Now Reading:
Kütləvi etirazın sirri. Bu sirri kimlər necə tədris edirlər?
Full Article 6 minutes read

Kütləvi etirazın sirri. Bu sirri kimlər necə tədris edirlər?



Qənimət Zahid

Mitinq müzakirə mövsudur. Olmalıdır, əlbəttə. Hər şeydən əvvəl ona görə ki, Azərbaycanda totalitar bir sistem var və bu rejim kütləvi etiraz aksiyalarını çox nadir mübarizə aləti gününə sala bilib. Əlbəttə, prosesə kənardan yanaşanların mühakiməsinə görə, Azərbaycanda etiraz aksiyalarının kütləviliyinin alınmaması yalnız müxalifətin günahıdır. Burada həqiqət payı var, amma böyük həqiqət yükü də çatışmır və çatışmayan da odur ki, adamlar “xalqa qarşıdır” ittihamından çəkinirlər. Çatışmayanlar barədə yazmaq istəyirəm və inanıram ki, kimsə inciməz, əksinə, səmimiyyət anonimliyi istisna etməlidir. Üstəlik, ciddi hesab etdiyim adamların mülahizələrindəki yarımhəqiqətlər də bir çərçivədir və həmin çərçivələri sındırmağa ehtiyac var.

Müzakirələrdəki arqumentləri sosial şəbəkələrdən götürəcəm.

Birinci yarımhəqiqət budur ki, icazəli aksiyalardan imtina etmək lazımdır. Bu “arqumenti” daha çox ökə xaricində olanlar irəli sürürlər. Mən kənardan baxanların asan döyüş nəzəriyəsini saf-çürük etmirəm, ən azı ona görə ki, özüm də kənardan baxıram. Amma fiziki olaraq kənardan baxıram (Etiraf edirəm ki, hələ də özümü Avropada təsəvvür edə bilmirəm, buna heç vaxtım da yoxdur). Avropada, eləcə də dünyanın bütün başqa coğrafiyalarında icazəsiz etiraz aksiyalarına rəsmi inzibati münasibətin vahid standartı var: dəyənək. İndi icazəli aksiyaları təşkil edənlər Azərbaycanda ən uğurlu icazəsiz aksiyaları təşkil edən, keçirən siyasi mərkəzdir. Bu mərkəzi icazəsiz aksiyadan qorxmaqda ittiham etmək yersizdir. Amma icazəsiz aksiyaların kütləviliyini təmin etmək mümkün deyil. Misiri, Liviyanı və başqa ölkələri müqayisə üçün təqdim etməyin mənası yoxdur. Oralarda inqilab şəraiti vardı və inqilab şəraiti yetişəndə cəmiyyətlərin mitinq təşkilatçılarına ehtiyacları olmur. Azərbaycanda da belə şəraitlər olub və icazəsiz aksiyalarla kütləvi səfərbərlik təmin edilib. Adamlar yaddaşlarını qurdalasalar həmin təcrübənin izlərini, arxeoloq olmadan da, asanlıqla tapa bilərlər.

İcazəli və iczəsiz etiraz aksiyaları arasında nəzəri müzakirələrə diletant yanaşmaya isti baxanların sayı artıq ola bilər, amma sanbal, yəni praktik faydalılıq əmsalı şübhəlidir. İcazəsiz təsəvvür edilən aksiyaların potensial iştirakçıları müxalifət partiyalarının (və ya hansısa bircə partiyanın) üzvlərindən başqa heç kim olmayacaq. Əgər kimsə hesab edirsə ki, icazəsiz aksiyalar cəmiyyətin müxalifətə münasibətində pozitiv dönüş yaradacaq, bu, sadəlövh yanaşmadır (ən yaxşı halda belədir). Bir az mürəkkəb halda isə əminliklə ehtimal edirəm ki, Prezident Administrasiyasında və ya Daxili İşlər Nazirliyində müxalifətin icazəsiz aksiya qərarını həsrətlə gözləyirlər. Böyük həsrətlə. Çünki bu cür qərarlar, indi icazəli, konkret göstərilən ünvanda da olsa, meydana tərəfdarlarını çıxara bilən mərkəzlərə ölümcül zərbə vurmaq üçün hava və su kimi lazımdır. Buna görə də “İcazəsiz aksiya!” deyib yaxasını yırtan dostlara, ekspertlərə, “qiyabi” mitinqşünaslara xatırlatmaq istərdim: azacıq düşünün, sizin bu təkliflərinizi xatırlatdığım ünvanlarda hansı məmnuniyyətlə dəstəkləyərdilər.

