Hökumətin əleyhinə təbliğat aparan hökumət mediası


Hakimiyyət Milli Şuranın razılaşdırılmış 28 oktyabr mitinqinə insanların getməməsi üçün bütün vasitələrə al atır. Hətta hökumətin “sanballı” media orqanları insanları mitinqdən çəkindirmək üçün hökumətin əleyhinə sayılabiləcək məlumatlar dərc etməkdən belə çəkinmirlər. Məsələn, SOCAR-dan maliyyələşən Report.az saytının bu gün səhər saatlarında dərc etdiyi xəbər sanki müxalif media tərəfindən hazırlanıb. Hökumətin başbilənləri də “Milli Şuranın mitinqi ilə bağlı 100-ə yaxın şəxs polisə ÇAĞIRILIB” başlıqlı (report.az/daxili-siyaset/milli-suranin-mitinqi-ile-bagli-100-e-yaxin-sexs-polis-bolmelerine-cagirilib/) bu xəbəri “ayı xidməti” hesab edərək, bir müddət sonra saytdan çıxartırıblar. Ancaq artıq iş-işdən keçib və çox sayda media orqanı bu məlumatı geninə-boluna tirajlayıb.

Xəbərə diqqət edək: “Aidiyyəti orqanlar Milli Şuranın oktyabrın 28-nə təyin etdiyi mitinqdə iştirak edə biləcək şəxslərin müəyyənləşdirilməsi və onlarla müvafiq iş aparılması istiqamətində səylərini davam etdirirlər. Bu məqsədlə dövlət orqanlarında, səhiyyə, təhsil, mədəniyyət müəssisələrində və digər sahələrdə çalışanlara xüsusi nəzarət həyata keçirilir.

Bu günə kimi daxili işlər orqanları tərəfindən mitinq iştirakçısı olan 100-ə yaxın şəxs polis bölmələrinə dəvət edilib.

Müəyyən olunub ki, onların bir qismi 2017-ci ildə Rusiya, İran, Türkiyə və Gürcüstanda səfərlərdə olublar. Hazırda həmin şəxslərin xarici ölkələrdəki əlaqələri, müəyyən maraqlı dairələrin nəzarəti altında fəaliyyət göstərib-göstərməmələri araşdırılır. DTX müxalifətin mitinqində terror törətmək istəyən qrupu zərərsizləşdirdikdən sonra isə bu məsələlər daha ciddi aktuallıq kəsb etməyə başlayıb. O da məlum olub ki, polisə dəvət olunan şəxslərin bir qismi kriminal keçmişə malikdir.

Qeyd edək ki, aksiyanın keçiriləcəyi “Məhsul” stadionunun bir neçə yerində videoçəkilişlər aparılır, mitinqdə iştirak edənlərin foto və videogörüntüləri əsasında cəza tədbirləri həyata keçirilir.

Aksiyada iştirakı müəyyən edilənlərin əvvəl fotoları çıxarılır. Onlar rəhbərlik tərəfindən çağırılaraq faktlar sübut kimi qarşısına qoyulur və heç bir izahat tələb etmədən işdən kənarlaşdırılırlar. Mitinqdə iştirak edənlərin “maraq üçün getmişdik”, “danışdıqları ilə razı deyilik” kimi bəhanələrinə diqqət yetirilmir. Tədbir işçilərinin özləri ilə yanaşı, həm də yaxınlarının təzyiqlərə məruz qaldığı barədə məlumatlar var.

Xatırladaq ki, Milli Şuranın bundan əvvəlki mitinqlərində iştirak edən orta məktəb müəllimləri, MİS işçiləri, hətta mədəniyyət sahəsində çalışan tanınmış şəxslər belə işlərindən kənarlaşdırılıblar. Həmçinin aksiyada iştirak edən tələbələr də bu və ya digər bəhanələrlə ciddi cəza tədbirlərinə məruz qalıblar”.

Xəbər əslində, konstitusion hüququndan yararlanaraq icazəli mitinqə gedənlərə qarşı hakimiyyətin qanunsuz əməlindən bəhs edir. Xəbəri hazırlayanlar isə hesab ediblər, əslində, həqiqət olan və hakimiyyətin anti-demokratik mahiyyətini ortaya qoyan bu xəbəri yaymaqla guya insanları mitinqə getməkdən çəkindirəcəklər.

Eyni məqsədə xidmət edən digər bir məlumat isə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yayılıb. Xırdalanda xarici dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin müəyyən edilərək məhv edilməsi barədə rəsmi xəbərdə qeyd edilir ki, onlar oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəliblər.

Ekspertlər isə hesab edirlər ki, mahiyyətin nə olmasından asılı olmayaraq, terrorçularla bağlı məsələnin mitinqlə əlaqələndirilməsi, bu tip mitinqlərin ölüm təhlükəsi saçan bir toplantı olması barədə insanlarda rəy yaratmaq, həmçinin mitinq öncəsi və sonrası iştirakçıların polisə çağırılmasına hüquqi don geyindirmək cəhdidir.

24saat.org

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Azərbaycan hökuməti Merkelin partiyasına ianə veribmiş

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: