Now Reading:
Milli Şura son hadisәlәrlә bağlı bәyanat verdi: “Hakimiyyətin yarıtmaz siyasəti…”
Full Article 3 minutes read

Milli Şura ölkədə yaranmış son vəziyyətlə bağlı bəyanat verib. Bəyanatda deyilir:

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

İyul ayının 3-də Mingәçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzaya görə bütün ölkənin eyni vaxtda qaranlığa qərq olması, hökumətin bu böhranı 2 gün ərzində aradan qaldıra bilməməsi, ardınca Gəncə şəhərində İcra Hakimiyyəti başçısının vurulması ölkədə çox ciddi problemlərin yaşandığını, sabitliyin mövcud olmadığını, idarəetmə mexanizminin normal işləmədiyini bir daha nümayiş etdirdi.

Xüsusilə, son bir həftə ərzində Gəncə şəhərində vəziyyətin gərginləşməsi və iyulun 10-da şəhər İcra Hakimiyyətinin binası qarşısında kütləvi etiraz zamanı 2 nəfər yüksək rütbəli polis zabitinin bıçaqlanaraq öldürülməsi göstərdi ki, Azərbaycan, dəfələrlə xəbərdar etdiyimiz kimi, olduqca təhlükəli mərhələyə gətirilib. İqtidarın yarıtmaz siyasəti nəticəsində ölkə vətəndaş qarşıdurmasının bir addımlığındadır.

Milli Şura siyasi mübarizədə hər cür zoru qətiyyətlə pisləyir, dinc mübarizəyə, onun uğurlarına inanır, zorakı hərəkətləri, o cümlədən dövlət məmurları və polisə qarşı zorakılığı rədd edir və hər bir vətəndaşımızı belə hərəkətlərdən çəkinməyə çağırır.

Milli Şura bununla yanaşı qeyd edir ki, həm ölkədəki enerji böhranı, həm də Gəncədə yaşanan gərginlik əslində İlham Əliyev hakimiyyətinin yarıtmaz siyasətinin doğurduğu nəticələrdir. Ölkədəki iri miqyaslı korrupsiya, hakimiyyətin bacarıqsızlığı, insan hüquq və azadlıqlarının tamamilə məhdudlaşdırılması, görünməmiş həddə ədalətsizlik, haqsızlıq, insanlara öz etirazını hər hansı legitim formada ifadə etməyə imkan verilməməsi, seçki institutunun, parlamentarizmin, müstəqil məhkəmə sisteminin sıradan çıxarılması, azad mətbuatın məhv edilməsi – bütün bu siyasət məhz indiki nəticələri doğurub.

Son hadisələr göstərdi ki, Azərbaycan cəmiyyətində böyük bir gərginlik, iqtidarın siyasətinə qarşı qəzəb var. Azərbaycan iqtidarı isə öz davranışı ilə nümayiş etdirdi ki, hər hansı böhranı idarə etmək qabiliyyətində deyil, siyasi qüvvə kimi tamamilə tükənib, mövcudluğunu yalnız polisin gücünə qoruyub saxlayır, xalqın qarşısında fiziki güc olaraq dayanır.

Milli Şura Azərbaycan vətəndaşlarını ölkədə demokratik dəyişikləiklər üçün hamılıqla təşkilatlanmağa, dinc və kütləvi mübarizəyə inanmağa və bu məqsədlə həm Milli Şura vә AXCP-nin, həm də digər özlərinə uyğun bildikləri istənilən demokratik qurumun ətrafında təşkilatlanmağa, rejimin demokratik yolla dəyişməsi üçün əllərindən gələni etməyə çağırır.

Milli Şura Azərbaycan iqtidarına müraciət edir ki, yürütdüyü siyasətin dalana dirәndiyini artıq dərk etsin. İndiyə qədər aparılan siyasət Azərbaycan xalqını hiddətləndirib, vətəndaşlarımız çox qəzəblidir, etirazlarını ifadə etmək üçün legitim yollar arayır, bu formada idarəçiliyin davam edə bilməyəcəyi, bu qədər hüquqsuzluğa, ədalətsizliyə, təbəqələşməyə dözmək fikrində omadığı haqda açıq mesajlar verir. Ona görə də Azərbaycan iqtidarı xalqa qarşı inad göstərməyi dayandırmalı, ölkədə dəyişikliklərin qaçılmaz olduğunu nəhayət, anlamalı və demokratik dəyişikliklər üçün ilkin addımlar atmalıdır. Bu məqsədlə siyasi məhbuslar hamılıqla azad olunmalı, mətbuat və sərbəst toplaşmaq azadlıqları bərpa edilməli, insanların ölkənin hər yerində dinc etiraz hüququ təmin olunmalı, yubanmadan seçki və məhkəmə islahatlarına başlanmalıdır. Analamaq lazımdır ki, bu tədbirlərin ləngidilməsi ölkəni daha ağır fəlakətlərə sürükləyər və bütövlükdə xalqımıza, o cümlədən iqtidar mənsublarına da baha başa gələr. Milli Şura bir daha hakimiyyətdən öz məsuliyyətini anlamağı, xalqın tələblərini qulaq ardına vurmamağı, təcili islahatlara başlamağı tələb edir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.