Now Reading:
Hökumət kənd təsərrüfatında zorakı siyasətini davam etdirir
Full Article 2 minutes read

Hökumət kənd təsərrüfatında zorakı siyasətini davam etdirir



Rövşən Ağayev

Yerli icra orqanlarının vətəndaşları öz şəxsi mülkiyyətində olan torpaqlarında pambıq əkməyə məcbur etməsi narahatlıq doğuran məsələdir.
Əvvəla, bu insan haqqı məsələsidir – vətəndaşı özü istəməyi hansısa bir işə məcbur etmək insan hüquqlarının pozulmasıdı.
İkincisi, bu mülkiyyət hüququnun pozulmasıdı – insanların öz şəxsi mülkiyyətindən necə istifadə etməsinə yalnız özləri qərar verə bilər.
Amma burda maraqlı olan başqa məsələlər də var.
Kənd təsərrüfatına yararlı torpaqların cəmi 25%-i pay torpaqları formasında vətəndaşlara verilib – təxminən 1.3 milyon hektar. Yerdə qalan 3.5 milyon hektara yaxın kənd təsərrüfatına yararlı torpaq dövlət və bələdiyyə mülkiyyətində saxlanılıb. Eyni zamanda, dövlət və bələdiyyə mülkiyyətində saxlanan kənd təsərrüfatı torpaqlarının 600 min hektara yaxını əkinə yararlı torpaqlardır.
İndi əsas sual da budur – niyə məmurlar dövlət və bələdiyyə mülkiyyətində olan yüz minlərlə hektar torpağın 150-200 min hektarını pambıq əkinlərinə cəlb etməklə vətəndaşları rahat buraxmaq istəmirlər? Axı vətəndaşların əlindəki az həcmdə torpaqla ölkənin ərzaq təhlükəsizliyi təmin edilir. Rəsmi statistika özü etiraf edir ki, bütün kənd təsərrüfatı məhsullarının ən azı 90%-i ev təsərrüfatlarının sərəncamında olan həmin 1.3 milyon hektar torpaqda istehsal edilir.
Əgər doğrudan da pambıq əkmək fermerlər üçün sərfəlidirsə, hökumət insanları incitmədən burda belə mexanizm tətbiq edə bilər: 1) dövlət və bələdiyyə mülkiyyətində olan əkinə yararlı və suvarıla bilən torpaqlardan təxminən 100 min hektar torpaq fondu açıq müsabiqələr vasitəsilə fermerlərə təklif edilir; 2) Bu torpaqlar üçün icarə haqqı alınmır, suvarma suyu üçün haqq alınmır; 3) Bu əkinlərə becərmə başlayan andan kənd təsərrüfatı sığortası təmin edilir, sığorta ödənişlərinin bir hissəsini hökumət, bir hissəsini də pambıq zavodları üzərinə götürür.
Əgər belə şərtlər altında pambıq əkməyə iddialı fermerərin sayı çox olacaqsa, deməli bu sahə mənfəət gətirir, maraq olmayacaqsa, deməli sərfəli iş deyil.
Bu mexanizmin tətbiqinin bir üstünlüyü də odur ki, pambıq əkini on minlərlə adamı cəlb etməklə 0.5-1 hektarlıq sahələrdə yox, daha az sayda insan hesabına ən azı 50-100 hektarlıq sahələrdə həyata keçiriləcək. Miqyas effekti hesabına xərclərin azalması pambıq əkinlərini daha rentabelli edə bilər..

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.