Now Reading:
“Gördük hökumətdən səs çıxmır, özümüz çadır qurmağa qərar verdik”
Full Article 2 minutes read

“Gördük hökumətdən səs çıxmır, özümüz çadır qurmağa qərar verdik”



«Gördük hökumətdən səs çıxmır, özümüz çadır qurmağa qərar verdik. Bu, ilk çadır olmayacaq, tədbir görülməsə, Hövsanın ortasında çadırlar yüzə çatacaq».

«BURDA DA ADAM BALASI YAŞAYARMI?»

Bu həftə Mərdəkandakı keçmiş pansionat binasının ardından aprelin 13-də Hövsandakı 24 saylı yataqxananın da qarşısında çadır qurulub. Köçkün Ziya Əhmədov AzadlıqRadiosuna bildirib ki, yaxın günlərdə hökumət çarəsini etməsə, yataqxanada məskunlaşmış 100-ə yaxın ailənin hamısı çadır həyatına keçəcək.

Bəs köçkünləri çadıra köç etmək məcburiyyətində qoyan səbəb nədir? Köçkün İntizar Vəliyeva deyir, səbəb qəzalı və dəfələrlə uçquna məruz qalmış binada yaşamaq qorxusudur:

«Oturduğun yerdə bir də görürsən hansısa otaq uçdu, mətbəx, tualet – hamısı dağılıb. Dağıntıların içərisində yaşayırıq. Fövqəladə Hallar Nazirliyindən, icra hakimiyyətindən gələn nümayəndələr «ayə, burda da adam balası yaşayarmı» deyib başlarını yelləyib gedirlər. Bina çoxdan qəzalı siyahısına düşüb. Ancaq hökumət 100-ə yaxın ailənin həyatı ilə oynayır».

«ÖLÜLƏRİ ƏLƏ GƏLMƏZDİ»

Aprelin 13-dən Hövsanın mərkəzində – Rüfət Abdullayev küçəsində qurulan çadırda otağı tamamilə uçmuş bir ailə yerləşib. Digər köçkünlər də çadır quracaqlarını bildirirlər.

Köçkün Samir Məmmədli deyir, binadakı pilləkənlər dağıldığından aşağı mərtəbədəkilər elə eyvandan gedib gəlirlər. Pilləkənlərdən istifadə edən yaşlı insanlar və uşaqlar çox vaxt yıxılıb qol-qıçını qırır:

«Hər ailədə, azı, 4-6 nəfər var. 2013-cü ildə təmirə ehtiyacı olduğunu dedilər, sonra bina hissə-hissə dağılmağa başladı. Zirzəmi çirkab su ilə doludur, iyindən-üfunətindən binaya daxil olmaq mümkün deyil. Dağıntıları görmək lazımdır, danışmaqla bitmir. Uşaqlar dəhlizdə oynadıqları yerdə böyürdən tavanın betonu dağıldı, yerə töküldü. Allah qorudu, başlarına uçsaydı, ölüləri də ələ gəlməzdi. Bir uşaq qorxudan sarılığa tutuldu. Binada sağ-salamat adam qalmayıb, şəraitsizlikdən, antisanitariyadan vərəm baş alıb gedir. Tualet yoxdur, adamlar təbii tələbatlarını elə dağıntıların arasında ödəməyə məcburdur».

«UZAĞI 60-70 AİLƏ VAR»

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən (Qaçqınkom) məsələyə münasibət öyrənmək mümkün olmasa da, Suraxanı rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, elə bu günlərdə Fövqəladə Hallar Nazirliyindən və «Qaçqınkom»dan təmsilçilər gələrək yataqxana sakinləri ilə görüşüb.

«Onlara bildirilib ki, prezidentin göstərişi var, yaxın vaxtlarda inşa olunacaq binalara ilk növbədə qəzalı yataqxanalarda məskunlaşmış köçkünlər yerləşdiriləcək. Həm də orda 100 ailə yoxdur, uzağı, 60-70 ailə var», – qurumdan bildirilib. Çadır qurulmasına gəlincə, qurumdan deyilib ki, hazırda nümayəndələri yataqxana ərazisindədirlər və vəziyyətlə maraqlanırlar.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: