Now Reading:
“Bu il TANAP layihəsi də tamamlanacaq”
Full Article 2 minutes read


”Azərbaycan dialoqu təşviq etmək üçün 2012-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini yaradıb və qısa müddətdə 100-dən artıq dövlət və hökumət başçısının bir araya gəlməsini təmin edib”.

Bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Nizami Gəncəvi yaradıcılığının əhəmiyyətindən bəhs edən B. Yıldırım bildirib ki, Nizami Gəncəvi dünyadakı problemlərin çözümünun alimlərdə olduğunu söyləyib: “Bu baxımdan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın aktual problemlərinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib. Bu dəfə Forumda müzakirəyə çıxarılacaq “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusu aktualdır. Hər bir məsələnin mərkəzində insan var. Biz gələcək nəsillər üçün sabitlik və sülhü təmin etməliyik. Bunun üçün iqtisadi sahədə uçurumlar aradan qaldırılmalıdır. Təəssüf ki, reallıqlar bu sahədə optimist olmağa əsas vermir. Bu iqtisadi uçurumların aradan qaldırılması üçün böyük səy göstərilməlidir. Bu gün dünyada bir tərəfdən müasir texnologiyanın, süni intellektin inkişaf etməsi, digər tərəfdən iş sahələrinin sürətlə dəyişməsi müsbət haldır. Ancaq bunun bütün ölkələrə faydalı olması üçün regional və qlobal əməkdaşlığa ehtiyac var. Bir ölkənin geri qalması, digərinin inkişaf etməsi ümumi inkişaf üçün faydalı deyil”.

Türkiyə baş naziri bildirib ki, bu gün dini radikalizm, islamofobiya kimi hallar artıb: “Sülh şəraitində yaşayan cəmiyyətlərin olması üçün belə hallara qarşı mübarizə aparılmalıdır. Türkiyə bu yoldadır, sülhsevər, dostları artırmaq, düşmənləri azaltmaq yönündə siyasət həyata keçirir. Bu, terrorizmə qarşı təsirli mübarizə üçün də önəmlidir”.

B. Yıldırım qeyd edib ki, Türkiyə dinlərin və mədəniyyətlərin qovuşma nöqtəsidir: “Hazırda ölkələrin bir-birindən asılılığının artdığı bir dünyada yaşayırıq. Yalnız birlikdə rifahı təmin etməyimiz mümkün olacaq. Azərbaycan prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan, Türkiyə və Gürcüstan birlikdə Qafqazda böyük əhəmiyyətə malik layihələr həyata keçirib və keçirir. Məsələn, Bakı-Tiflis-Qars dəmir yolu Asiya və Avropanı birləşdirəcək. Bu il TANAP layihəsi də tamamlanacaq və Azərbaycan qazı Türkiyə üzərindən Balkanlara, Avropaya ixrac olunacaq. Bu, ölkələrin enerji təchizatı baxımından mühüm layihədir”.

APA

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.