Now Reading:
İlham Əliyevin “sosial dövlət”i
Full Article 4 minutes read

İlham Əliyevin “sosial dövlət”i

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Rövşən Hacıbəyli

“…Mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycan dövləti sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”
(Azərbaycan prezidenti İlham Əliyev)

Gəlişigözəl sözlər deyil, həqiqətən sosial dövlətə qoyulan tələbdə öndə vətəndaş dayanır, hakimiyyətin başlıca vəzifəsi vətəndaşın qayğısız həyatını təmin etməkdir. Ölkə başçısı da bu fikri ən müxtəlif görüşlərdə dəfələrlə səsləndirməklə başında durduğu hakimiyyətin həmin prinsipə sadiqliyini sübut etmək istəyib. Xüsusilə regionlardakı görüşlərində ölkəmizin sosial dövlət olmasından gen-bol danışıb; onun görüşünə gətirilən büdcə təşkilatlarında çalışan “zəhmətkeşlər” qarşısında. Bəs bugünkü Azərbaycanda durum necədir?
Yox, qabaqca sosial dövlətin nə olduğuna baxaq, görək politologiyada yazılanlarla bizim dövlətdə olanlar arasında uyğunluq var?
SOSİAL DÖVLƏT — vətəndaşların rifahını başlıca vəzifə kimi qəbul edən dövlət anlayışı olub onların iqtisadi və sosial əmin-amanlığının qorunması və irəli çəkilməsində dövlətin əsas rol oynamasını təklif edir. Bu sistem sosial ədalət təmin olunan, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi quruluşdur.

Bu modelə görə dövlət vətəndaşların firavan həyat şəraitinin yaradılmasında əsas məsuliyyət daşıyan qurumdur. Bu modeldə dövlətin vəzifəsi daha geniş əhatəli olur, çünki bir vətəndaşın rifahının hər bir yönü üçün məsuliyyət dövlətin üzərinə düşür və bu məsuliyyət heç bir fərq qoyulmadan ölkənin bütün vətəndaşlarına aiddir.
Bu sitatdan sosial dövlət haqda müəyyən anlayışımız oldu. Bəs dövlətin vəzifə borcu kimi üzərinə düşən işi yerinə yetirdiyinə vətəndaş olaraq şahidikmi?
Doğum evlərində qiymətlər hər kəsə bəllidir. Bir uşağın doğulması üçün valideynlər 800 manatdan 5000 manata qədər xərcə düşə bilərlər. 9 aylıq hamiləlik dövründə həkim nəzarətində olmağı nəzərə alsaq, məbləğ yetərincə böyüyəcək.
Sonra bağça gəlir. Artıq neçə ildir dövlətin nəzarətində olan bağçaların sıradan çıxarıldığının şahidiyik. Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti arasında ötür-ötür oyununda bu bağçalar ələnib sıradan çıxdı. Statistik məlumatlara görə, dövlətin nəzarətində olan bağçalar tələbatın 20-30 faizini belə ödəmir. Üstəlik, bir çağlar pulsuz olan bağçaların yerini özəllər tutdu. Bu bağçalardasa qiymətlər 200-600 manat arasında dəyişir.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi var. Burada illik təhsil haqqı Azərbaycan və rus bölmələri üçün 9 min manat, ingilis təmayüllü siniflərdəsə 12 min manatdır. Öz saytlarında belə yazılıb, ancaq ola bilsin, bu köhnə qiymətdir, bizdə bu tipli saytlarda yenilənmə dəbdə deyil. Təhsil Nazirliyinin tabeliyindəki orta məktəblərdəki durumsa hər kəsə bəlli olduğundan üstündə keçirik, ancaq müxtəlif dəftər-kitab, testlər, əlavə vəsaitlərin də valideynlərə yetərincə baha başa gəldiyini də vurğulamağı unutmayaq. Hələ üstəlik, bəzi məktəblərdə müxtəlif adlar altında yığılan pullar da var…
Bəs “sosial dövlət” olan Azərbaycanın ali məktəblərində durum necədir? İnternetdə apardığımız kiçik bir axtarışın nəticələri ilə siz də tanış olun, bir daha.
Bakı Dövlət Universiteti – 1500-3800
ADA Universiteti 6000-28000 manat.
Azərbaycan Dillər Universiteti 1000-2500 manat.
Azərbaycan Texniki Universiteti 1500-1600 manat.
Dövlət İdarəçilik Akademiyası 2000-2500 manat.
Neft və Sənaye Universiteti 1600-1800 manat.
Xəzər Universiteti – 2500-4000 manat.
Tibb Universiteti 2000-3000 manat.
Turizm və Menecment Universiteti 2500-3000 manat.
Bu qiymətlərlə yetərlənməyən “sosial dövlət” daim düşündüyü vətəndaşını nəzərə alıb bu ildən sınaq imtahanlarını da pullu edib.
Belə ki, bu ildən sınaq imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 20–100 manatdır. Lenin baba yaxşı deyib: “Oxumaq, oxumaq, yenə də oxumaq”. “Sosial dövlət olan Azərbaycanda insan amili ön plandadır” – bunu da bir “social dövlət”in başçısı deyib…
Hə, yaddan çıxarmayaq, bu il “sosial dövlət”in başçısı minimum əmək haqqının artırılmasıyla bağlı sərəncam imzalayıb. Yanvarın 1-dən minimum əmək haqqı 116 manatdır.
“Sosial dövlət”in vətəndaşlarının hələ də tibbi sığortası yoxdur.
P.S.Ədalətsiz olmayaq, İlham Əliyev son 3 ayda 85 min yeni iş yerinin açıldığını deyib. O iş yerlərini kim tapsa, sosial problemlərini xeyli azaltmış olar. Uğurlar!

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.