Now Reading:
”Krakov görüşünə pessimist yanaşıram”
Full Article 3 minutes read


Tofiq Zülfüqarov: “Ermənistan siyasi elitasının populist bəyanatları davam edir”

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yanvarın 18-də Polşanın Krakov şəhərində baş tutan danışıqları altı saata yaxın davam edib.

Bu barədə Azərbaycan xarici işləır naziri Elmar Məmmədyarov bildirib:

“İlk əvvəl mən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm. Sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ilə görüşdük. Bunun ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində təkbətək görüşlər oldu. Təkbətək görüş başa çatdıqdan sonra mən yenidən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm”.

Elmar Məmmədyarovun açıqlamasını Azərbaycan XİN-in mətbuat xidməti yayıb.

Nazir deyib ki, görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb:

“Bu ideyalar əsasında müzakirələr davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”.

Elmar Məmmədyarov


Minsk Qrupunun həmsədrlərinin Krakov görüşü barədə yaydığı bəyanatda bildirilib ki, xarici işlər nazirləri ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsini tez başa çatdırılması üçün həmsədrlərin yenidən nəzərdən keçirdiyi müvafiq konseptual sənədi ilə razılaşıblar.

“Görüşlər zamanı tərəflər və həmsədrlər cədvəl üzrə hazırlanan iş təkliflərindəki əsas həssas məsələlər barədə fikir mübadiləsi apardılar”.

Həmsədrlər həmçinin, danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıblar. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd ediblər. Həmsədrlər tərəfləri bu müsbət tendensiyanı gücləndirməyə çağırıblar.

Həmsədrlər nazirlərə münaqişənin təsirinə məruz qalmış ərazilərdə 2010-cu il üzrə qiymətləndirmə missiyasını davam etdirmək imkanları barədə gələcək müzakirələrə maraq göstərdiklərini bildiriblər.

Həmsədrlər fevral ayının əvvəlində bölgəyə səfər etməyi planlaşdırırlar.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə deyib ki, o, Krakov görüşünə pessimist və skeptik yanaşır:

“Səbəb odur ki, danışıqların nəticəsinin olması üçün qarşı tərəf konstruktiv mövqe göstərsin. Amma Ermənistan siyasi elitasının populist bəyanatları davam edir. Hətta mart ayında gözlənilən konstitusiya referendum ərəfəsində radikal mövqe nümayiş etdirirlər”.

Tofiq Zülfüqarov təəssüflənir ki, həmsədrlərin təklifləri Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə rastlaşacaq:

“Ona görə nikbin deyiləm”.

Sabiq nazir deyir ki, danışıqlarda irəliləyiş olması üçün Ermənistana beynəlxalq ictimaiyyət və yaxud Azərbaycan təzyiqlər göstərməlidir. Rəsmi Bakı öz hüquqlarından istifadə edib işğalçıya hərbi-diplomatik vasitələrlə təzyiq etməlidir. Ermənistana bu münasibət göstərilməsə, onların mövqeyinin dəyişəcəyinə inanmıram. Ona görə tərəflərin görüşlərinə pessimist baxıram və danışıqların imitasiyası davam edir”.
meydan.tv

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.