İkincisi, “stadion” sindromudur. Əgər aksiyaları icazəli keçirməkdən başqa yol yoxdursa, o zaman hələlik, bu ünvanı dəyişmək də mümkün deyil və buna da dözümlü yanaşmaq lazım gələcək.

Üçüncüsü, “dinc”, “müqavimətsiz”, amma icazəsiz yürüşlər kimi təklif edilən aksiyaları inzibati hakimiyyət “dinc” aksiya kimi qəbul etmir və “müharibə!” çağırışı kimi qəbul edir. Bu zaman hakimiyyətə verilən fürsətlərdən biri də “cəmiyyətə qarşı müharibə” deyil, “radikal müxalifətə qarşı mühairbə” arqumenti olur.

Milli Şuranın mitinqlərini “icazəli” olduğu üçün tənqid edənlər o zaman haqlı ola bilərlər ki, başqa siyasi mərkəzlərin icazəsiz aksiyaları ilə müqayisə edib üstünlüyü həmin o başqalarının taktikasının doğurduğu nəticələrə versinlər. Belə bir müqayisə predmeti yoxdur. Milli Şuranın bir mitinqini onun o biri mitinqləri ilə müqayisə edərək təşkilatçıları ittiham və ya mühakimə etmək etik yanaşma deyil. Ən azı, etik yanaşma deyil.

Biz bir qayda olaraq mitinqlər, onun təşkil edilməsi, keçirilməsi ilə bağlı heç bir anlayışı olmayan adamların yaratdığı atmosferin ətrafında qələbəlik olduğunu görürük. Çünki, həmin atmosferdə bəhanə üçün imkanlar var. Yəni, “mən ona görə vətəndaş məsuliyyətindən kənardayam ki, mitinqin təşkilatçıları ictimai etirazı gərəkli qaydada təşkil eləmirlər”. Sadəcə, bir elan, həm də provokativ elan ki, “mitinqə gələnlərin şəklini çəkəcəklər” mitinq iştirakçılarının sayına bərabər olan qədər adamı mitinqə gəlmək fikrindən daşındırır. Bu zümrəyə həmin “qızıl bəhanə” gərəkdir. Əlini tutmaq üçün bir “savadlı adam” arqumenti tapmaq və ondan yapışmaq isə qzıl bəhanədir. Məsuliyyətsizliyin üstünün örtülməsi üçün qızıl bəhanə.

