Now Reading:
Deputat jurnalistə əl qaldıran icra başçısına haqq qazandırdı
Full Article 4 minutes read

Deputat jurnalistə əl qaldıran icra başçısına haqq qazandırdı



Fazil Mustafa: ”Jurnalistin informasiya almaq azadlığı var, informasiya qoparmaq yox”

“Yasamalın icra başçısı qıza sillə vurası adam deyil. Məmurun da hüququ var, hesab edirəm ki, cəmiyyətə yanlış informasiya vermək lazım deyil”, – deputat Fazil Mustafanın sözləridir. 

Aprelin 14-də Milli Məclisin növbəti iclası keçirilib. Meydan TV-nin məlumatına görə, iclasda deputat Fazil Mustafa jurnalist Fərqanə Novruzovanın Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan informasiyalara münasibət bildirib. 

“İcra başçısına haqq qazandırıram”

Deputat yayılan videonu izlədiyini və icra başçısına haqq qazandırdığını söyləyib: 

“Mən həmin videoya baxdım. Orada icra başçısı jurnalistə normal şəkildə “məsələyə aydınlıq gətirilsin, məlumat veriləcək”, – deyir. Jurnalistin informasiya almaq azadlığı var, informasiya qoparmaq yox. Üstəlik, icra başçısı jurnalistə sillə vurmur”, – deyə deputat bildirib.

Jurnalist Fərqanə Novruzova aprelin 12-də Yasamalda “Sovetski” adlanan ərazidə “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı icra başçısından açıqlama almaq istəyərkən sözügüdən olay yaşanıb.

“Oranın nə qeydiyyatı var, nə də mədəni abidə kimi qorunur”

Məscidin sökülməsi ətrafında yaranan qalmaqala münasibət bildirən Fazil Mustafa etiraz edən şəxslərin məqsədinin dövlətin məscidlərə qarşı təzyiq etməsi görüntüsü yaratmaq olduğunu deyib:

“Süni ajiotaj yaradaraq dövlət tərəfindən məscidlərə qarşı təzyiq edildiyini göstərmək istəyirlər. Amma prezident məscid üçün daha yaxşı yer seçilməsi ilə bağlı tapşırıq verib. Azərbaycanda bir çox yerdə məscidlər tikilir, təmir olunur və dini ocaqlara hörmət qoyulur. Məscidin sökülməsi ilə bağlı etirazlar başlayanda araşdırıldı və məlum oldu ki, oranın nə qeydiyyatı var, nə də mədəni abidə kimi qorunur”.

“Polisə müqavimət göstərən saqqallılar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılsın”

Deputat Qüdrət Həsənquliyev də jurnalistlə icra başçısı arasındakı insidentə münasibət bildirib. O, videoya baxıb dəhşətə gəldiyini deyib: 

“Xanım jurnalistin icra başçısına o tərzdə yanaşması doğru deyildi. Bu şəkildə informasiya almaq olmaz. Hesab edirəm ki, Mətbuat Şurası bu kimi məsələlərlə bağlı monitorinq keçirməli, təlimlər təşkil etməlidir. Bundan əlavə, məscidin sökülməsi zamanı polisə müqavimət göstərən saqqallıların Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılmasını təklif edirəm”.

Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev.

Deputat araşdırılma aparılsa, ora toplaşanların kənar ölkənin xüsusi kəşfiyyat orqanına bağlı olduqlarının ortaya çıxacağını deyib: 

“İmkan vermərik ki, məscidlərimizi casus yuvasına çevirsinlər. Məsələ mütləq araşdırılmalıdır”.

“Onlar İslamı, terrorçu, seperatçı kimi qiymətləndirirlər”

Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov da məscid ətrafında yaranan vəziyyəti ara qatmaq istəyən qüvvələrin işi kimi qiymətləndirib. O, belə məsələlərə ayıq-sayıq yanaşılmalı olduğunu deyib: 

Siyavuş Novruzov foto sosial şəbəkə
Siyavuş Novruzov foto sosial şəbəkə.

“Xüsusilə jurnalistlər bu məsələdə diqqətli olmalıdır. Cəmiyyətə düzgün məlumat verilməlidir. Əgər onların istəyi ibadətdirsə, Hacı Cavad məscidindən bir qədər aşağıda Təzə Pir məscidi var. Oraya gedə bilərlər. Bundan başqa, Bakıda tikilən “Heydər Məscidi” təkcə Cənubi Qafqazda deyil, bir çox müsəlmanlar ölkələrində olan məscidlərdən böyükdür. İbadət evləri insanların namaz qılması üçündür. Hansısa qərarların qəbulu və addımların atılması üçün deyil. Sadəcə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulması, ölkəmizdə “İslam Həmrəliyi ili”nin elan edilməsini qəbul etməyən qüvvələr var. Onlar İslamı, terrorçu, seperatçı kimi qiymətləndirirlər. Bunu etmək olmaz. Çünki İslam mədəniyyət, inkişaf və elmdir”. 

Aprelin 12-si “Sovetski”dəki Hacı Cavad məscidinin sökülməsinə cəhd edilib. Əraziyə Yasamal rayon İcra Hakimiyyətinin işçiləri və polis əməkdaşları gəlib. Ancaq məscidin daxilində və önündə dayanan yüzlərlə insan söküntüyə imkan verməyib.

Prezident İlham Əliyev aprelin 13-də inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması və binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi məqsədi ilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib. Artıq aksiya iştirakçıları da dağılıb.

Yerli camaatın bildirdiyinə görə, bu məscidi Hacı Cavad adlı tacir tikdirib. Məscidin giriş qapısının üstündə üç daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən, məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir. Bu, milad təqvimi ilə XIX əsrə düşür.

2015-ci ildə dünyada dinə qarşı məhdudiyyətlər artıb. “Pew” Araşdırmalar Mərkəzinin aprelin 13-də yaydığı hesabatda belə deyilir. 

Bildirilir ki, 2015-ci ildə bu sahədəki hökumət məhdudiyyətləri son 3 ilin ən yüksək həddindədir. Hesabatda Azərbaycan dini qadağaların ən çox olduğu ölkələr sırasına daxil edilib. Dəyərləndirmə hökumətin konkret inancları, din dəyişməyi yasaqlama cəhdləri, eləcə də dini təbliği məhdudlaşdırması, bu və ya digər dini qrupa üstünlük verməsi baxımından aparılıb.

24saat.org

Mənbə – www.meydan.tv

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.