Now Reading:
Firuz Dadaşov: “Tufandağdakı hadisə – sistemli böhranın göstəricisidir”
Full Article 11 minutes read


“Yeni Rəyasət Heyətində bir nəfər də olsun alpinist yox idi! Ancaq turizmlə məşğul olan adamlardır. Bizim seçmədiyimiz və alpinist olmayan şəxslər bizə necə rəhbərlik edə bilər? Soruşmaq istərdim: Rəyasət Heyətinin üzvləri hansı ekspedisiyalarda olublar, onların hansı idman titulları var, alpinizmdə hansı xidmətləri var?”

Alpinizm Federasiyasının mövcud durumu və bu üzdən baş verən fəsadlar barədə “Basta” ya danışan Respublika Alpinist-Turist Klubunun (RATK) uzvu, birinci dərəcəli alpinist Firuz Dadaşov ictimaiəti narahat edən bəzi suallara cavab verdi.

– 2016-cı ilfevralın 13-də Alpinizm Federasiyasına prezident seçilən Məmməd Abbasbəylinin seçkisininnəticələri niyə ləğv olundu?

– Qısa desək, bu, uzun illər Alpinizm Federasiyasına qarşı aparılan düşmənçiliyin nəticəsi idi. Bu işlərin arxasında duran iki nazir var: ekologiya və idman nazirləri.

Biraz geri qayıdaq. Qurultaydan əvvəl bəzi alpinist klublarının rəhbərləri arasında mübahisə yaranmışdı. Söhbət Federasiyanın gələcək Rəyasət Heyətinin tərkibindən gedirdi.

Bu mübahisənin nəticəsi kimi, bir klub qurultayı boykot etdi və seçkilərdə iştirak etmədi. Eyni zamanda Gənclər və İdman Nazirliyinə şikayət yazdılar ki, onların hüquqları pozulur.

Qurultaya dəvət olunmuş Gənclər və İdman Nazirliyinin numayəndələri bizə açıq işarə etdilər ki, qurultayın sənədləri qeydə alınmayacaq.

Sənədlər Ədliyyə Nazirliyinə təqdim ediləndə onları iki ay saxlayıb dedilər ki, bizim qurultay qeyri- qanunidir, başqa bir qrup qurultay keçirib və onları qeydə alıblar.

Ən maraqlısı odur ki, bu, bizdən ayrılan və şikayət edən qrup deyildi. FAİREX Ekologiya Nazirliyinin süni şəkildə yaratdığı alternativ formal federasiya idi.

Təbii ki, gənclər və idman nazirinin köməyi olmasa bu, mümkün olmazdı.

Bu iki nazir bir neçə il çalışırdı ki, bizi ələ alsınlar, amma bunu edə bilməyəndən sonar Federasiyanı zəbt etmək əməliyyatını keçirdilər.

Bax, bu yolla da bizim seçdiyimiz prezident Məmməd Abbasbəyli və Rəyasət Heyətinin üzvləri Ədliyyə Nazirliyi tərəfindən tanınmadı. Əvəzində Nizami Mursaqulovun dəstəsi təsdiq edildi.

Bir şeyi də qeyd etmək istəyirəm ki, 2012-ci ildə Nizami Mursaqulov Azərbaycan Alpinizm Federasiyasından xaric edilib. Səbəb ciddi nizam-intizam pozuntusudur. O, artıq Federasiyanın üzvü də deyil.

Yəni, biz, alpinistlər Nizami Mursaqulovu ozümüzə prezident seçməmişik. Onu Huseynqulu Bağırov və Azad Rəhimov təyin ediblər.

O ki qaldı onu seçənlərə, onlar FAİREX-in üzvləridir, bu Federasiyaya daxil olan klubların üzvləri.

FAİREX Hüseynqulu Bağırovun yaratdığı və prezidenti olduğu Hava və Ekstremal İdman Növləri Federasiyasıdır.

