24 saat

Natiq Cəfərli: “Hətta ermənilər də azərbaycanlıdır”


“Azərbaycan Respublikası ərazisində yaşayan bütün etnik kimliklər, türklər, talışlar, ləzgilər, avarlar, ruslar və digər etnik qruplar, hətta ermənilər də – azərbaycanlıdırlar. Dağlıq Qarabağda yaşayan ermənilər bizim bayrağımızı, vətəndaşlığımızı, pasportumuzu qəbul edən kimi avtomatik olaraq azərbaycanlı olacaqlar. Biz çalışmalıyıq ki, Qarabağda uzun illərdir daşnaq terroru altında yaşayan erməni etnik qrupuna malik vətəndaşlarımızı qazanaq, onları sözün yaxşı mənasında azərbaycanlaşdıraq”.

Bu sözləri REAL İH üzvü Natiq Cəfərli öz “facebook” statusunda qeyd edib. Cəfərli son günlər davam edən “erməni məsələsi”nə geniş münasibət bildirib. Onun yazdıqlarını tam formada təqdim edirik:

“REAL siyasətə atıldığı gündən özünəməxsus dili, üslubu və problemlərə baxışı ilə həmişə fərqlənib, bu da məncə, bizim ən böyük qazancımızdır. Siyasətin dilinə təsir edə bildik, müəyyən ifadələri, anlamları siyasətə qazandırdıq, bunlardan biri haqqında daha geniş yazacağam.

Vətəndaş millətçiliyi

Ölkədə hələ də alt və üst kimliklərin tam yerinə oturmadığını görürük. Titul millət türk olsa da, özünə “türk” deyə bilmir, amma ölkə ərazisində yaşayan bütün etnik kimliklər haqlı olaraq öz etnik mənsubiyyətini deməkdən, vurğulamaqdan çəkinmirlər. Etnik mənsubiyyət alt kimlikdir, özəl məsələdir, üst kimlik – vətəndaşlıqdır. “Azərbaycanlı” – üst kimlikdir, vətəndaşlıq tanımıdır, bizi birləşdirən əsas dəyərlərdən biridir.

Azərbaycan Respublikası ərazisində yaşayan bütün etnik kimliklər, türklər, talışlar, ləzgilər, avarlar, ruslar və digər etnik qruplar, hətta ermənilər də – azərbaycanlıdırlar. Dağlıq Qarabağda yaşayan ermənilər bizim bayrağımızı, vətəndaşlığımızı, pasportumuzu qəbul edən kimi avtomatik olaraq azərbaycanlı olacaqlar. Biz çalışmalıyıq ki, Qarabağda uzun illərdir daşnaq terroru altında yaşayan erməni etnik qrupuna malik vətəndaşlarımızı qazanaq, onları sözün yaxşı mənasında azərbaycanlaşdıraq.

Hər şeyin – təhsilin, səhiyyənin, sosial müdafiənin, hüququn, azadlıqların ən yaxşısı bizim vətəndaşların – alt kimliyindən asılı olmayaraq azərbaycanlıların olmalıdır. Biz buna çalışırıq, vətəndaş millətçiliyinin anlamı da məhz budur – üst kimliyin yaxşı, bərabər hüquqlu yaşadığı məmləkət qurmaq.

Qarabağda yaşayan erməni əsilli azərbaycanlıları qazanmağın yolu isə 80% ərazimizdə (20%-ni terroristlər işğal edib) İnsan sifətli, İnsana qulluq edən, İnsan üçün işləyən, İnsanın haqlarını qoruyan – qısası, Vətəndaşın xidmətçisi olan dövlət qurmaqdan keçir. Məhz bu məsələdə isə hakimiyyət səmimi deyil, məhz bu yöndən zəif və tənqidə açıqdır.

Bizlər buna çalışmalıyıq, bunun üşün fəaliyyət göstərməliyik, torpaqlarımızın işğaldan azad edilməsinin yolu da məhz budur. Azərbaycan vətəndaşı olan, azərbaycanlı olan ermənilərlə sonra şərab da içmək olar, çay da, hətta kapuçino da, ən yaxşı isə tut arağıdır, hər iki etnik kimliyin nümayəndələri tut arağını yaxşı çəkə, keyfiyyətli istehsal edə bilir.

