Now Reading:
Prezidentin İrəvan hədəfinin arxasındakı mesajlar…
Full Article 4 minutes read


Prezident İlham Əliyevin fevralın 8-də rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışı zamanı tarixi torpaqlarımızla bağlı səsləndirdiyi fikirlər Ermənistanda xof yaradıb. Erməni analitiklərin mövqelərində bunu açıq şəkildə sezmək olur. Ermənistanın 1in.am saytında saytın analitiki Sərkis Artsrunin açıqlamaları gedib. O bildirib:

“Əgər belə davam etsə, Əliyev təkcə İrəvanı geri qaytarmayacaq, o həm də hamımızın evinə girəcək. İlham Əliyevin çıxışındakı aqressiv ton bizim hakimiyyətin nümayəndələrinin qulaqları üçün nə qədər xoş olmasa da, praqmatik siyasi əsasa sahibdir. Bu, boşalan Ermənistanın, dövlətin gələcək perspektivinin, intitusional çöküşünün təzahürüdür”.

Ekspertlər ölkə başçısının hədəfi daha da böyütməklə, düşmən ölkəyə və bütün dünyaya ciddi mesajlar verdiyini bildirirlər.

Politoloq, deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında qurultayda ölkə başçısının Dağlıq Qarabağ və digər məsələləri xüsusi diqqətdə saxladığını söylədi: “Cənab prezident beynəlxalq ictimaiyyətin hələ çox da yaxşı bilmədiyi bir həqiqəti dünyaya bəyan etdi ki, nəinki Dağlıq Qarabağ və ətrafdakı 7 rayon, eyni zamanda bu günləri Ermənistanın paytaxtı olan İrəvan, o zamankı sovet rejiminin siyasəti nəticəsində onun ərazisinə zorla qatılmış Zəngəzur, Göyçə mahalları da Azərbaycan torpaqlarıdır, biz bu tarixi həqiqətləri unutmamalıyıq və unutmuruq. Ölkə başçısı onu da vurğuladı ki, bu tarixi torpaqlara qayıdış məsələsi bizim siyasi və strateji vəzifələrimiz sırasındadır. Bu istiqamətdə artıq bəzi addımlar atırıq. Siyasi və strateji xəttimizdir fikirlərinin çox böyük önəmi var. Bu məsələyə bir strateji məsələ kimi baxırıq. Bu günləri Ermənistan hakimiyyəti daha ciddi şəkildə tənqid olunmağa başlayıb ki, Azərbaycan prezidenti nədən bu qədər sərt və açıq şəkildə İrəvan, Zəngəzur və Göyçə mahalının adını çəkdi, bu torpaqlara qayıdış məsələsini gündəmə gətirdi. Belə suallar verib cavabını axtarırlar. İlk cavab onunla bağlıdır ki, bəli, bu onun göstəricisidir ki, Azərbaycan dövləti son dərəcə güclənib, eyni zamanda bu onun göstəricisidir ki, Ermənistan dövləti son dərəcə zəifləyib, bu bir də onun göstəricisidir ki, Azərbaycan prezidenti son dərəcə güclü prezidentdir, eyni zamanda Ermənistan prezidenti onunla müqayisə olunmayacaq səviyyədə zəif prezidentdir. Özləri də yazırlar ki, dünyadakı ən pis hakimiyyət nə totalitar, nə də ki avtoritar hakimiyyətdir, ən pis hakimiyyətin zəif hakimiyyət olduğunu bildirirlər. Sərkisyan hakimiyyətini məhz zəif bir hakimiyyət kimi qeyd edirlər. Azərbaycan prezidentinin bu qətiyyətli mövqeyini istəsələr də, istəməsələr də, etiraf etmək məcburiyyətində qalıblar”.

Deputat yaranan bəzi suallara da aydınlıq gətirdi: “Doğrudur, bəzən belə suallar yaranır ki, İrəvan, Zəngəzur və Göyçənin, eyni zamanda digər tarixi torpaqlarımızla bağlı məsələnin gündəmə gətirilməsi Dağlıq Qarabağla bağlı məsələlərin kölgədə qalmasına gətirib çıxarmazmı? Qətiyyən bu belə deyil. Əslində dünya tam həqiqətləri bilməlidir. Cənab prezident bu fikirləri söyləyərkən konkret faktlara, arqumentlərə, arxiv sənədlərinə söykənir. Hər kəsə aydındır ki, ortada kifayət edəcək faktlar, arxiv sənədləri, imzalar var. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu, bir gün sonra Xalq Cümhuriyyətinin Milli Şurası İrəvanın Ermənistana verilməsi ilə bağlı qərar qəbul etdi. Həmin qərar qəbul edilərkən, Ermənistan tərəfi öhdəliklər götürdü. Ən böyük öhdəliklərindən biri odur ki, heç bir halda Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyəcəklər. O qərarın özü də hüquqi nöqteyi-nəzərdən düzgün qəbul edilməmişdi. Çünki 3/2 səs çoxluğu ilə qəbul edilməmişdi. Ermənistan yenə də Azərbaycana qarşı ərazi iddiaları sürüb, torpaqlarımızın 20%-ni işğal edib, deməli, 1918-ci il 29 may tarixli qərar öz qüvvəsini itirmiş olur. Həm də dediyim kimi, 3/2-i səs çoxluğu olmadığı üçün hüquqi qüvvəsi yoxdur. Belə olan təqdirdə hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox həqiqətlər dünya ictimaiyyətinə çatmış olur. Bu istiqamətdə hər bir Azərbaycan vətəndaşı fəaliyyət göstərməlidir. Cənab prezidentin bu mövqeyi qətiyyətli şəkildə müdafiə olunmalıdır. Bu gün Ermənistan ona görə panika içərisindədir ki, biz artıq həqiqətləri ortaya qoyub, faktlarla, sənədlərlə Ermənistanı ifşa edirik. Qoy dünyanın ən tanınmış alimlərindən ibarət komissiya yaradılsın, gəlib arxiv sənədlərinə baxsınlar, o zaman görsünlər ki, bu İrəvan şəhəri necə olub ki, Ermənistanın paytaxtıdır?

Necə olub ki, 9 min kilometrlik ərazi bizdən alınıb, eyni zamanda onun hüquqi və qeyri-hüquqi tərəfi necədir? Bu məsələlərə real aydınlıq gətirilməlidir. Cənab prezidentin bu mövqeyi həm də ATƏT-in Minsk Qrupunu silkələməlidir ki, bu münaqişəni tezliklə həll etmək lazımdır. Çünki dərinə gedəndə, məsələlər qəlizləşəndə çox həqiqətlər üzə çıxacaq. Elə bir vəziyyət gələ bilər ki, tək Dağlıq Qarabağ deyil, eyni zamanda tarixi torpaqlarımız məsələsini ortaya qoyub, konkret addımlar ata bilərik. Cənab prezident artıq bu mesajı verdi. Bundan nəticə çıxarmaq lazımdır. Əks halda, hadisələr qarşı tərəfin istəmədiyi ssenari üzrə hərəkət edəcək, Ermənistanın havadarları 100% məğlub vəziyyətində qalacaq”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.