Now Reading:
Gözəl Bayramlı barədə hökm İ.Əliyevin Xalq Cəbhəsinə qarşı növbəti repressiyasıdır
Full Article 2 minutes read


Cəmil Həsənli

Bu gün saxta qaçaqmalçılıq ittihamı ilə Qazax rayon məhkəməsi AXCP sədrinin müavini, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gözəl Bayramlını 3 il müddətinə azadlıqdan məhrum edib. Bu 3 il gəlib keçəcək, amma bu saxta hökmün üz qarası əbədi olaraq hakimiyyətin sifətindən silinməyəçək.

Gözəl xanımın şəxsi keyfiyyətləri və siyasi fəaliyyətindən danışmağa gərək yox. Əslində həbsi də dönməz xarakteri, sərt siyasi portreti, İlham Əliyev rejiminin mahiyyətini üzlərinə demək əzmi ilə bağlıdır. Gözəl xanıma qarşı ittiham saxta idi, bu məhkəmə prosesində də bəlli oldu. Amma bu məmləkətdə məhkəmə nəyi həll edir ki? Onun işini prezident aparatı və digər qurumlardan verilən hökmləri rəsmiləşdirməkdir.

12 min dollar məbləğində pulun Gözəl xanımın çantasına atıldığı şəksizdir. Amma bu ölkədə milyardları ölkədən əyri yollarla çıxaranlara, natəmiz ofşorlardan adları və hesabları aşkarlananlara, Avropanın muzey şəhərlərini məhəllə-məhəllə satın alan vəzifəli şəxslərə, Avropa deputatlarını və siyasilərini korrupsiya pulları ilə satın alanlara, Müdafiə, Müdafiə Sənayesi, Fövqəladə Hallar və keçmiş təhlükəsizlik nazirliyinin büdcə vəsaitlərini oğurluq yolu ilə xaricə qaçıranlara kim nə deyib?
Gözəl xanımın 3 il azadlıqdan məhrum edilməsi, 30 ilə yaxın azadlıq uğrunda dönməz mübarizəsi ilə bağlıdır. O, hakimiyyətin hazırladığı “Gürcüstan işi” ssenarisi əsasında həbs edilib. Araşdırmaçı jurnalist Əfqan Muxtarlının, professor Fərman Ceyranlının həbsi də eyni işin ayrı-ayrı epizodlarıdır. Ola bilsin həbslər ssenaridə nəzərdə tutulduğu kimi daha geniş dairəni əhatə edəcəkdi və xaricdən maliyyə almaqla ölkədə konstitusiya quruluşunu zor gücünə devirmək absurduna qədər yüksələcəkdi. Lakin Əfqan Muxtarlının Tbilisi küçələrindən oğurlanmasının doğurduğu beynəlxalq rüsvayçılıq işləri yarımçıq qoydu, qaçaqmalçılıq, sərhəd pozucusu, hakimiyyət nümayəndələrinə müqavimət göstərmək kimi “kiçik” ittihamlarla “kifayətlənməli” oldular.

AXCP rəhbərliyə daxil olan şəxslərin böyük bir dairəsi saxta ittihamlarla həbsə alınıblar. Bu gün Gözəl xanıma da hökm oxundu. Partiya sədrinin azadlıqda heç bir müavini, heç bir müşaviri demək olar ki, qalmayıb: Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Seymur Həzi və başqaları. Bütün bu həbslər dalğası İlham Əliyev hakimiyyətinin ölkənin aparıcı müxalifət partiyası kimi Xalq Cəbhəsinə qarşı repressiya və təqib siyasətinin amansız təzahürüdür.

azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.