Now Reading:
Neft Fondundan büdcəyə 11 milyard manat trasfert edilir
Full Article 6 minutes read

”2018-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

“Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılmasını təklif edirəm. Bu il bir dəfə bu istiqamətdə artım baş verib. Ancaq yaxşı olardı ki, ən azı Cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir dəfə də artım olsun. Çünki büdcədən maliyyələşən təşkilatlarda işləyən insanlarımızın əmək haqları çox azdır”.

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2018-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Əli Məsimli deyib.

Tikintiyə ayrılan vəsaitin büdcənin az qala 22 faizini təşkil etməsi düzgün deyil

Deputat yeni büdcədə tikinti məsələləri ilə bağlı vəsaitin həcminin çoxluğuna da etiraz edib. O bildirib ki, bu məbləğin büdcənin az qala 22 faiz təşkil etməsi düzgün deyil:

“Bu, hardasa 5 milyard manat təşkil edir ki, onun da xərclənməsinə nəzarət çətinləşir. Çünki bu nəticə etibarı ilə korrupsiyanın baş verməsinə şərait yaradır”.

Samir Şərifov: “ARDNF-dən transfert 10 mlrd. 966 mln. manat nəzərdə tutulur”

İclasda iştirak edən maliyyə naziri Samir Şərifov bildirib ki, yeni büdcədə gəlirlər 22 mlrd. 110 mln. manat, xərclər isə 23 mlrd. 61 mln. manat nəzərdə tutulub.
Dəyişikliyə əsasən, 2018-ci ilin dövlət büdcəsində gəlirləri gözlənilən ümumi daxili məhsulun 29,6%-ni təşkil etməklə 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 983 mln. manat və ya 9,9%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 593,3 mln. manat və ya 33,9% çoxdur.

Yenidən baxılma ilə xərclərin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur.

Artımlardan sonra dövlət büdcəsinin xərcləri cari ilin sonuna gözlənilən ÜDM-in 30,9 faizinə bərabər olacaq ki, bu da təsdiq edilmiş göstəricidən 0,6 faiz-bənd, 2017-ci ilin faktiki icra göstəricisindən 5,8 faiz-bənd çoxdur.

Yeni dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transferlərin həcmi artırılır. ARDNF-dən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer 10 mlrd. 966 mln. manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 750 mln. manat və 19% çoxdur.

Bundan başqa, 2018-ci ilin yeni dövlət büdcəsində neftin baza qiyməti də artırılır. Dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.

Nazir bildirib ki, dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib.

Nazir bildirib ki, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin mənfəətindən 500 mln. manat vəsaitin daxil olması proqnozlaşdırılır.

“İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4% və ya 1 mlrd. 600,2 mln. manat artırılaraq 26 mlrd. 537 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 mlrd. 549,8 mln. manat profisitlə proqnozlaşdırılır”.

“Xarici borcun artmasının 3 səbəbi var”

Nazirin sözlərinə görə, Azərbaycanın xarici dövlət borcu devalvasiyadan sonra manatla ifadədə 2 dəfə artıb:

“Naşı adamlar Azərbaycanın xarici dövlət borcunun məbləği ilə bağlı manipulyasiya edirlər”.

S.Şərifov vurğulayıb ki, Azərbaycanın xarici borcunun artmasının üç əsas səbəbi var:

“Bunlar devalvasiya ilə bağlı xarici borcun ÜDM-ə nisbətin artması, maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün görülən tədbirlər və “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı verilən dövlət zəmanətidir”.

Nazir bildirib ki, son iki-üç il Azərbaycan üçün çox ağır və sınaq illəri olub:

“Həmin illər ərzində biz müəyyən xərclərə getməli idik. Maliyyə-bank sektorunda yaranmış problemlərin həlli üçün böyük məbləğdə vəsait xərclənib. Bizim borcumuz xarici valyutada götürülür. ÜDM isə 3 il bundan əvvəl manatla ifadə olunurdu, məzənnə də bəlli idi. Devalvasiyadan sonra bizim ÜDM dollarla ifadədə azalıb. Xarici borcumuz ÜDM-ə nisbəti iki dəfə artıb”.

Xarici borcun armasının səbəblərindən biri də maliyyə-bank sektorunun sağlamlaşdırılması, xüsusilə də “Azərbaycan Beynəlxalq Bankı” ASC-də olan maliyyə cinayətlərinin nəticəsində dövlətə gələn böyük zərbə ilə bağlıdır:

“Bugünə qədər bankın kreditorlar qarşısında borcunu 20 faizə qədər azaltmışıq. Bu da uzun müddətli danışıqlar nəticəsində əldə edilib. Bir qrup kreditor var ki, bu məsələnin tənzimləməsi şərtləri ilə razı deyil. Lakin biz professional şirkətlərlə işləyirik. Həmin maliyyə sağlamlaşdırılması ilə bağlı 2,3 milyard dolları dövlət öz üzərinə götürüb. Təkcə bu tədbir hesabına bizim borcumuz 31 faiz artıb”.

Samir Şərifov xarici dövlət borcunu artıran üçüncü səbəbin Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı olduğunu bildirib.

“Azərbaycan hökumətində artıq arxayınçılıq yaranıb”

Deputat Vahid Əhmədov bildirib ki, son 4 ayın iqtisadi göstəricilərinə baxarkən, inkişafın baş verdiyi görünür:

“Müsbət saldo yaranıb, Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 1,2 faiz artıb və bunlar yaxşı nəticələrdir. Gəlirlərin kəskin azalması, neftin qiymətinin yüksək olması belə bir fikir oyadır ki, Azərbaycan hökumətində artıq arxayınçılıq yaranıb. Qeyri-neft sektorunun inkişafına, islahatların aparılmasına yer verilmir. Hesab edirəm ki, bu məsələ diqqət mərkəzində saxlanılmalıdır”.

Deputat bildirib ki, büdcə dəyişikliklərində Dövlət Neft Şirkətinə 1 milyard manatdan artıq vəsaitin ayrılmasına etiraz edib:

“Axı biz özümüz neft-qaz istehsal və ixrac edən ölkəyik. Amma kompensayaya üçün 1 milyard manat vəsitin ayrılması nəzərdə tutulur. Bunu heç cür anlamaq olmur”.

V.Əhmədov yerlərdə, bölgələrdə problemlərin yaşandığını və bu problemlərin həlli üçün maliyyə vəsaitinin ayrılmasının daha zəruri olduğunu bildirib:

“Biz milyardlarla pulları xərcləyirik. Amma insanlarla işləyənlər bizik. Çünki yerlərdə biz oluruq. İnsanlar bizim üstümüzə gəlir. Yerlərdə elə problemlər var ki, həmin insanlarımızı, həm də onların təmsilçiləri olaraq bizi narahat edir. Ona görə də bu problemlərin həlii üçün maliyyə ayrılması daha düzgün olardı”.

Vahid Əhmədov verilən təkliflərə baxılmasının zəruriliyini qeyd edib:

“Əgər bu təkliflərə baxılmayacaqsa, bu qanun layihəsini plenar iclasa çıxarmağın mənası yoxdur. Mən fikrimdə qalıram. İndi deyin görək, çatdıra biləcəksinizsə, səs verək. Yox, əgər çatdıra bilməyəcəksinizsə, səs verməyək”.

Qanun layihəsi Milli Məclisin iyunun 29-da keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq. Layihəyə əsasən, neftin baza qiyməti, ARDNF-dən transfertlər, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinidən daxilolmalar üzrə proqnoz, SOCAR-ın nizamnamə kapitalı və “Azerenerji”yə ayrılmalar artırılır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.