Now Reading:
“Human Rights Watch”ın Azərbaycanla bağlı hesabatı aranı qatdı
Full Article 5 minutes read

“Human Rights Watch”ın Azərbaycanla bağlı hesabatı aranı qatdı



İqtidar deputatı “onlar Azərbaycan kimi önə çıxan dövlətlərə təzyiq edir”, deyir; ekspert isə təşkilatın qiymətləndirməsini doğru sayır

 
“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı ötən ilə üzrə dünya ölkələri ilə bağlı hesabatını açıqlayıb. Hesabatda 90 ölkədə insan haqlarının vəziyyəti və bu sahədə hökumətlərin fəaliyyəti təhlil edilir. Hesabatın bir fəsli də Azərbaycana həsr olunub.
 
Burada Azərbaycan hökuməti sərt şəkildə tənqid olunur. 2016-cı ildə demokratiya və insan haqlarını boğduğu və ölkə daxilində bir sıra həbslər həyata keçirdiyi, bir zamanlar müstəqil olan vətəndaş cəmiyyətinin daha ağır vəziyyətə salındığı qeyd olunur. 
 
Sənəddə deyilir ki, hakimiyyət siyasi motivlərlə məhkum edilmiş 17 insan haqları fəalı, jurnalist və siyasi fəalı həbsxanadan azad edib, lakin elə 2016-cı ildə həbs olunanlarla birlikdə azı, 25 hökumət tənqidçisi dəmir barmaqlıqlar arxasında qalıb. Təşkilat bildirir ki, məhdudlaşdırıcı qanunlar QHT-lərin fəaliyyətini mümkünsüz hesab edir. “Human Rights Watch” məhbuslar və saxlanılan şəxslərə qarşı işgəncə hallarından da söz açır.
Hesabatda REAL sədri İlqar Məmmədov başda olmaqla, bir sıra siyasi məhbusların hələ də həbsdə saxlanıldığı vurğulanır. Bundan əlavə, beynəlxalq qurum bildirir ki, ABŞ, Avropa İttifaqı və Azərbaycanın başqa beynəlxalq partnyorları hökumət tənqidçilərindən bəzilərinin azadlığa buraxılmasını alqışlasa da, hakimiyyətə insan haqlarının vəziyyətini yaxşılaşdırması üçün təzyiq göstərə bilməyiblər.
Image result for İlqar məmmədov
Göründüyü kimi, hesabat əvvəlki illərdəkindən heç də fərqlənmir, əksinə, sonuncu sənəddə daha sərt nüanslar var. Bu da Azərbaycan hökumətinin ötən ildəki əfv sərəncamını və həyata keçirdiyi amnistiya aktını, eləcə də, bir çox məşhur siyasiləri məhkəmə yolu ilə azad etməsini kölgə altına salır.
YAP-ın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı bildirdi ki, bu cür təşkilatların yazdıqları üçün əsaslı olmamalıdır: “Yaxınlarda Avropanın iki qurumu rəsmi şəkildə bəyan etdi ki, ötən il 10 mindən çox uşaq itkin düşüb. Orta Şərqdən gələnlər Almaniya, Yunanıstan və digər ölkələrə gələ biliblər, amma yoxdurlar. Bununla bağlı “Human Rights Watch”un hansısa açıqlaması varmı? Əgər 10 min uşağın taleyinə bu qurum biganə qalırsa, indi hansı obyektivlikdən danışır? Onların bir obyektiv hesabatını göstərsinlər, sonra deyim ki, o təşkilata qarşı qərəzli fikirləşmişəm. Elə bir pusquda dayanıblar, hansı ölkə inkişaf etməyə başlayırsa, dərhal hücuma keçirlər. Azərbaycanda şərəf və ləyaqəti pozan insanlara qarşı bir addım atılan kimi “Human Rights Watch” tipli beynəlxalq təşkilatlar hərəkətə gəlirlər. İnsanları öldürən, terrorçuları dəstəkləyən ölkələr barəsində bu təşkilat niyə bir dəfə də olsun mövqe bildirmir? Desinlər ki, Azərbaycan, Gürcüstan və digər ölkələrdə bu problemlər var, amma Avropada da bunlar var. Bir neçə ölkəni qaralayıblar.
Image result for Məlahət İbrahimqızı
Bəzi ölkələrdə Əfv Komissiyası deyilən qurum belə yoxdur. Amma ölkəmizdə bu qurum 20 ildən çoxdur fəaliyyət göstərir. Bu komissiya hansısa ölkənin, yaxud təşkilatın diktəsi ilə yaradılmayıb. Bizim dövlətimizin öz müstəqil siyasəti var. Siz o təşkilata sual verin ki, niyə Amerikanın onlarla ştatında ölüm hökmü ləğv olunmayıb? 
Türkiyədə 15 iyul qiyamından sonra ictimaiyyətin ölüm hökmünün bərpası ilə bağlı tələbləri meydana çıxanda “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar az qalsın özlərini öldürsünlər. Orada xalq azad fikir səsləndirirdi. Amma bununla belə millət vəkili olaraq, ABŞ-da ölüm hökmünün bəzi ştatlarda saxlanılması ilə bağlı bir söz deyə bilmərəm.
Çünki ö dövlətin daxili qanunları var. Həmçinin İran barədə də bunu deyə bilərik. Əfv məsələləri çox həssasdır. Yoxsa biri cinayət törətsin, sonra saxta yolla müxalifət vəsiqəsi alsın, yaxud kiminləsə şəkil çəkdirsin, sonra da desin ki, siyasi məhbusam, siyasi düşüncəmə görə həbs olunmuşam. Cinayətkarlar arasında YAP üzvləri də var. Amma cinayət törədənin kimliyi önəmli deyil ki. “Human Rights Watch” kimi təşkilatlar öz varlıqlarını göstərmək üçün arada bu tipli hesabatlarla çıxış edirlər. Bu məsələlərə diqqətlə yanaşmaq lazımdır. Sizləri əmin edirəm ki, ertəsi gün Azərbaycanda məhbəsdə olan bütün məhbuslar azad olunsa belə, onlar yenə yazacaqlar. Çünki onların peşəsi inkişaf edən, dünyada önə çıxan Azərbaycan kimi dövlətlərə basqı etməkdir”.
Image result for Mehman Əliyev
 
