Now Reading:
Deputat nikah müqavilələrinin məcburiləşdirilməsini təklif edib
Full Article 2 minutes read


Vəkil: ”Kimsə düşünürsə ki, məcburi nikah müqaviləsi olanda boşanma olmayacaq, bu, absurddur”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib.

“Report”un xəbərinə görə, komitənin bu gün keçirilən iclasında S.Vəliyeva deyib ki, bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar:

“Azərbaycanda boşanmaların sayı çoxalıb və səbəblərindən biri də məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir. Burada könüllük olmamalıdır. Belə olan halda da uşaqları anaları saxlayır. Bəzən də uşağı tərəflərin heç biri saxlamır”.

Hüquqşünas İradə Cavadova isə əksini düşünür və deputatın söylədiklərini yanlış sayır.

Onun fikrincə, bununla ailə dəyərlərini qorumaq mümkün olmayacaq.

İradə Cavadova Meydan TV-yə deyib ki, nikah müqaviləsi iki tərəfin könüllü əqdidir, burada könüllülük prinsipi var.

“Əgər məcəlləyə məcburiyyət tələbi daxil edilirsə, könüllülük prinsipi pozulur. Məcburiyyət daxil edilsə belə, boşanmaların qarşısını almaq mümkün olmayacaq. Nikah müqaviləsində əmlakın bölgüsü, uşaqların kimdə qalması ilə bağlı mübahisələr yaranacaq. Kimsə düşünürsə ki, məcburi nikah müqaviləsi olanda boşanma olmayacaq, bu, absurddur”.

İradə Cavadova


İradə Cavadova hesab edir ki, boşanmaların səbəbi qadınların şiddətə dözmək istəməmələridir.

“Qadınlar kişilərin onlara hörmət etməsini istəyir. Ailə qurulanda kişilərin qadınların əmlakına göz dikməsi və s. Yaxud sosial-iqtisadi vəziyyət də ailədə problemlər yaradır. Niyə sual olunmur ki, ailə dağılanda kişilər aliment vermir? Bunun qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik etmək lazımdır”.

Hüquqşünas təklif edir ki, müvafiq qurumlar müxtəlif vasitələrlə, telekanallarla ailənin möhkəmliyi üçün maarifləndirmə aparılmalıdır. “Sosial sifariş lazımdır ki, ailələrin dağılmasının qarşısı alınsın”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.