Now Reading:
Prezidentin portretləri müəllimləri xərcə salır
Full Article 3 minutes read


Türkmənistanda son günlər hər il olduğu kimi, bütün dövlət müəssisələrində ölkə prezidentinin portretləri dəyişdirilir. Həmişəki kimi, bu tədbir yeni şüarla keçirilir. Arxadağın (prezidentə belə deyirlər) simasının yüz minlərlə, bəlkə də milyonlarla yeni çap edilmiş nüsxəsi respublikanın hər yerində satılır.

Builki şüar prezident Gurbanguly Berdymukhammedov-un özünün ən son kitablarından birinin adıdır: «Türkmənistan – Böyük ipək yolunun ürəyi».

Hər müəllimdən 7 dollar
Şüarın və prezidentin portretlərinin hər il dəyişdirilməsi Türkmənistan xalqının həyatının ildən-ilə dəyişməsi və daha da yaxşılaşması ilə izah olunur. Axı, Arxadağın müdrik rəhbərliyi ilə islahatlar gerçəkləşdirilir.

Ancaq AzadlıqRadiosunun türkmən xidmətinə anonimlik şərti ilə danışan ölkə vətəndaşları bu təbliğat aksiyasının müəllimlər, həkimlər və digər büdcə işçiləri üçün əlavə xərclər yaratdığını deyirlər. Ölkədə iqtisadi durumun gündən-günə pisləşdiyi indiki dövrdə bu, daha çox hiss olunur.

«Bütün dövlət müəssisələrində, o cümlədən məktəblərdə portretlər dəyişdirilib. Aşqabadda orta məktəb müəllimlərindən 25 manat (7 dollar) pul yığdılar. Bundan sonra reklam və çap şirkətlərinin əməkdaşları gəlib, köhnə portretləri aparıb yenilərini gətirirdilər. Regionlarda məktəblər təkcə portretləri aldılar. Xərc az çıxsın deyə, çərçivələri dəyişmədilər. Ancaq yenə də, hər şeyin pulunu müəllimlərin özləri ödədilər. Köhnə portretləri məktəblərdən elə yenilərini gətirən şirkətlər götürüb aparır. Onlar bu portretləri nə edirlər, dəqiq məlum deyil, ancaq onları daha heç kim görmür. Hər yerdə təhsil şöbələrinin əməkdaşları bu portretləri çap edən müəyyən şirkətlərlə işləyir. Bu şirkətləri isə yuxarıdan tapırlar. Hər sahəyə portretləri dəyişmək göstərişi verilir. Sonra isə onlar yaranan şəraitə görə hərəkət edirlər», – paytaxt məktəblərindən birinin direktoru danışır.

«Böyük gəlir mövsümü»
Məktəb direktorunun sözlərinə görə, dövlət başçısının portretlərinin yenilənməsinə çəkilən xərclərin əsas hissəsi müəllimlərin, tibb işçilərinin və digər dövlət müəssisələrinin adi işçilərinin hesabına ödənsə də, hər il keçirilən bu kampaniya artıq çoxdan çap işi ilə məşğul olan şirkətlər, onların birbaşa sifarişçiləri üçün yaxşı gəlir mənbəyinə çevrilib.

«Onların sayı çoxdur. Müəyyən nazirliklərlə işləyən iri şirkətlər də var, icra hakimiyyətləri ilə işləyənlər də. Müxtəlif tədbirlərdə dekorasiya işlərini də elə həmin şirkətlər görür. Regionlarda belə şirkətlərin sayı çox deyil. Həm də regionlara kiminlə işləyəcəklərini yuxarıdan göstərirlər. Bəzi şirkətlər sifarişçilərdən ödəməni köçürmə yolu ilə alsalar da, nağd ödəməyə üstünlük verirlər. Tirajların dəqiq sayını göstərmək çətin olsa da, söhbət dövlət müəssisələrindəki bütün iş otaqlarının və məkanların təzə portretlərlə təchiz edilməsindən gedir. Bura məktəblər, xəstəxanalar, sanatoriyalar, nazirliklər, icra hakimiyyətləri, yerli özünüidarə orqanları, hüquq-mühafizə orqanları, zallar, məktəblərdəki siniflər və s. də daxildir. Yəni, insanların çalışdığı və daxil olduğu bütün məkanlar. İlin bu vaxtını çap biznesi və onların dövlət idarələrindəki birbaşa sifarişçiləri üçün böyük gəlir mövsümü adlandırmaq olar», – Aşqabadda məktəb direktoru deyir.

Bu il ölkə rəhbərinin yeni portretlərinin icbari satışı, iqtisadçı ekspertlərin fikrincə, Türkmənistanın müstəqillik dövründə yaşadığı ən ağır iqtisadi böhranla üst-üstə düşüb. Böhran qiymətlərin qalxması, zəruri ərzaq məhsullarının qıtlığı, sosial güzəştlərin ləğvi ilə müşayiət olunur. Prezidentin yeni portretini almağın böhranın ciddi təsir etdiyi adi müəllim və ya tibb işçisinə sevinc bəxş edəcəyini demək çox çətindir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.