halda keyfiyyət standartlarına uyğun olmayan mal əldə etmiş istehlakçılar müəyyən iddia ilə məhkəməyə müraciət edib, haqqını tələb edə bilər. Yəni bu mexanizm işləsə, onda nəyəsə nail olmaq olar. Azərbaycanda artıq qida sənayesi, ərzaq idxalı və yeyinti istehsalı oliqarx məmurların əlində cəmləşib. Həmin oliqarxlar hakimiyyətin ən yuxarı eşalonunda təmsil olunublar. Digər tərəfdən ölkədə korrupsiya, rüşvətxorluq tüğyan edir. Belə olan halda hansısa institutun normal işləməsi qeyri-mümkündür. Hakimiyyətin yeni yaratdığı Qida Təhlükəsizliyi Agentliyi də digər institutlar kimi korrupsiyalaşmış sistemin mənafeyinə xidmət edəcək.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.