Biz N.Mursaqulovun prezident seçildiyi konfrans haqqında İnternetdən məlumat aldıq. Məqalədə deyilirdi ki, AAF-in (Onlar kimdir? Biz, AAF-in həqiqi üzvləri onların arasında yox idik) yeni Rəyasət Heyəti seçilib və o da öz növbəsində Mursaqulovu prezident seçib.

Bəzi mənbələrdən öyrəndik ki, tədbirdə Şahdağ Milli Parkının direktoru və FAİREX üzvü Arzu Mustafayev də iştirak edib. Hansı haqla AAF-in işinə qiymət verilib?

Yeni AAF ekologiya və təbii sərvətlər nazirinin rəhbərlik etdiyi Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiyasiyasına (ADEİNFA) daxil oldu və bununla da ölkədə alpinizmin inkişafı dayandı.

Yeni Rəyasət Heyətində bir nəfər də olsun alpinist yox idi! Ancaq turizmlə məşğul olan adamlardır. Bizim seçmədiyimiz və alpinist olmayan şəxslər bizə necə rəhbərlik edə bilər? Soruşmaq istərdim: Rəyasət Heyətinin üzvləri hansı ekspedisiyalarda olublar, onların hansı idman titulları var, alpinizmdə hansı xidmətləri var?

Bilirdim ki, AAF-da alpinizm veteranları var və bunlardan biri də Rasim Cəfərovdur. Onun 77 yaşı var, mənim ilk təlimatçım olub. Orta yaşlı alpinistlərin də olduğunu bilirdik. Bizim seçkilərdə veteranlar və orta yaşlı alpinistlərlə yanaşı gənc fəallar da seçilirdi. Ancaq bu, kiminsə ürəyincə olmadı və bizim Federasiyasını, sadəcə, tapdaladılar.

Mən özümü Nizami Mursaqulovun rəhbərlik etdiyi AAF-in üzvü hesab etmirəm və heç zaman ora daxil olmaram. Alpinist yoldaşlarımın da çoxu belə düşünür. Bizə qarşı ultimatumları, qanunsuzluğu, zorakılığı qəbul etmirik. Alpinizm bizə dözümlü olmağı, çətinliklərə sinə gərməyi və onları aradan qaldırmağı öyrədib. Bunları da ötüşdürəcəyik.

– Hazırda FAİREX-in rəhbəri kimdir? Səlahiyyətlər kimə aiddir?

– FAİREX-in əvvəlki rəhbəri Hüseynqulu Bağırov idi, indiki rəhbəri ekologiya nazirinin müavini Firdovsi Əliyevdir.

Hazırda Hüseynqulu Bağırov ADEİNFA-ya rəhbərlik edir. Bu qurumun tərkibində 3 federasiya birləşib: Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAIREX), Azərbaycan Alpinizm Federasiyası (AAF) və Azərbaycan İdman Turizmi Federasiyası.

Bir neçə gün öncəyə qədər bu link işləyirdi. Gənclər və İdman nazirliyinin rəsmi səhifəsidir. Lakin Tufandağda baş verən bu faciədən bir müddət sonra Gənclər və İdman nazirliyi öz rəsmi saytından FAİREX-lə bağlı məlumatları yıgışdırıb.

Onu da qeyd edim ki, ölkə qanunvericiliyinə görə, bir idman növu ilə bir federasiya məşğul ola bilər. Amma buna zidd olaraq, Alpinizm Federasiyası olduğu halda bu idman növünü FAİREX-ə verdilər. Bunu Gənclər və İdman Nazirliyi elədi.

Bax, soruşan lazımdır, ay Firdovsi Əliyev, sənin alpinizmə nə aidiyyatın var?

Uzun illər alpinizm rəhbərliyində təcrübəli idman ustaları, təlim keçmiş, onlarla ekspedisiyaya rəhbərlik etmiş və Azərbaycandan kənarda da tanınmış adamlar təmsil olunub. Bəs indikilər kimdir?

– Ekologiya və Təbii Sərvətlər Nazirliyinin alpinistlərin fəaliyyətinə, inkişaf etməsinə hansı müsbət və mənfi təsiri var?