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə beynəlxalq təşkilatın hesabatının doğru olduğunu bildirdi: “2015-ci ilin sonu və ötən ilin əvvəllərində yüzə qədər siyasi məhbus qeydiyyatda var idi. Onların təxminən 60%-i azad olunsa da, yerləri başqaları ilə dolduruldu. Son zamanlar siyasi məhbusların sayı 100-dən 160-a qalxıb. İldən-ilə say artmaqdadır. Vətəndaş cəmiyyətinə qarşı təzyiqlər də davam edir, jurnalistlərin həbsi və işgəncə halları da var. Prezidentin Nazirlər Kabinetinin son iclasında bəzi təşkilatların xaricdən maliyyələşdirilməsi, “Beşinci kolon”la bağlı fikirlər də təsadüf deyil. Bu hesabat münasibətlərə müəyyən qədər kölgə salacaq. Prezident 10 yanvarda Nazirlər Kabinetinin iclasında özü tərəfindən imzalanan  “Yol xəritəsi” ilə bağlı bir cümlə işlətmədi. 2016-cı ilə islahatlar ili elan olunur, növbəti illər üçün strateji yol xəritələri hazırlanır, lakin iclasda bununla bağlı bir kəlmə danışılmır. Televiziya kanallarında müxalif iqtisadçı ekspertlərin biri belə ekranlara buraxılmır. Qubad İbadoğlu, Natiq Cəfərli və digər kifayət qədər savadlı, dünyada tanınan ekspertlərimiz var, hansını televiziyada görmüşünüz? Bütün bunlara görə hesab edirəm ki, qiymətləndirmə düzdür, təsirləri də olacaq”.
Cavanşir ABBASLI

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.