Now Reading:
Prezident TAPŞIRIQ VERDİ: “Məscidin sökülməsi DAYANDIRILSIN!”
Full Article 3 minutes read

Prezident TAPŞIRIQ VERDİ: “Məscidin sökülməsi DAYANDIRILSIN!”



Azərbaycan Prezidenti İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

BiG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub. Dövlət başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Əli Həsənov qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib.

Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan ümummilli lider Heydər Əliyev müstəqilliyin ilk illərində məhdud imkanlara baxmayaraq, Sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncama əsasən dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə dindarların istifadəsinə verilib.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası işləri sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirilmişdir. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilmiş, habelə Heydər Məscidi kimi Cənubi Qafqazın ən böyük və müasir məscidi tikilmişdir. Bundan başqa, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında çoxsaylı məscid və ibadət evlərini bərpa edib.

Ümumilikdə, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatıb. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.

İslam dini-mənəvi dəyərlərinə sıx bağlı olan Azərbaycanda dini bayramlar mütəmadi qaydada dövlət səviyyəsində qeyd olunur, dini ayinlərin icrasına hərtərəfli şərait yaradılır. Təsadüfi deyil ki, dini tolerantlığın məkanı kimi tanınan ölkəmizdə tarixdə ilk dəfə olaraq Heydər Məscidində vəhdət namazı qılınmışdır. Azərbaycanda heç vaxt dini və milli ayrı-seçkilik olmamış, bütün dinlərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, bu bizim həyat tərzimizdir, irəliyə doğru inamla getməyin ən optimal yoludur.

Azərbaycan həm də dünyada İslam mədəniyyətinin təbliği sahəsində önəmli tədbirlər həyata keçirir, islamofobiya meyllərinə qarşı açıq mübarizə aparır. Prezident İlham Əliyev xarici səfərləri çərçivəsində, beynəlxalq tədbirlərdə İslam dünyasını ləyaqətlə təmsil edir, öz çıxışlarında islamofobiyanı kəskin pisləyir, İslam mədəni irsinin və multikulturalizm ideyasının təşviqinə əməli töhfə verir. Fransanın məşhur Luvr muzeyində İslam bölməsinin yaradılması, Vatikanda İslam mədəniyyətini təbliğ edən sərginin təşkili Azərbaycanın bu istiqamətdə atdığı çox önəmli addımlardır. Təsadüfi deyil ki, Bakı şəhəri 2009-cu ildə İSESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan olunmuş, həmçinin qədim şəhərimiz Naxçıvan 2018-ci ildə ikinci dəfə Azərbaycanı bu statusda təmsil edəcəkdir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: