Now Reading:
İran prezidentindən İslamla bağlı sensasion açıqlamalar
Full Article 3 minutes read

İran prezidentindən İslamla bağlı sensasion açıqlamalar



İran prezidenti Hassan Rouhani fevralın 24-də Tehranda 31-ci Beynəlxalq Xarəzmi Elm Festivalında çıxışında dini institutlara böyük həcmdə pul xərcləməyin ölkənin inkişafına heç bir fayda vermədiyini deyib. Onun sözlərinə görə, hökumətin elmi islamlaşdırmaq cəhdləri uğursuzluğa düçar olub. Çıxış dövlətin IRINN xəbər televiziya kanalında canlı yayımlanıb.

İranın məhkəmə sisteminin rəhbəri ayətulla Sadeq Amoli Larijani isə prezident Rouhani-nin bu çıxışını sərt tənqid edərək, onun bu fikirlərini «bayağı» adlandırıb.

Rouhani ifrat mühafizəkarların universitetlərin islamlaşdırılmasına dəstəyini tənqid edərkən belə deyib: «İslam riyaziyyatı, fizikası və ya kimyası, yaxud islami avtomobil sənayesi yoxdur».

«Maşının əlcək qutusuna (bardaçok) Quran qoymaqla həmin maşın islam maşını olmur», – deyə o əlavə edib.

«Elm islami, qeyri-islami olmur»

Prezident elmi «islami» və «qeyri-islami»yə ayırmağın düzgün olmadığını söyləyib. O, hər hansı elmin izahını Quranda və ya dində axtarmağın, elmlərin mənbəyini dini postulatlarla əlaqələndirməyə çalışmağın düzgün olmadığını vurğulayıb.

Rouhani elmi ideologiyadan ayırmağa, İranla dünya arasında elmi əməkdaşlığa çağırıb. O deyib ki, hökumətin elmin islamlaşdırılmasına qoyduğu böyük maddi sərmayə iflas edib.

Dini mühafizəkarlar hələ də mədrəsələrin ölkənin elmi ehtiyaclarını ödəyə, Qərb tipli universitetləri əvəzləyə biləcəyi fikrində israrlıdırlar.

1979-cu il islam inqilabının ardınca İranda elmin islamlaşdırılması məqsədilə yüzlərlə islam institutu yaradılıb.

Qum şəhərində fəaliyyət göstərən, mühafizəkar din xadimi Mohammad Taqi Mesbah Yazdi-nin rəhbərlik etdiyi İslam Elmləri Akademiyası və İmam Xomeyni adına tədqiqat mərkəzi belə təsisatlardandır. Bu qurumlar tez-tez elmi dəyəri olan hər hansı nəticə ortaya qoymadıqlarına görə tənqid hədəfinə çevrilir.

Bu ilin dövlət büdcəsindən belə institutlara milyonlarla dollar vəsaitin ayrılması mediada tənqidə yol açıb. Ötən ilin dekabrı-bu ilin yanvarında ölkədəki yoxsulluq və iqtisadi ədalətsizliyə etiraz etmək üçün küçələrə çıxmış bir çox vətəndaşın qəzəbinə səbəb olub.

İranın ali dini lideri ayətulla Ali Khamenei və köməkçiləri dəfələrlə Qərbin dəqiq və humanitar elmlərinin İran mədəniyyətinə mənfi təsir göstərdiyini bəyan ediblər.

2014-cü ildə mühafizəkar siyasətçi və Khamenei-nin yaxın qohumu Gholamali Haddad Adel deyib ki, İranda elmləri islamlaşdırmaq cəhdləri həqiqətən də uğursuz olub. Ancaq bununla yanaşı, o, dəqiq elmlərin islamlaşdırılması yönündə yeni tədbirlərin, akademik institutlarla bağlı islahatların gerçəkləşdiriləcəyini vəd edib.

550 milyon dollar

Prezident Rouhani Xarəzmi Elm Festivalındakı çıxışında, eyni zamanda, təhlükəsizlik və kəşfiyyat qurumlarını alim və tədqiqatçılardan şübhələnməməyə çağırıb. O, elm adamları və tələbələrə təzyiq göstərilməsini tənqid edib.

Bu yaxınlarda İranda bir neçə ekoloq-alim casusluq ittihamı ilə həbs edilib. İran mediası prezident Rouhani-nin bu bəyanatını həmin hadisə ilə əlaqələndirib.

Həbs olunan alimlərdən biri, doktor Kavous Seyed Emami fevralın əvvəli həbsxanada vəfat edib. Rəsmilər onun ölümünü intihar adlandırsalar da, hüquq müdafiəçiləri bu iddianı rədd edir.

Gələn il dövlət büdcəsindən dini institutlara ayrılacaq vəsaitin 10 faiz artırılaraq, 550 milyon dollara çatdırılacağı gözlənilir.

Ümumiyyətlə, Rouhani-nin prezidentliyi dövründə dövlət büdcəsindən dini təsisatlara ayrılan vəsaitin həcmi 26 faiz artıb.

Təkcə Əl-Mustafa Beynəlxalq Universitetinə büdcədən 75 milyon dollar vəsait ayrılıb. Bu dini universitetin məqsədi İranda və digər ölkələrdə oxuyan xarici tələbələrin təhsilinə yardım etməkdir. (azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.