Now Reading:
“Ləyaqətli yaşamaq naminə” platformasında birləşmək zamanıdır
Full Article 2 minutes read


Nəsimi Məmmədli

Vətən nədir? Vətən haradır?

Sağlamlığına, təhlükəsizliyinə, firavanlığına, xoşbəxtliyinə ən kiçik təminat olmayan bir yeri vətən saymaq olarmı?
Ədaləti tapmadığın, hüquqlarının qorunmadığı, işsizlikdən, yoxsulluqdan taqətsiz hala düşdüyün, ləyaqətinin alçaldığı, hüzura qovuşmadığın, istirahət edə bilmədiyin bir məmləkət vətən adlanırmi?
Çarəsizlikdən intiharı seçən, müalicə olunmağa pul tapmadığı üçün gənc yaşında dünyasını dəyişən, ölkənin sərvətindən yararlana bilməyən, ölkədən baş götürüb gedən, ehtiyac üzündən ailəsi dağılmış, sabaha ümidi itmiş insanlar üçün vətən haradır?
Bu suallara cavabları sizin öhdənizə buraxıram…

Ağsu rayonunun İlxıçı kəndində “işıqpulu” borcuna görə işıqları kəsilmiş, hökumətdən aldığı “sosial yardım”ın dayandığı üçün sabaha ümidləri qırılmış, yoxsulluqdan taqəti qalmayan və həyatdan usanmış 36 yaşlı, 3 uşaq anası həyətində özünü kəndirlə asaraq intihar edib. Böyük oğlunun C.Naxçıvanski adına hərbi liseydə təhsil alması da bu çarəsiz ananın intiharının qarşısını almayıb. Nə anasız qalan o körpələri, nə də gələcək Azərbaycan zabitini anasının bu faciəli ölümü heç vaxt rahat buraxmayacaq.

Ölkəmizin bütün şüurlu insanlarına hökumətin iradəsi aydındır. Onlardan nə isə ummağa dəyməz. Açıq bəyan ediblər ki 2020-ci ilə qədər ölkədə yoxsul qalmayacaq və qalmamalıdır. Bu ölkə yoxsullardan bax belə “təmizlənəcək”.
Xalqımızın bu kədərli aqibətində təqsiri olan şəxsləri kənarda axtarmayaq. O, mənəm, o sənsən, o, bu sətirləri oxuyub özünü təqsirsiz sayan, oxusa da görməzdən gələn hər kəsdir.
Xüsusilə də ölkəmizin problemlərinin həllində “mənəvi səslər” ola biləcək, cəmiyyəti silkələməyə gücü yetən fəal insanların mənəvi məsuliyyəti hər kəsdən daha çoxdur.
İqtidarın öz korparativ maraqları var və ondan kənara çıxmayacaq. Cəmiyyətin bu miskin halı onları qətiyyən narahat etmir və edilən bütün haqlı tənqidlərə də məhəl qoyulmur. Müxalifətin də öz təbii hədəfləri, qayğıları və çətinlikləri var. İqtidar müxalifəti elə bir hala salıb ki, onlardan da nə isə ummağa yer qalmayıb. Ziyalı anlayışını da elə hala salıblar, daha o da cəmiyyətdə reaksiya doğurmur.
Bu istiqamətdə müstəqil vətəndaş cəmiyyətinin fəal insanlarının birgə yanaşması xeyli müsbət impuls yaratmaq gücündə olsa da, təəssüf ki onların da əksəriyyəti yaxasını ümumi işdən kənara çəkir. Çox ucuz bəhanələrlə vahid mövqe ifadə etməkdən yayınır, cəmiyyətin “mənəvi səsləri” olmaqdan uzaq durmağa üstünlük verirlər.
Dostlar, ölkəmizin bu halından zərər çəkən sonda hamımız olacağıq. Heç kim özünü sığortalanmış hesab etməsin. Mən bu müraciəti özlərini fəal və ləyaqətli sayan vətəndaşlarımıza ünvanlayıram: “Ləyaqətli yaşamaq naminə” vahid platformada birləşərək mövqe ifadə etmək zamanıdır.
azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.