24 saat

Lütfi Zadəmi, yoxsa Dilqəm Əsgərovmu?


Oxuyucularım bilir, imkan daxilində çaışıram sosial şəbəkələrdə boş müzakirə olunan mövzulara münasibət bildirməyim. Zatən ağzı olan hər kəsin bildiyi və bilmədiyi mövzularda filosofluq elədiyi bir ölkədə daha çox insanların sosial problemlərini qabartmağa üstünlük verirəm, qorxudan bir çoxunun danışmadığı mövzulara yer ayırmağa çalışıram. Amma bu həftə sosial şəbəkələri işğal edən mövzu kiçik bir arayış tələb edirdi sanki, buna görə bu mövzuda yazmağa qərar verdim. Bu həftənin müzakirəsi “Lütfü Zadə vəfat edib, vəsiyyəti Azərbaycanda dəfn edilmək olub” xəbəri, və bu xəbərin ətrafında “onu Azərbaycan kim, hansı pulla gətirəcək”, “azərbaycanlıdırmı”, “bizə lazımdırmı” kimi qaynayan suallar oldu. Sağ olsun millətim bir birinə hücumu o qədər sevir ki, sosial şəbəkələrdə yenə qan su yerinə axırdı. Öncə bilməyənlər üçün Lütfi Zadənin kimliyi ilə bağlı kiçik bir məlumat verim. Lütfi Rəhim oğlu Ələsgərzadənin atası Cənubi Azərbaycanlıdır, özü Bakıda doğulub, 10 yaşına qədər Bakıda yaşayıb, sonra ailəsi ilə bərabər Tehrana köçüb. Həyatının önəmli ihissəsini Amerikada yaşayıb, Kaliforniyanın Berkli Universitetinin professorudur, qeyri-səlis məntiq nəzəriyyəsi ilə birlikdə 6 fundamental elmi nəzəriyyənin müəllifidir. 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə, Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub. Bura qədər hər şey əladır. Fəxr edirik, qürur duyuruq, vəfat edəndə də Allah rəhmət eləsin. Problem onun Bakıda dəfn olunmasında deyil, problem heç onda da deyil ki, hörmətli alim özünə doğru danışmamağı layiq görüb hazırkı rejimi və konkret olaraq İlham Əliyevi tərifləyirdi. Əslində ziyalı Yalçın İslamzadə sosial şəbəkədəki paylaşımında bunu gözəl izah etmişdi.

” Lütfi Zadə Azərbaycanda dəfn olunmağı vəsiyyət edib. Ümid edək bunu şəxsi vəsaiti hesabına edəcək, büdcə hesabına cənazəni gətirmək üçün təyyarə, fəxri xiyabanda yer, məzarüstü heykəl eyhamı deyil. Çünkü biz yazıçı, şair, incəsənət xadiminin ən kiçik fürsətdə belə büdcədən ev, ev təmiri, torpaq sahəsi, bir medal, kiçik bir büst, yubiley gecəsi, fəxri ad qoparmağa çalışdığını görmüşük. Lütfi Zadə seminarlar verməyibsə, üç-beş tələbəyə təqaüd təşkil etməyibsə, bir universitet kitabxanasına kitablar bağışlamayıbsa onun ölkəyə hansı xeyr dəyib? “Bizim” deyıb fəxr ediyimiz şəxslərin “bizə” bir az da faydası toxunmalı deyilmi?

90-cı illərdə tv-də bir proqram vardı, xaricdə yaşayan azərbaycanlıları tapıb danışdırırdılar, həmyerlilərimiz “qurban olaram, gəlib vətəndə öləcəm” deyib ağlaşırdılar. Sonra müharibə zamanı xaricdə yaşayan həmyerlilərimizdən hansısa dəstək görmədik. İşğalçılardan azad edilən erməni səngərlərində isə Livandan Fransaya qədər ermənilərin çox olduğu ölkələrin müxtəlif məhsullarına rast gəlinirdi.
“Ölməyə vətən yaxşı” deyib ölkəni qəbiristanlığa çevirilblər. Ölülərə edilən ehtiram, çəkilən xərc dirilərə layiq görülmür. Türkiyədə zəlzələ olanda Azərbaycanda işləyən Türkiyə vətəndaşları vəsait toplayıb Van şəhərində məktəb tikdilər.”

Bəli ziyalımız doğru vurğulayıb. Amma məncə problem hec kimin dəfn xərcini öz öhdəsinə ötürməsi də deyil. Problem odur ki, hökümət belə hadisələrin arxasına gizlənib əsl lazım və mühüm olan adamları təbliğ eləməkdən, onlara dəstək olmaqdan qaçır. Bunlardan biri də adl çox az anılan Dilqəm Əsgərovdur, hansı ki, Lütfi Zadə ilə əlaqəli 30 status yazıb amma bir dəfə onun haqqında bir cümlə yazmayan adamlar var. Hansı ki, illərdir erməniləin əlindədirlər və hər gün işgəncə görürlər. Xatırlamayanlar üçün deyim ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Kəlbəcərə ziyarətə getdikləri zaman əsir düşmşdulər. Dilqəm müəllim 16 ildi ki, işğal altında olmasına baxmayaraq Kəlbəcərə ziyarətə gedirdi, ailəsinin qəbirlərini ziyarət edirdi, qayıdanda da Şəhərin yaxınlığındakı qayalıqlara Azərbaycan bayrağı sancıb geri gəlirdi. O bayrağı Əliyev rejimi 24 ildir Qarabağa sanca bilmir. Sülhdən, barışdan, qaçqınların yerləşdirilməsindən danışır, amma Dilqəmlə Şahbazı ordan qurtarmaqdan əsla. Sarkisyanla görüşür, birinci vite prezident “ermənilərə düşmən kimi baxılmasına imkan verməyəcəyini” deyir, amma o ermənilərdən barış və sülhə maraqlarını göstərmək üçün Dilqəm müəllimi azad etməyi xahiş etmir. Əsirlərimizin mövzusu bu günlərdə daha da aktualdı. Çünki onlarla bağlı iş Avropa Məhkəməsinə gedib. Əgər hökümət hüquqçüları işi lazımi səviyyədə hazırlayıbsa bəlkə Avropa Məhkəməsi ermənistanın onları geri verməsi ilə bağlı qərar qəbul edə bilər. Amma elə Dilqəm müəllimgilin əsir düşdüyü 2014-cü ildə Azərbaycanda İlham Əliyevin rəqibi olan, prezidentliyə namizəd, siyasi əsaslarla həbs edilmiş İlqar Məmmədov haqqında eyni adlı qurumun çıxardığı qərarın artıq 3 ildir ki, icra olunmur. Bu erməni tərəfinə imkan verməyəcəkmi desin ki, siz uymadığınız məhkəmə qərarlarına biz niyə uymalıyıq? İlham Əliyevə Dilqəm Əsgərov və Şahbaz Quliyev azadlıqda lazım deyilmi? Və ya Azərbaycana bir alimin nəşimi daha önəmlidir, yoxsa işğalda olan Vətən torağına bayraq sancan, hər gün düşməndən işgəncə görən, sağ insanlarmı? Biz eyni marağı, eyni müzakirəni əsirlərimizə göstərsəydik daha effektiv nəticə alardıq əlbətdə, bəlkə də onlar azadlıqdaydı. Amma hər zaman olduğu kimi biz “sağlığında kor Fatma, öləndə badam gözlüm” deyiminin məşhur olduğu bir məmləkətin insanlarıyıq. İşgəncədən öləndən sonra Dilqəm müəllimgili də gətirib dəfn edərik Azərbaycana adlı qəbiristanlığın bir tərəfində. Susan dirilər və danışan ölülər məmləkətinin…

Aynur İmran

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: