Now Reading:
Bu məmləkətdə körpələr qocalmadan ölür
Full Article 3 minutes read

Bu məmləkətdə körpələr qocalmadan ölür

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

İşinə məsul həkimlər niyə cəzalandırılmır?

Gələcəyimiz olan uşaqlar bu gün çoxsaylı travmalar alaraq sabaha saglam nəsil kimi ötürülmür. Bu problemin müxtəlif səbəbləri var. Maddi təminatın yetərincə olmaması, eləcə də saglamlıqla bağlı çətinliklərdən problem illərdir aktuallığını saxlayır. Lakin söhbət bugünün uşaqlarından, deməli, sabahın cəmiyyətindən, sağlam bir toplumdan gedirsə, kimsə susmamalı, problemi kökündən məhv etməlidir. Azərbaycanda hər il dünyaya gələn170 min körpənin təxminən 1700-nün vəfat etdiyi rəsmi şəkildə bildirilirsə, demək ki, problem pik həddini çoxdan keçib.
Statistikaya nəzər salsaq, ən çox itki hesab olunan 2015-ci ildə körpə ölümünün 0,8 faiz artdığı deyilir. Sonrakı illərdəsə ölüm hallarının qismən azaldığı vurğulanır. Lakin nə qədər azalsa da, dünyada yalnız 0,1 faiz ölüm halı qəbul olunur. Yaxud, 0,2 faizə qədər ölümün norma hesab olunduğunu nəzərə alsaq, ölkəmiz üçün uşaq ölümünün 0,8 faiz olması həddən çox hesab olunmalıdır. Əlaqədar qurumlar isə hər il bu sahədə quru statistika verməklə işini bitmiş sayır. Hər rəqəmin arxasındansa vaxtilə canlı olmuş məsum varlıqlar boylanır.
Həkim səriştəsizliyi, yoxsa, valideyn məsuliyyətsizliyi?! Bu sualın yükü çox olduğu üçün tərəflər onu bir-birinin üzərinə atmaqdan da çəkinmir. Fəqət səhiyyədə qeyri-peşəkarların da olması, tibbi savadsızlıq, maarifləndirmənin səviyyəsinin aşagı olması tərəfləri birləşdirən nöqtədir. Elə ona görə də kimsənin sığortalanmadığı bu problemdən çıxış yolu bərabər axtarılmalıdır. Ana və uşaq ölümünə səbəb olan tibb işçilərinin adı açıqlanmadıqca, onlar barədə qanuni ölçü götürülmədikcə, problem də yerində sayacaq. Tibbi maariflənmədən yaxasını kənara çəkən valideynlərin sayı azalmadıqca da körpə ölümləri qaçılmaz olacaq.
Ölkənin baş ginekoloqu, Perinatal Mərkəzin direktoru, Doğuşayardım Komissiyanın sədri Sevinc Məmmədova bir çox ana ölümlərinə səbəb kimi ağır hamiləlik dövrünün olduğunu qeyd edir. Yəni hamiləlikdən öncə qadında mövcud olan anadangəlmə ürək qüsurları, böyrək çatışmamazlığı, keçirilmiş infeksion xəstəliklər nəticəsində qaraciyər çatışmazlığı, bir sıra irsi qan xəstəlikləri, epilepsiya və s. ağır problemlərə yol açır. Bundan başqa, bəzi bölgələrdə hamilənin yaxın qohumları olmadan müstəqil şəkildə həkimə gedə bilməməsi faktları da var. Mütəxəssisə görə, evdə ağırlaşandan sonra həkimə müraciət edəndə isə, bəzi hallarda qadını xilas etmək mümkün olmur. Qeyd edilənlər problemin görünən tərəflərindən biridir. Məsələnin qapalı dairəsindəsə çoxsaylı səbəblər gizlənir ki, onu cəmiyyətə təqdim etmək elə də asan deyil.
Onlardan biri mütəmadi olaraq rast gəlinən və artıq dəhşətli bir statistikaya çevrilən belə ölüm hallarında rolu olan həkimlərin adının çox hallarda ictimailəşdirilməməsidir. Doğrudur, bu işdə adı hallanan bir neçə həkimin işdən çıxarıldığı və ya töhmət aldığı barədə neçə fakt var. Lakin ümumi statistikaya nəzərən, bu, çox az rəqəmdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova hesab edir ki, ölüm hallarına müqəssir olan həkimlərin adları lazım olanda açıqlanır. O, həmin şəxslər barəsində ölçü götürüldüyünü də deyir. Lakin elə hallar da olur ki, xəstənin qohum-əqrəbası müəyyən səbəblərdən ölümlə bağlı bütün detalların ictimailəşdirilməsinin tərəfdarı olmur. Nəticədə bu və digər səbəblərdən problemin cəmiyyətə açıq olması hazırda istənilən səviyyədə deyil.
Görünən isə odur ki, mövcud vəziyyət bu problemin hələ də davam edəcəyini diqtə edir. Əlbəttə, səriştəsizlik, qeyri-peşəkarlığın olması və maarifləndirmənin arzuolunan həddə olmaması problemi bundan sonra da qacılmaz edəcək. Bundan çıxış yolu aramaq da bir sahənin peşəkarlarının deyil, hamımızın məsuliyyətidir.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.