Aksiyalarının kütləviliyinin təmin edilməsi üçün “ASAN xidmət” təklifləri yoxdur, necə ki, asan qələbə də yoxdur. Bəzi elementlərin eyforik nidasına da rast gəlmək olur ki, köhnə müxalifət bitdi və artıq yeni müxalifət peyda olub ölkənin altını üstünə çevirəcək. Bu qəbildən olan arxeoloji tapıntıların üstündə çox dayanmaq istəmirəm. Kütləvi aksiyaları müzakirə edən tərəflərin arasında, hey, o cür adamlara rast gəlmək istəyirəm ki, onlar cəmiyyətin təşkilatlanması üçün reseptlər təklif etsinlər. Təəssüf ki, hələ də rast gəlməmişəm. Həm də təşkilatlanma derkən, mən yalnız siyasi təşkilatlanmanı nəzərdə tutmuram. Əgər cəmiyyət ictimai təşkilatlanma mərhələsindən keçməyibsə, bu mərhələnin elementləri müşahidə edilmirsə, o zaman siyasi etiraz aksiyalarını keçirən zümrəni o üz- bu üzə çevirməyin nə mənası var? Deyək ki, Bakı şəhərində Xalq Cəbhəsinin 10 min nəfər üzvü var (ad və say şərtidir). Bu 10 min nəfərlə eksperiment aparmaq istəyən nə qədər “ekspert”, “politoloq”, “mitinqşünas”, “inqilab nəzəriyyəçi” zühur etsə də, nəticə dəyişmir. Təşkilat, onun üzvləri, rəhbərliyi həyata keçirən seçkili orqanlar, təşkilatın sıravi üzvləri öz davranışlarını özləri müəyyən edəcəklər. Kənardan verilən dəyərləndirmələr isə bütün cəmiyyətin deyil, yalnız bu 10 min nəfərlik təşkilatlanmış zümrənin davranışlarını müzakirə edəcək, onların üzərində proqnoz quraca, proqnozları doğrulmayanda isə “mən demişdim axı!” ədası ilə yenə də özünü virtual qələbə sahibi elan edəcək. Cəmiyyəti isə təşkilatlandırmaq lazımdır. Çoxlu sayda ictimai təşkilatlar olmalıdır. Bizimlə qonşu olan Gürcüstanda, bir az ondan o tərəfdəki Ukraynada böyük və sərt siyasi hadisələrin yaradılmasında siyasi müxalifətdən daha çox, dəfələrlə çox, cəmiyyətin ictimai əsaslarla təşkilanmış zümrəsi rol oynadı. Böyük siyasi dəyişiklikləri siyasi təşəbbüslər deyil, ictimai təşəbbüslər yaradır.

Azərbaycanda qeyri- hökumət sektoruna sərf edilən resurslar darmadağın edilib. İctimai təşkilatlanma sıfırın altındadır. Hətta 8 aprel mitinqinin də, ötən ilin sonuna yaxın keçirilən daha izdihamlı mitinqlərin də təşkilatçıları yalnız siyasi təşkilatların strukturları, adamları, funksionerləri idilər. İctimai təşkilatlanma effekt yarada biləcək səviyyədə deyil. 8 aprel mitinqi ilə bağlı həm mitinqdən əvvəl, həm də sonra özünəməxsus faydalı mülahizələr irəli sürən dəyərli dostum, səfir Arif Məmmədov ilk ictimai təşəbbüsü zamanı həmin ictimai təşkilatmlanmanın olmaması üzündən ciddi bir uğursuzluğa uğramışdı. O zaman dəyərli Arif bəy Bakıda “Ağ qərənfillər” hərəkatının təşəbbüsü ilə ictimai yürüş elan etmişdi. Amma əlbəttə, ciddi bur uğursuzluq oldu. Çünki, ölkədə bu cür təşəbbüslərin reallaşdırılması üçün zəruri olan ictimai strukturlar yoxdur…

Bu, çox uzun qeyd oldu. Amma hesab edirəm ki, mitinqlərin hansı müstəvidə, hansı şüarlarla, hansı marşrutlarla keçirilməsi kimi qeyri-ciddi təkliflərlə çıxış etməkdənsə, daha çətin, amma daha ciddi olan fəaliyyətləri müzakirəyə çıxarmaq gərəkdir: Azərbaycan cəmiyyətinin ictimai təşkilatlanması üçün nələri etmək lazımdır? Gözünü “yeni müxalifət” kreslosuna dikənlər üçün də hakimiyyət çoxlu iş yerləri yaradıb zamanında. Orası da tünlükdür. Növbəti qeydlərimdə bu qədər uzun ömürlü müxalifətin mövcudluğundan özünü məyus göstərənlərin də menyusuna bir şeylər təqdim etməyə çalışacam, amma bu günmü, sabahmı, növbəti həftəmi, onu deyə bilmərəm. Çünki, işim çoxdur, praktik işlərə daha çox vaxt ayırıram.

İnanıram ki, bu qeydlərdən faydalananlar tapılacaq…

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.