Hüseyn Abdullayevin İlham Əliyevə rəqib olmaq arzusu nəyə xidmət edir?


Sabiq deputat, hazırda Almaniyada mühacirət həyatı yaşayan Hüseyn Abdullayev Azərbaycanda 2018-ci ildə keçirələcək prezident seçkisində iştirak edəcəyini açıqlayıb.

24saat.org xəbər verir ki, sabiq deputatın “Facebook” səhifəsində prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan etməklə yanaşı, seçiləcəyi təqdirdə görəcəyi işlər barədə də qısa məlumat verib:

“Məlumat üçün sizlərə bildirməliyəm ki, mən Hüseyn Abdullayev gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürmək niyyətindəyəm. Əminəm ki, bu yüksək vəzifəyə seçildiyim təqdirdə dağılmaqda olan iqtisadiyyatımızın bərpa edilməsini, eləcə də hüquq, məhkəmə, vergi, təhsil, səhiyyə ve digər vacib sahələrdə köklü və radikal islahatların aparılmasını təmin etmək gücündəyəm.
Bilirəm, bu qərara gəlməyim Bakıdakı bir çox xain qüvvələri ciddi şəkildə narahat edəcək və onlar tərəfindən şəxsimə qarşı yönəlmiş çirkin qarayaxma təbliğatlara start veriləcəkdir. Çünkü onlar yaxşı bilirlər ki, mənim Azərbaycana qayıtmağım onların kriminal əməllərinə, cəzasızlığına, korrupsiyasına və qudurğançılığına son qoymaq deməkdir. Bəri başdan həm onlara, həm də uzun illər onlarla işbirliyində olan bəzi saxta və cib müxalifət funksionerlərinə bəyan edim ki, onların heç bir avantürası məni öz yolumdan və doğma xalqıma xidmət etmək arzusundan çəkindirə bilməz. Önəmli olan millətimizin istəyi və qərarıdır. Əgər canım qədər sevdiyim Azərbaycan xalqı mənə ehtimad göstərib, bu vəzifəyə layiq görərsə, qayıdıb öz ölkəmə, doğma yurduma və millətimizin xoşbəxt, firəvan və hüzur içində yaşamasının təmin edilməsinə çalışaram. Hesab edirəm qanında əsil Azərbaycanlı qanı axan hər bir övlad üçün bundan gözəl və bundan böyük bir arzu, niyyət ola bilməz. Vətənə xidmət ən böyük ibadətdir. Mən ömrüm boyu bu arzu və bu amalla yaşamışam. Həyatım boyu hər bir uğurumu hamımız üçün doğma olan Azərbaycanımızın adına bağlamışam. Mənim prezident olmaq iddiamın tək bir səbəbi varsa,oda ölkemizi inşaf etmiş azad, demokratik ve güclü iqtisadiyya sahib olan bir dövlətlərin sırasında görməkdir, . Bizim xalqımız çox istedadlı və bacarıqlıdır. Xalqımız o zaman Vətənimiz üçün böyük uğurlara imza ata bilər ki, hər bir vətəndaşın hüquq və demokratiya yolunda zəfərlər əldə etməyi özünün həyat normasına çevirə bilsin. Dəyərli soydaşlarım! Azərbaycanın Ana Yasasına görə hər bir vətəndaşın prezident olmaq, seçib və seçilmək hüququ vardır. Çox təəssüflər olsun ki, ən adi vətəndaş hüquqlarınız əlinizdən alınıbdır. Mən prezident seçiləcəyim təqdirdə, dövlət quruculuğunda ölkə vətəndaşlarının iştirakı modelini dövlət sisteminə çevirəcəyəm. Hər bir millət və dövlət o zaman güclü olur ki, ölkənin quruculuq işlərində bütün insanlar bərabər şəkildə bu prosesdə iştirak edir. Bu hüquqlar əlinizdən alındığı üçün, uzun illərdir ölkəmizdə qanunsuzluq, cəzasızlıq, kütləvi işsizlik və digər problemləri hamılıqla yaşamaq məcburiyyətində qalmışıq. Mən prezident seçiləcəyim təqdirdə, ölkəmizi ancaq mütəxəssislər idarə edəcək. Milli gəlirlərimiz bərabər şəkildə vətəndaşlar arasında paylanılacaq. Alimlərin, müəllimlərin, həkimlərin və ziyalıların maaşları prezidentin maaşından bir neçə dəfə çox olacaq. Bunu qəti şəkildə bildirirəm. Korrupsiyanın kökünü isə birdəfəlik siləcəyəm. Gənclik siyasətini dövlətin ən ali qanunları ilə təmin edəcəyəm. “Xəlvəti iqtisadiyyata” aministiya tətbiq edəcəyəm. Ölkəmizin bütün istehsal vasitələrini rəsmiləşdirəcək və milli gəlirimizi daxili istehsalın sayəsində gücləndirəcəyəm. “Traybalizm”, “tayfaçılıq” və “yerlibazlıq” siyasətinə son qoyacam. Hər bir azərbaycanlının qürurla və alnıaçıq şəkildə yaşayacağı bir dövlət modelini rəsmiləşdirəcəyəm”.

Hüseyn Abdullayevin bu bəyanatı siyasi düşərgələrdə birmənalı qarşılanmayıb.

Hakimiyyət düşərgəsi bəyanata sərt reaksiya verib. Həmçinin iqtidara yaxın mediada Hüseyn Abdullayevin namizədlik iddiası aşağılayıcı şəkildə tirajlanıb.

Müxalifət düşərgəsinə gəlincə, burada Hüseyn Abdullayevin seçkidə iştirak məsələsinin səsləri parçalamaq üçün yeni layihə olduğunu düşünənlər var.

Qeyd edək ki, Hüseyn Abdullayev vaxtilə hakimiyyətin ən qızğın tərəfdarlarında biri, eyni zamanda “vuran əli” olub. Müxalifətin mitinqlərinin dağıdılmasında Hüseyn Abdullayevin rəhbərlik etdiyi quldur dəstələrinin müstəsna rolu olması barədə çox yazılıb. 2005-ci ildə parlament seçkilərində deputat mandatı qazanan Hüseyn Abdullayev bir müddət sonra arzuolunmaz çıxışları ilə hakimiyyətdə etimadını itirməyə başlayıb. Nəhayət, Milli Məclisdə Fəzail Ağamalı ilə dava hakimiyyət-Abdullayev arasındakı kəskin münasibətləri pik həddə çatdırıb və sabiq deputat həbs olunub. Bir neçə illik həbsdən sonra Hüseyn Abdullayev Almaniyaya gedib və oradan hakimiyyət əleyhinə kəskin bəyanatlar səsləndirib.

Görünən odur ki, hakimiyyətlə Hüseyn Abdullayev arasında körpülər yanıb. Lakin onun namizədlik bəyanatından sonra belə ehtimallar irəli sürülür ki, sabiq deputat hakimiyyətdaxili ziddiyyətlərin fonunda qruplaşmalardan biri ilə əməkdaşlıq edə bilər və mümkündür ki, onun namizədlik məsələsi də hansısa planın tərkib hissəsi olsun. Güman edilir ki, həmin qruplaşmanın maraqları təmin olunduqdan sonra Hüseyn Abdullayev namizədliyini geri çəkəcək.

24saat.org

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Heydər Əliyevin keçmiş mühafizəçisi bıçaqlandı – “LOTU QULİYƏ” SATAŞMIŞDI

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: