Now Reading:
Korrupsiya idarəsi korrupsionerləri hələ də himayə edir: İş adamı fəryad edir
Full Article 4 minutes read


Dövlət iki şeydən sarsıla bilər. Günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə.

Heydər Əliyev

İş adamı, Qarabağ müharibəsi veteranı Adil Nəcəfovun üzləşdiyi özbaşınalıqla bağlı xəbər vermişdik. Bir daha qeyd edək ki, Azərbaycanda uzun müddət nəqliyyat sektorunu inhisara almış mütəşəkkil qrup Adil Nəcəfovun 1.5 milyon manat vəsaitini mənimsəyib. Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi ləğv olunmasına baxmayaraq iş adamlarından hədə yolu ilə haqq alan mütəşəkkil dəstə üzvləri ilə bağlı heç bir tədbir görülmür. Halbuki iş adamlarının zamanında hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərdə “Bakı sərnişin nəqliyyat” MMC-nin rəhbərliyində təmsil olunan şəxslərin qanunazidd əməllərini açıqlayıblar. Bu şikayətlərlə, həmçinin istintaq orqanlarına təqdim olunan dəlil-sübutlarla həmin şəxslərin cinayətlərini asanlıqla ifşa etmək olardı. Amma istintaq orqanları nədənsə şikayət olunan şəxslərin əməllərində cinayət olmadığını bildirir. İş adamı Adil Nəcəfovun davamlı şikayətlərinə baxmayaraq hələ də həmin şəxslər hansısa səbəbdən himayə olunmaqdadırlar.

İş adamının Prezident İlham Əliyevə ünvanladığı müraciətdə istintaq orqanlarının bu prosesdə hərəkətsizliyin səbəblərini açıqlayır:

“Mən 2015-ci ildə Respublika Prokurorluğuna vəziyyətlə bağlı müraciət etdim. 2016-cı ilin sonlarına qədər prokurorluq idarəsində mənim işlərimə “baxdılar” və heç bir nəticə olmadı. Belə ki, dəfələrlə müraciət etməyimə baxmayaraq Korrupsiya İdarəsinin rəisi Kamran Əliyev məni qəbul etmədi. Həmin idarənin müstəntiqi Heydər Məmmədov dəymiş ziyanın 10%-ni mənə təklif edərək işin bağlanmasını istədi. Əlbətdə mən razı olmadım. Bunlarla “danışığa” getmədiyimə görə təhqir olunub idarədən qovuldum. Sonra bir daha məni qəbul etmədilər. Nəticədə “iş təsdiqini tapmadı” qərarını qəbul edib mənə təqdim etdilər. Maraqlıdır ki, əgər iş təsdiqini tapmayacaqdısa onda hansı məbləğin 10%-ni mənə təklif edirdilər?

2017-ci ilin iyul ayının 8-də Sizə ünvanladığım müraciətimə aldığım cavabla əlaqədar olaraq 15.08.2017-ci il tarixdə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət olundum. Orada Musa Hacıyev adlı bir məmur tərəfindən qaba bir formada qarşılanaraq təhqir olundum.

Elə həmin İdarəyə ünvanladığım müraciətin cavabını bilmək üçün bir daha İdarəyə müraciət edəndə müstəntiq Rəşad İsgəndərov məni qarşılayaraq bldirdi ki, işin araşdırılması mənə həvalə olunmuşdu. Lakin sonra onu məndən aldılar və hazırda kimdə olduğunu bilmirəm”.

İş adamının özünün yazdığı kimi insan taleyinə bu qədər məsuliyyətsiz və biganə münasibətin izaha ehtiyacı yoxdur:
“Belə bir qurum məsələni, həm də çox məsələni bu laqeydliklə qarşılaya bilirsə başqasından daha nə gözləmək olar?

Mənə elə gəlir ki, Daxili Təhqiqat Şöbəsinin rəisi Anar Nəsibov şikayət etdiyimiz adamlardan öz şəxsi maraqları üçün istifadə edirərək onlardan rüşvət almaq müqabilində susmuşdur. Ona görə də problemin həllində maraqlı deyildir. Əksinə, hər cür maneə yaradır ki, düyün açılmasın. Anar müəllim ikili standartlarla işləyir. Vətəndaşların xeyrinə dövlət qanunları mövcüd deyil, Anar müəllim öz yazılmamış qanunları ilə hərəkət edir. Dövlət sifarişi zamanı isə Azərbaycan qanunvericiliyi ilə işləyir…”.

Dövlət başçısına etdiyi müraciətlərdən sonra Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev fevralın 6-da Adil Nəcəfovu qəbul edib. İş adamı Tendensiya.com-a verdiyi açıqlamada bildirib ki, Kamran Əliyev onu çox yaxşı qarşılayıb: “Korrupsiya İdarəsinin işçilərinin mənlə necə davrandığını onun nəzərinə çatdırdım. İşin obyektiv araşdırılmasını Kamran Əliyevdən istədim. Kamran Əliyev işin yenidən araşdırılacağı ilə bağlı məni arxayın etdi. Daha sonra Korrupsiya İdarəsindən mənə bildirildi ki, işi araşdırmaq üçün Rəşad İskəndərov adlı əməkdaşa tapşırıq verilib. Fevralın 20-də özüm Korrupsiya İdarəsinə gedib, işlə maraqlandım. Rəşad İskəndərov mənlə görüşməkdən imtina etdi, guya bunu qanun qadağan edir. Daha sonra növbətçi prokuror Arif Əyyubov məni qəbul edərək bildirdi ki, müraciətim əsasında Rəşad İskəndərovun apardığı araşdırmanın nəticəsi təsdiqini tapmayıb. Daha sonra öyrəndim ki, Rəşad iskəndərov ümumiyyətlə işi araşdırmayıbmış. Sadəcə Kamran Əliyev məni qəbul etməklə, bizi yola vermək istəyib.

Dəhşətlisi odur ki, Korrupsiya İdarəsi bu işə baxıb qərar verdiyi üçün başqa hüquq-mühafizə orqanları şikayətlərimə baxmaqdan imtina edirlər. Məhkəmə də Korrupsiya İdarəsi ilə üz-üzə gəlməmək üçün şikayətimi təmin etmədi. Bu vəziyyətdə nə edəcəyimi bilmirəm. Sizin vasitənizlə dövlət başçısı İlham Əliyevə müraciət edirəm. Cənab Prezident!
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin cinayətkarları himayə etməsini araşdırın. Korrupsiyaya bulaşmış Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarını cəzalandırın. Mənim kimi yüzlərlə vətəndaş niyə dövlətindən incik düşməlidirlər. Bu şəxslər Siz başda olmaqla Azərbaycana xəyanət edirlər. Baş Prokurorluğa Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə bağlı şikayət edirəm. Şikayəti araşdırmaq üçün onu yenidən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərirlər. Bu hansı qanuna və hansı məntiqə sığır?

Əgər Sizdən mənim məsələmin həlli üçün ümidverici bir cavab almasam, onda mənim tək bir yolum qalır…”

Göründüyü kimi iş adamının üzləşdiyi özbaşınalığı şərh etməyə ehtiyac yoxdur. Hər şey açıq-aydın ortadır. Dövlət cinayətkarları və onları merkantil maraqlarına görə himayə edənləri sərt şəkildə cəzalandırmalıdır. Əks halda Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sözləri ilə desək, dövlət bu gedişlə sarsıla bilər…

Tendensiya.com

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.