– Bu nazirliyin rəhbərliyi bir məqsəd güdüb – alpinizmi ələ keçirmək və bu sahəni monopoliyada saxlamaq.

Bunlara lazımdır ki, hər il 100-200 gənci ən sadə marşrutla dağa qaldırsınlar və sonra da hesabat versinlər ki, yüzlərlə idmançı hazırladılar. Və desinlər ki, “hər rayonda klubumuz var, müxtəlif yarışlarda iştirak edirik”.

Amma paradoks bundadır ki, ölkənin ən güclü alpinistləri ilə bu nazirlik düşmənçilik edir, dağlara qoymur, yarış keçirməyə icazə vermir.

Son illər alpinizmdə əldə edilən nailiyyətlərin alpinizmi idarə edən qurumlarla heç bir əlaqəsi yoxdur və olmayıb.

2016-cı ildə Federasiyada baş verən “çevriliş”dən sonra və ondan əvvəl ölkədə keçirmək istədiyimiz butün tədbirləri sabotaj edib qarşısını alırdılar.

Bürokratik qaydalar tətbiq ediblər. Nəinki yerli dağcılar,hətta olkəyə gələn turistlər belə Şahdağ Milli Parkına cətinliklə daxil olur. Bu isə turizmin inkişafina böyük zərbədir.

– Ekstremal İdman Növləri Federasiyası rəhbərliyinin əvvəllər də Alpinizm Federasiyasının idmançılarının yarışlar keçirməsinə maneələr törətməsi barədə məlumatlar yayılıb. Buna səbəb nə idi?

– Bilirəm ki, AAF-in əvvəlki rəhbərliyi respublikada yarışların keçirilməsi üçün öz qanuni hüququnu müdafiə etməkdən ötrü daim mübarizə aparıb. Demək olar ki, yarım əsrdir ki, AAF müxtəlif yarışlar təşkil edib, FAİREX bu hüququ inhisara alana qədər. Planlaşdırılan yarışların keçirilməsindən imtina edilməsi hallarının hamısından xəbərim olmasa da, yaxşı yadımdadır ki, 2013-cü ildə ölkədə draytulinq (xüsusi alətlərlə qayaya dərmanma növlərindən biri- red) üzrə ilk yarışların keçirilməsinə imkan verilmədi. Bütün bildiriş və məktublara baxmayaraq, yarışlar Arzu Mustafayevin şəxsən iştirakı ilə Ekologiya Nazirliyinin nümayəndələri tərəfindən kobud şəkildə pozuldu (bununla bağlı video var). Hətta yarışların açılışında səslənən Azərbaycan himni və bayrağın qaldırılması da onları dayandırmadı!

Püşkatma zamanı mən birinci oldum. Marşruta yeni çıxmışdım ki, Ekologiya Nazirliyinin çağırdığı polis əməkdaşları və silahlı nümayəndələr tədbiri pozdular. Gecə onlar marşrutdakı bütün qoruyucu ipləri kəsdilər.

Növbəti gün Ləzədə yarışları dayandırmalı olduq və Bakıda idman zalında süni qaya üzərində tamamlaya bildik. Həmin vaxt mən orada çalışırdım. Biz Ləzədən Bakıya gələnə qədər mənim dostum və iş yoldaşım Rauf Zeynalov marşrut qura bilmişdi və biz qayıdınca yarışları başa çatdırdıq.

Ancaq bu, nə qədər əsəb, zəhmət, məsrəf bahasına başa gəldi… AAF rəhbərliyi Ləzədə marşrut qurmaq üçün dünyanın ən yaxşı mütəxəssislərindən biri Aleksandr Klyonovu dəvət etmişdi. O, bu barbarlığın şahidi oldu. Çəkdiyimiz videoya İnternetdə baxmaq olar. Kadrlar mənim dediklərimi təsdiqləyir.

Bildiyim qədərilə hazırlanan yarışların, o cümlədən beynəlxalq yarışların pozulması ilə bağlı başqa hallar da olub. Ancaq bunun detalları AAF-in əvvəlki rəhbərliyinə məlumdur.

