Now Reading:
“Deputatların maaşlarının artırılması cəmiyyətdə qıclıq yarada bilər”
Full Article 3 minutes read


Uzun müddət idi ki, Milli Məclis üzvləri deputart maaşlarının az olması ilə bağlı narazılıq edirdilər. Bunun ardından gələn ilin büdcəsində Milli Məclisin saxlanılmasına ayrılan xərclər artırılıb. Belə ki, 2018-ci ildə Milli Məclisin saxlanılması xərcləri 25 milyon 432 min manat təşkil edəcək. Bu, dövlət büdcəsi layihəsində nəzərdə tutulandan 1,2 milyon manat çoxdur. Milli Məclisin sonuncu iclasında bəzi hakimiyyətyönlü deputatların da maaş artımı kimiməsələsini gündəmə gətirməsi bu artımın mediada maaş artımı dəyərləndirilməsinə səbəb olub.

Mediada yayılan məlumata görə, prezident İlham Əliyevin dekabrın 26-da dərc edilən “2018-ci ilin dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanına əsasən, hər deputatın əmək haqqına ayda 800 manat əlavə olunur.

Lakin deputatlar bu xəbəri təsdiq etməyiblər.

“Yeni Müsavat”a danışan deputat Tahir Kərimli maaşların artırılması məsələsindən məlumatsız olduğunu bildirdi: “Mənim bildiyim qədər, məsələ başqa cürdür. Çünki Milli Məclisdə məsələ qaldırılmışdı ki, ölkəmizə çoxlu sayda qonaqlar gəlir, parlamentin dostluq qrupları var. O cümlədən bizim deputatlarımız da xarici ezamiyyətlərə gedirlər. Ona görə də burada müəyyən qədər pul çatışmazlığı olur. Həmçinin Milli Məclisin texniki işçilərinin də əmək haqlarının müəyyən qədər artırılması məsələsi qoyulmuşdu. Bu məqsədlə Milli Məclisin saxlanılması üçün ayrılan vəsait artırılıb. Ancaq konkret qeyd olunmur ki, deputatların maaşı artacaq, ya yox. Məsələnin qoyuluşu ancaq ezamiyyə xərcləri, texniki vasitələrin alınması üçün tələb olunan xərclər üçündür. Deputatların maaşı ilə bağlı artım məsələsi gündəmdə olmayıb. Əvvəllər də mən bu məsələnin əleyhinə getmişdim. Hər hansı artım olsaydı, bizdə də məlumat olardı. Mən istisna da etmirəm. Ancaq büdcə müzakirəsi zamanı maaş nəzərdə tutulmamışdı, qeyd etdiyim məsələlər nəzərdə tutulmuşdu”.

T.Kərimlinin sözlərinə görə, deputatları maaşlarını xaricdəki həmkarlarının əmək haqqı ilə deyil, vətəndaşların gəlirləri ilə müqayisə etməlidirlər: “Əgər xarici dövlətlərlə müqayisə etsək, doğrudan da bizdə deputatların əmək haqqı çox aşağıdır. Ancaq mən həmişə onun tərəfdarıyam ki, biz maaşımızı xarici dövlətlərdəki həmkarlarımızla deyil, vətəndaşlarımızın əmək haqqı ilə müqayisə edək. Düzdür, deputatların xərcləri həqiqətən çox olur. Mən özüm də buna çox rast gəlirəm. Adicə görüşlər keçirəndə, insanlar deputatdan yardım istəyir və sair. Deputata vəsait lazımdır, ancaq nəzərə almalıyıq ki, bu artım cəmiyyətdə qıcıq yarada bilər. Çünki əmək haqları bizdən dəfələrlə aşağı olan vətəndaşlar var. Ona görə də səbirli olmaq və hazırkı maaşla qane olmaq lazımdır.

Milli Məclisin deputatı Fazil Mustafa da maaş artımını təsdiqləməyib: “Mənim deputatların maaşlarının 800 manat artırılması ilə bağlı məsələdən xəbərim yoxdur. Düzdür, Milli Məclisin saxlanılması üçün xərclər 1,2 milyon manat artırılıb. Büdcə müzakirələri zamanı ezamiyyət xərclərinin artırılması məsələsi nəzərdə tutulmuşdu. Konkret səbəb budur, maaş məsələsi ilə bağlı məlumatım yoxdur”.

Deputat qeyd edib ki, Milli Məclis üzvlərinin maaşlarının artırılması məsələsi Maliyyə Nazirliyi tərəfindən müəyyən olunur: “Milli Məclis büdcəni təsdiq edəndə hansı vəsaitin hansı istiqamətdə ayrılması Maliyyə Nazirliyi tərəfindən verilən büdcəyə münasibət zamanı ortaya qoyulur. Büdcə ilə bağlı çıxışlarda qeyd olunur ki, hansı sahələrdə çatışmazlıqlar var. Maliyyə naziri də bunu nəzərə alır və sonradan büdcə layihəsində dəyişiklik edir. Milli Məclis layihəni qəbul etdikdən sonra qüvvəyə minir”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.