Now Reading:
Liseylə bağlı qalmaqal
Full Article 4 minutes read


2004-cü ildə təsis edildiyi gündən etibarən Heydər Əliyev adına Lisey uzun illər ölkənin ən nüfuzlu təhsil müəssisələrindən biri hesab olunurdu. Lisey dörd korpusdan ibarətdir, müasir avadanlıqla təchiz edilib və orada mindən çox şagird təhsil alır. 2008-ci ildə təhsil müəssisəsi ən yaxşı ümumtəhsil məktəbi adına layiq görülüb, müəllimləri isə müxtəlif illərdə nüfuzlu adlara və mükafatlara layiq görülüblər. Əslində hər şey yaxşı görünürü. Amma elə olmadı…

Bir neçə il əvvəl Hesablama Palatası nümunəvi liseydə 110 min manat “məqsədə uyğun olmayan xərc” aşkar edən auditor yoxlamasının nəticəsini dərc edib. Bunun nəticəsində direktor Fikrət Xəlilov istefa vermək məcburiyyətində qalıb. Direktor səlahiyyətlərini yerinə yetirmək üçün Ümid Babaşov təyin edilib, amma onun istefası da uzun çəkməyib. Təyinatdan iki il sonra Babaşovun adı ətrafında “Nurçuluq” qalmaqalı yaranıb, onu liseydə Gülənçilərin ideyalarını təbliğ etməkdə ittiham ediblər. O, vəzifədən kənarlaşdırıldıqdan sonra rəhbər qoltuğuna Natəvan Bədəlova oturdu, o da tezliklə bu qoltuğu tərk etməli oldu. Ötən il sabiq təhsil naziri Mikayıl Cabbarov Sevinc Orucovanı liseyin direktoru təyin etdi. Təyinatdan bir il keçmədi ki, liseyin və rəhbərliyinin adı yenə xoş olmayan tərəfdən yad edilir.

İngilis dili müəlliməsi Sevinc Məhərrəmova Turan-a müraciət edib. Onun sözlərinə görə, işlədiyi liseyin rəhbərliyi kifayət qədər uzun müddətdir onun hüquqlarını pozur. O iddia edir ki, hər şey onun həmkarı, ibtidai sinif müəlliməsi Natəvan Daşdəmirovanın işdən çıxarılması haqqında aktı imzalamaqdan imtina etməsindən sonra başlayıb: “Direktor Sevinc Orucova həmkarımın işdən çıxarılması üçün müəllimlərdən imza toplayırdı. Akt tərtib edilmişdi, onun əsasında iclas keçirildi və müəllimə yalnız direktordan şikayət yazmağa cürət etdikdən sonra işdən qovuldu. Mən Daşdəmirova barəsində tərtib edilmiş aktı imzalamaqdan imtina etdim, bundan sonra mənə qarşı təqib başladı. Sentyabrda Orucova məni yanına çağırdı, Daşdəmirovaya qarşı çıxmamaqda ittiham etdi və işdən qovmaqla hədələdi. Əvvəlcə bu hədələrə əhəmiyyət vermirdim, amma sonradan sinfimi bağlamaq bəhanəsi ilə əlimdən aldılar, guya şagirdi vurduğum bəhanəsi ilə dərs sayını azaltdılar. Amma bu, yalandır, mən şagirdi vursaydım valideynlər polisə müraciət edərdilər. Ekspertiza keçirilməsini tələb etdim, amma reaksiya verilmədi. Bundan sonra məktəbin həmkarlar ittifaqının sədri Şahbaba Rəsulova yazılı şəkildə müraciət edib, qurumun hüquqlarımı müdafiə etməsini istədim. Bir neçə gün sonra həmkarlar ittifaqı iclas çağırdı, məni dəvət etdilər, divanxana qurdular. Məni müdafiə etmək yerinə, müəllimləri, şagirdlərin valideynlərini mənə qarşı qaldırdılar. Direktor müəllimlərə mənimlə salamlaşmağı, danışmağı qadağan etdi. Bu yaxınlarda öyrənmişəm ki, şagirdlərin valideynlərindən mənə qarşı imza toplayırlar”.

Məhərrəmovanın sözlərinə görə, müraciət etmədiyi qurum qalmayıb: “Üç dəfə Təhsil Nazirliyində olmuşam, üç dəfə Ombudsman Aparatına, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişəm, ölkə prezidentinə və vitse-prezidentinə şikayətlə müraciət etmişəm. Bu yaxınlarda Ombudsman Aparatından şikayətimə ötən il 29 dekabr tarixli cavab daxil oldu. Məktubda deyilir ki, qurum Təhsil Nazirliyinə müraciət edib və oradan bildiriblər ki, aparılmış araşdırmalar zamanı nöqsan aşkar edilməyib, şikayətim əsassızdır. Nazirliyin ombudsmana cavabında həm də diaqnostik qiymətləndirmə nəticələrimin aşağı olduğu, buna görə mənə 11 dərs saatı verildiyi qeyd edilir. Bu, yalandır. Mənim dərs saatlarımı qaytarmayıblar. Nazirliyə, qəbulunda olduğum Anar adlı əməkdaşa zəng etdim, o mənə bildirdi ki, belə şey ola bilməz, o, məktub haqqında heç nə bilmir. Daha sonra zəng etməyi vəd etdi, amma indiyədək ondan heç bir xəbər yoxdur. Heydər Əliyev adına Liseyin Təhsil Nazirliyindəki kuratoru Almaz xanım mənə söz verdi ki, gələn həftə yoxlamaya gələcəklər, amma hələ yeni ildən əvvəl nazirlik Ombudsman Aparatına yoxlama nəticələri haqqında məktub göndərib. Niyə nazirlikdən məni aldadırlar?”, deyə Məhərrəmova sual edir.

Müəllimə həmçinin qeyd edib ki, liseydə korrupsiya faktları var: “Şagirdlərdən hər ay təmir üçün 5 manatdan pul yığırlar. Məktəb təmir olunub, bu pul hara gedir? Bundan başqa, məktəbdə məktəbəqədər yaşlı uşaqlardan ibarət iki qrup var. Hər qrupda 30 nəfər var, onları məktəbə hazırlayırlar və buna görə hər uşaqdan 150 manat alırlar. Bu, tamamilə qanunsuzdur, mən nazirlikdə bu fakt haqqında bildirdim, amma kurator Almaz xanım mənə cavab verdi ki, məktəbin xərcləri var, onları ödəmək lazımdır”, deyə S.Məhərrəmova əlavə edib.

Turan lisey rəhbərliyi ilə əlaqə saxlamağa çalışıb, amma Sevinc Orucovanın katibəsi bildirib ki, o, yerində yoxdur. Sonra zənglərə cavab verən olmayıb. İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov Turan-a bildirib ki, araşdırma aparılacaq, nəticələri haqqında məlumat veriləcək.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.