– Alpinizm Federasiyası rəhbərliyinə Nizami Mursaqulovun gətirilməsinin Federasiyanın milliləşdirilməsi zərurətindən doğduğunu deyənlər var idi. Yəni, Federasiyada azərbaycanlılar yox idi?

– Yox, biz hamımız azərbaycanlıyıq, məndə təmiz azərbaycanlıyam.

Bu, sadəcə, qarayaxma kampaniyası idi. FAİREX-in nümayəndələri belə bəyanatlarla bizə qarşı ictimai fikir yaratmaq istəyirdilər.

Bir şeyi də qeyd edim: FAİREX ingilis ifadəsidir, yəni – “Air and Extreme Sports Federation of Azerbaijan”.

Bax adı belə ingilis dilində olan bir təşkilat bizi qeyri-vətənpərvər olmaqda günahladırırdı…

Birdə ki bu, Azərbaycan Konstitusiyasına və dövlətin siyasətinə ziddir. Bizim ölkədə Azərbaycan vətəndaşlarının millətindən asılı olmayaraq, hüquqları eynidir. Bu tip ayri-seçkilik salan bəyanatların müəllifləri əslində qanun çərçivəsində cavab verməli idilər.

– Ölkədə alpinistlər itkin düşüb. Alpinizm Federasiyasından başqa əlaqəsi olan, olmayan bir çox qurum hadisə yerində olub, məsələyə münasibət bildirib. Alpinizm Federasiyası niyə susur?

– Bunu Nizami Mursaqulovdan soruşmaq lazımdır. Düz deyirsiz, Alpinizm Federasiyası qalıb qıraqda, FAİREX düşüb ortalığa. Bax, elə bu, özüdə onu göstərir ki, hər şey FAİREX-in əlindədir.

Bir də ki indiki rəhbərlik və tərkib Ekologiya Nazirliyinin nəzarətindədir. Odur ki, nə vaxt göstəriş alsalar, onda nəsə deyəcəklər.

– Yeni rəhbərliyin bir il yarımdan artıq formalaşmasına baxmayaraq, hansısa toplantının keçirilməsi barədə məlumatı olmayan “Alpinizm Federasiyası” niyə bir necə gün öncə, yanvarın 19-da toplantı keçirdi?

– Bunun cavabını yuxarıda dedim, amma təkrar edə bilərəm, çünki bu qurum formaldır və alpinizmi onlar yox, FAİREX idarə edir.

– Şahdağ Milli Parkına bir çox alpinistin buraxılmaması barədə məlumat var. Alpinistlərin dağa çıxması qanunla necə tənzimlənir?

– Onu bilirəm ki, ekologiya nazirinin xəbəri olmadan Milli Parkın ərazisinə heç kəs girə bilməz: kim ora girdi, nə vaxt girdi, kimə icazə vermək olar, kimə yox, hamısına bircə-bircə şəxsən özü qərar verir.

Bundan başqa Facebook-da kim kimə nə yazdı, girir oxuyur və sonra da oz idmancılarına deyir ki,”sən niyə belə komment yazdın və s.” Bunu mənə FAİREX-in üzvləri deyirlər.

O ki qaldı sirf alpinizm qaydalarına, bu, ayrıca geniş mövzudur. Birincisi, marşruta buraxan təlimatçı olmalıdır. Alpinizm üzrə ən azı 2-ci dərəcəsi olmalıdır və təlimatçı kurslarını bitirməlidir.

Marşruta çıxan qrupun rəhbərinin təlimatçısız həmin daga sərbəst gedə bilmək və özü ilə kimisə aparmaq hüququ olmalıdır və s.

Daha sonra xilasedici qrup olmalıdır ki, ehtiyac yaranarsa, təcili axtarışa çıxsın. Onlara ratsiya verilməlidir və hər 3 saatdan bir seans olmalıdır. 2 seans olmadısa həmin xilasedici qrup axtarışa cıxmalıdır və s.

