Now Reading:
Lavrov: “Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həllinin əsaslanmalı olduğu prinsipləri təsdiqlədik”
Full Article 2 minutes read


“Qəbul etdiyimiz bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həllinin əsaslanmalı olduğu prinsipləri təsdiqlədik”.

APA-nın məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bəyanat digər həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə qəbul edilib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin Vyanada Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacan dekabrın 7-də birgə bəyanat yayıblar.

Bəyanatda deyilir ki, həmsədr ölkələr Helsinki Yekun Aktı və orada göstərilən güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq edir.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.