Bütün alt etnik kimlikləri üst kimlikdə – azərbaycanlı olmaqda birləşdirə biləcək əsas dəyərlərdən biri də dünyəvilikdir. Dünyəvi dövlət quruluşu ölkəmiz üçün olmazsa-olmazlardan biridir. Buna görə də, dünyəvi dövlətdə şərab da içən, çay da içən normal qarşılanmalı, belə ifadələr qıcıq yaratmamalıdır.

Müxalifət düşərgəsi isə dünyanı anlamağı, başa düşməyi hədəf qoymalıdır. Anlamalıyıq ki, hər deyilən sözün hədəfi, ünvanı kimdir, niyə deyilir, səbəbi nədir. Müxalif düşərgə 3 mövzuda heç vaxt iqtidardan güclü ola bilməz – pulda, fiziki gücdə və militarist ritorikada. Bizim güclü ola biləcəyimiz SÖZÜMÜZÜN çəkisi, ədalətli mövqeyimiz, vətandaşın rəğbətidir. Müxalif düşərgədən kimsə hakimiyyətdən daha militarist, daha hərbi ritorika səsləndirəndə, açığı, bu qeyri-səmimi və gülməli səslənir.

Xarici siyasətçilərlə belə ritorikada danışmaq isə lap böyük səhvdir. Onlarla danışıqlarda müxalif düşərgə uzun illərdir “sinifdə” qalır. Məsələn, İsveçrənin prezidenti Bakıya gəlir, prezidentlə görüşür, ciddi mövzuları – enerji təhlükəsizliyi, terror, dünya siyasətinin yönü, regional siyasəti, Qarabağı müzakirə edir, maraqlı və səviyyəli söhbət edir, üstündən 1 saat sonra müxalif düşərgə ilə görüşür, onun gözləntisi müxalifətin həmin məsələlərə ALTERNATİV fikirlərini öyrənməkdir – amma eşitdiyi müxalifət liderlərinin şəxsi giley-güzarı, humanitar məsələlər olur. Qlobal siyasi “vizion” görmür və mən əminəm ki, öz-özünə Azərbaycan prezidenti ilə görüşün səviyyəsini, azı, 5 baş üstün görür. Belə görüşlərdə biz daha qlobal, fəlsəfi-siyasi məsələlər qaldıranda isə bizə “akademik” məsələlər haqqında danışdığımıza görə irad bildirirlər. Son 5 ildə 50-dən çox belə görüşlər olub, mən sadəcə birinin məğzini deyil də, strukturunu yazdım.

Hakimiyyət nümayəndəsinin beynəlxalq içyimayyətə sülhyönümlü mesaj verməsi doğru siyasi gedişdir. Müxalifət üzvlərinin bir qismi isə “təkərə” düşüb. Dünyanı anlamadan, daxili prosesləri analiz etmədən “militarist” bəyanatlar, sülhpərvər çağırışlara aqressiv açıqlamalar verməsi, hətta bu məsələyə münasibətin “müxaliflik indikatoru” olması kimi absurd bir yanaşmalar qoymaları onu sübut edir ki, səviyyə olaraq hələ çox geridədilər. Müxalifət həmişə, hər an, hər bir məsələyə münasibətdə gələcək hökumət – iqtidar kimi düşünməli, məhz elə reaksiya verməli, özünü idarəetməyə hazırlamalıdır. Yoxsa, “faşizan” tutumla, bayağı, populist, militarist ritorika ilə nə qazanmaq olar ki?! Bu müstəvidə axı sən əvvəlcədən hakimiyyətə uduzursan – səndən daha militarist bəyanları da var, əməlləri də, bunu anlamaq çoxmu çətindir?!

Biz bütün etnik kimlikdən olan azərbaycanlılar üşün yaşanabilən, gözəl bir ölkə qurmalıyıq, öz vətəndaşlarımızla şərab da içməliyik, samovar çayı da, hələ bir zoğal kampotu da – vəssalam…

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: