Now Reading:
“Lotu Quli”nin yeznəsi: “Məni ona görə tutublar”
Full Article 3 minutes read

“Lotu Quli”nin yeznəsi: “Məni ona görə tutublar”



Kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) yeznəsi Vidadi Hüseynovun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılır. Vidadi Hüseynov CM-nin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik saxlama, daşıma, gəzdirmə) maddəsi ilə ittiham olunur.

Aprelin 10-da keçirilən məhkəmədə əvvəlcə prokuror ittoham aktını elan edib. İttihama münasibət bildirən Vidadi Hüseynov yazılanların yalan olduğunu, özünü təqsirli bilmədiyini söyləyib. O bildirib ki, “Lotu Quli”nin qohumu olduğuna görə narkotiklə şərlənərək cəzalandırılıb.

Təxminən bir il əvvəl paytaxtın Səbail rayonunda yerləşən “Bulaq” restoranında kriminal qruplaşmalar arasında silahlı atışma olmuşdu. Atışanlardan bir tərəfin “Lotu Quli”nin adamları olduğu iddia olunurdu. O hadisədən sonra Nadir Səlifovun, hətta olayla heç bir əlaqəsi olmayan bir neçə yaxınının həbs edildiyi iddia olunurdu. Səlifovun bacısının həyat yoldaşı Vidadi Hüseynov da o ərəfədə – 2016-cı il aprelin 19-da həbs olunub.

Vidadi Hüseynov bu gün məhkəmədə ifadə verərkən bildirib ki, həbsindən az öncə evindən qızıl-zinət əşyaları oğurlanmışdı. Onlar da bu haqda polisə məlumat vermişdilər. Aprelin 19-da sabunçu Rayon Polis İdarəsindən zəng eləyiblər ki, gəl, qızıllardan bəziləri tapılıb. Vidadi Hüseynov da bununla əlaqədar idarəyə gedib. Amma qızılları göstərəndə məlum olub ki, onların evindən oğurlanan deyil.

Vidadi Hüseynovun sözlərinə görə, idarədən çıxıb, bir neçə addım getmişdi ki, mülki geyimlilər ona yaxınlaşaraq, onun üzərinə və avtomobilinə baxış keçirməli olduqlarını deyiblər. Telefonlarını alıblar.

“Dedilər ki, guya narkotik tapdılar. Başa düşdüm ki, məni yükləyirlər. Birbaşa, heç çəkinmədən dedilər ki, “Quli”nin yaxınları həbs olunur, mən də getməliyəm. Dedilər, şükr elə ki, silah çıxmadı”, – deyə Vidadi Hüseynov məhkəmədə ifadə verərəkən bildirib.

O həmçinin qeyd edib ki, dindirilərkən yanında vəkilin, narkotik tapılarkən hal şahidlərinin iştirakı haqda iş materiallarında yazılanlar, protokollar saxtadır. Yəni o protokollarda hal şahidləri, dövlət hesabına vəkilin imzaları sonradan atılıb. Əslində onların heç biri olmayıb.

Vidadi Hüseynov əlavə edib ki, onu tanıyanlar yaxşı bilir, narkotik və bu kimi pis vərdişlərdən tamamilə uzaq adamdır.

Xatırladaq ki, Vidadi Hüseynov 2016-cı il aprelin 19-da həbs olunandan sonra ona qarşı CM-nin 234.1-ci (satış məqsədi olmadan narkotik saxlama, daşıma) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 3 ilə qədər həbs nəzərdə tutulub. İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Hətta bir neçə məhkəmə iclası da keçirilib. Prosesin gedişində qərar verilib ki, iş yenidən istintaqa qaytarılsın və ittiham ağırlaşdırılsın. Bu dəfə istintaqda satış məqsədilə külli miqdarda narkotik saxlama ittihamı verilib. Bu maddədə isə 12 ilə qədər həbs nəzərdə tutulub. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əfqan Hacıyevin icraatına verilib. Amma məhkəmənin hazırlıq iclasında prokuror bu işə Əfqan Hacıyevin baxmasına etiraz edib. Səbəbini isə belə əsaslandırıb ki, bu hakim vaxtilə vəkil kimi fəaliyyət göstərdiyi vaxtlarda Vidadi Hüseynovun qaynı Nadir Səlifov və onun qardaşının hüquqlarını müdafiə edib. Prokurorun etirazı təmin edilib və iş Əfqan Hacıyevdən alınaraq, Ramella Allahverdiyevaya verilib.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.