Ekologiya və FAİREX bunları etməyi bacarmadı, ya da lazım bilmədi. Əvəzində nə elədi? Bizim üçün dağlara çıxışı maksimum çətinləşdirdi, amma FAİREX-in üzvlərinə yox.

Alpinistlərin və dağ yürüşləri həvəskarlarının üzləşdiyi əsas problem Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli Parka daxil olmaq üçün icazə alınması ilə bağlı uzun prosedurdur. Bu icazəni almaq üçün 30 gün gözləyirik və onu alacağımıza da zəmanət yoxdur. Versələr də 3 günlüyə. Bu, gülüncdür. Dünyanın heç bir yerində belə şey yoxdur.

Gürcüstan, Rusiya, Avropa ölkələrində Milli Parka giriş üçün icazə lazım deyil. Buna görə maksimum, rüsum tutulur, onu da yerində ödəyirsən.

Əgər dağa qalxma planlaşdırılırsa bir ay əvvəldən havanı necə bilmək olar? Əgər cəmi üç gün vaxt verilirsə, idman ekspedisiyası, yeni marşrutun keçilməsi və ya idman toplantılarından necə söhbət gedə bilər?

2010-cu ildə Federasiyanın o zamankı rəhbərliyi Sərhəd Xidməti ilə razılığa gəlmişdi və bir gün yarım ərzində birdəfəlik icazə verilmişdi. Biz bir il ərzində problemsiz dağları gəzirdik, hər il qış ekspedisiyaları həyata keçirirdik. Ancaq işə ekoloqlar qarışanda bizim üçün qonşu Gürcüstana, İrana getmək daha asan oldu.

– Tufandağda itkin düşən üç alpinistin taleyi hamını sarsıdıb. Bu hadisə haqda nə deyə bilərsiniz?

– Təbii ki, hamımız sarsılmışıq və hər kəs cavab axtarır: bu niyə baş verdi?

Mənim fikrimi soruşursunuz, qeyd etməliyəm ki, alpinizm riskli idman növüdür, təhlükəlidir. Amma burada risk və təhlükə iki amildən asılıdır: fərdi, yəni insan amilindən və sistemdən.

İnsan amili o deməkdir ki, faciə alpinistin öz səhvi ucbatından baş verir. Bu, təcrübəsizlik də ola bilər, hazırlıqsız olmaqdan irəli gələ bilər və s.. Sistem düzgün qurulubsa bu cür səhvlər baş vermir, ya da minimuma endirilir.

Tufandağda nə baş verdiyini ətraflı bilmirik. Ola bilsin ki, orada məhz insan amili rol oynayib. Amma bəri başdan məlumdur ki, o qrup qış yürüşünə hazır olmayıb, təhlükəsizlik tədbirləri həyata keçirilməyib, yəni, xilasetmə mexanizmi yoxdur. Bunlar isə sistemli səhvlərin göstəricisidir.

Deyə bilərlər ki, alpinistlər həmişə risk edir və həmişə həlak olanlar var. Bəli, düzdür, hər il olur. Elə keçən il dünyanın ən güclü alpinistlərdən biri Uli Ştek Himalayda həlak oldu. Onun ölümü heç bir sual doğurmayıb, çünki günah özündə olub.

Elə mən özümdə qışda Naminlə birgə Elbrus dağına qalxmışdıq. Buda riskli qalxma idi, amma biz o regionun xilasetmə qurumunun tam nəzarətində idik və marşrutdan yayınmırdıq. Yəni, bir şey baş versəydi, bizim yerimiz məlum idi və bizi xilas etmək üçün hazır qrup və texnika vardı.

Uşba dağında da eyni vəziyyət idi. Bizim getdiyimiz yol məlum idi. Xilasedicilər isə aşağıda hazır vəziyyətdə dayanmışdılar.

Yenə də təkrar edirəm, insan, alpinist səhv edə bilər, amma sistem varsa, risk azalır. Tufandağda baş verənlər onu göstərdi ki, sistem yoxdur. Və bu sistem yaradılmasa, belə hadisələr yenə də olacaq.

azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.