Now Reading:
İtaliyalı deputat AŞPA-nın prezidenti oldu
Full Article 2 minutes read


Qurumun qış sessiyasının ilk günü prezident təsdiq edildi

Yanvarın 22-də italiyalı deputat Mikele Nikoletti (Michele Nicoletti)Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti təyin olunub. Məlumatı qurumun rəsmi internet səhifəsi yayıb.

Bildirilir ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk günü onun namizədliyi təsdiqlənib.

Mikele Nikoletti bu vəzifəyə yeganə namizəd olduğundan səsvermə keçirilməyib.

Yeni prezident 19 noyabr 1956-cı ildə İtaliyanın Trente şəhərində anadan olub. O, Trente, İnnsburck və Boloniya universitetlərində elmi tədqiqat işləri aparıb, fəxri müəllim vəzifəsində çalışıb. Boloniya Universitetinin doktorudur. Onun elmi işləri siyasətin nəzəriyyəsi və etikasına həsr edilib.

M.Nikoletti İtaliyanın AŞPA-dakı nümayəndə heyətinin və sosialistlər qrupunun rəhbəridir. O, 2013-cü ildən Parlament Assambleyasının üzvüdür. 2014-cü ildən AŞPA-da İtaliyanın nümayəndə heyətinə rəhbərlik edir, 2016-cı ildən isə Sosialistlər Qrupunun rəhbəridir.

AŞPA-nın əvvəlki prezidenti Pedro Aqramunt 6 oktyabr 2017-ci ildə istefa verib. P.Aqramunt özünün “Twitter” səhifəsində yazıb:

“Bu gün şəxsi səbəblərdən AŞPA-ya sədrlik etməmək qərarı verdim”.

P.Aqramuntun vəzifədən uzaqlaşdırılması məsələsi uzun müddət gündəmdə idi. İlk dəfə AŞPA-nın yaz sessiyasında ona etimad məsələsi qaldırılıb, buna səbəb kimi P. Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşü göstərilib.

Aqramunt həmçinin bir neçə il AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçisi olub. Və həmin dövrdə hüquq müdafiəçiləri onu Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqda ittiham ediblər. Bundan əlavə, Aqramunt Azərbaycanda siyasi məhbusların azad olunması üçün AŞPA tədbirlərini sabotaj edib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.