Now Reading:
Böyük siyasi xadimlə növbədənkənar görüş
Full Article 4 minutes read


Səxavət Soltanlı

Son günlər ölkədə növbədənkənar seçki ilə bərabər, bu seçkinin fonunda növbədənkənar bir hadisə də oldu ki, az qala seçki mövzusunu ikinci dərəcəli mövzuya çevirdi. Bu hadisə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricet Brinkin Azərbaycana “növbədənkənar” səfəri idi.

Qeyd edim ki, xanım Bricet Brink səfər şərçivəsində hökümət tərəfindən ölkə başçısı İlham Əliyev və Xarici İşlər Naziri Elmar Məmmədyarovla demokratik düşərgədən, müxalifət lideri kimi Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərlə görüşdü, müzakirələr apardı.

Bu görüşlərdən dərhal sonra bu səfər, səfərin məqsədi, olduqca dar çərçivədə baş tutan görüşlər, hətta xanım diplomatın şəxsiyyəti, daşıdığı vəzifə müzakirə olunmağa başladı.
Yaxın keçmişdə Amerikada bu vəzifədə çalışmış şəxs bir neçə gün öncə seçki kontekstində ad çəkmişdi deyə bayram idi.
Adama deməzlərmi keçmiş amerikalı diplomatın cümləsindən kampaniya düzəltmək nə, bu gün həmin vəzifəni icra edən şəxsi “birisi” adlandırmaq nə?

Başqa bir qrup da var ki, nəinki Amerikanın, istənilən qərb ölkəsinin səfirliklərinin dəftərxana işçisi ilə görüşmək üçün dəridən-qabıqdan çıxırlar. Amerikanın regiondan, ölkəmizdən əsas sorumlu olan şəxsi haqqında “hansısa müavinin köməkçisi” deməklə güya aşağılamaqları isə başqa zülmdür. Bu, nə qədər cılız, primitiv olmanın göstəricisidir.
Olan bilsin bu insanlar peşəkar, yetkin siyasətçi deyillər, tamam, amma bu qədər də savadsızlıq olmaz axı. Amerikanın Dövlət katibinin, onun Avropa və Avrasiya məsələləri üzrə müavini, onun köməkçiləri olmağın nə demək olduğunu anlamırlar?

Bricet Brink Amerika Xarici Siyasət İdarəsinin (Dövlət Departamentinin) rəhbərinin Avropa və Avrasiya İşləri Bürosu üzrə köməkçisinin müavini kimi ABŞ-ın xarici siyasət sahəsində Ukrayna, Moldova, Belarus, Gürcüstan, Azərbaycan və Ermənistanla əlaqələrə görə məsul şəxsidir.
(www.state.gov/r/pa/ei/biog/bureau/247196.htm)

Daha aydın başa düşülməsi üçün: Xanım Bricit Amerikanın Azərbaycanla bağlı rəyini, həmçinin Amerikanın ölkəmiz haqqında düşündüklərini ifadə edir.
O, Amerikanın Azərbaycanla bağlı birinci şəxsidir.

Amerikanın dünyada yeri, mövqeyi, çəkisi barədə ümid edirəm, mübahisə açmağa ehtiyac yoxdur.
(Varsa da bir cümlə ilə deyərdim: Amerika olmasaydı, Rusiya bir tərəfdən, İran digər tərəfdən dünyanı cəhənnəmə çevirmişdi, avtoritar rəhbərlər də xalqlarının qanını içirdi)

Amerikaya, regionla bağlı ABŞ-ın əsas şəxsinə qarşı aşağılayıcı açıqlamaların, bu açıqlamalrı təşviq edənlərin dərdi başqadır.
Arif adamlar dərhal, diqqətli izləyicilərsə amerikalı rəsminin görüşdüyü şəxslərın sıyahısına baxması kifayətdir ki, bilsinlər kimlər nədən narahatdır.
Hadisələrə uzaqdan tamaşa edib qiymət verənlərə isə biz deyək.
Regionla, konkret Azərbaycanla bağlı əsas məsul şəxslərdən olan qərb diplomatının müxalifət lideri kimi yalnız Isa Qəmbərlə görüşməsi açıq narahatlıq yaradıb.
Əsas narahat olan hakimiyyətdir, onları başa düşürük.

Sual yaradan məqam demokratik düşərgədəki təlaşdır.

Hakimiyyətə müxalif olanlar bundan niyə narahatdır?
Ümumiyyətlə, bu narahatlığa ehtiyac varmı?

Hakimiyyətlə görüşüb, onlarla görüşməyiblər: – ona görəmi?

Əvvəllər də olub axı: Ilham Əliyevlə görüşən hansısa qərb diplomatı müxalifətlə görüşməyib. O zaman onlar və təmsil etdikləri ölkələr, mərkəzlər aşağılanmayıb.

Səbəb aydındır.

Qərb diplomatı, təmsil etdiyi Amerika ona görə aşağılanır ki, müxalifətin lideri kimi yalnız Isa Qəmbərlə görüşüb.

Axı bu niyə sizi narahat edir?
Axı bu həmişə belə olub.
Beynəlxalq demokratik mərkəzlər, Azərbaycanla bağlı 10 demokratik təşkilat təmsilçisi ilə görüşübsə, orada mütləq “Müsavat” təmsilçisi olub, nüfuzlu beynəlxalq təşkilat nümayəndələri Azərbaycanda 2-3-4 müxalifət təmsilçisi ilə görüşmək ehtiyacı hiss ediblərsə yenə də o tərkibdə “Müsavat” təmsilçisi mütləq olub.
O cümlədən beynəlxalq təşkilatların və onların təmsilçilərinin Azərbaycan müxalifəti ilə tək bir partiya, tək bir şəxslə görüşmək, məsləhətləşmək ehtiyacı yarandıqda da, bu Müsavat Partiyası və “Müsavat” təmsilçisi olub.

İndi seçki məsələsində yaranan durumla əlaqələndirənlərə gəldikdə, bu da bir şərtdir, amma yeganə deyil.
Əvvəllər də belə olub, sadəcə bu kimi faktlar geniş təbliğ edilməyib.
Son illər əsas qərb dairələrində Azərbaycanla bağlı müzakirələrdə müxalifət adına, demokratik düşərgə adına müzakirələrə qatılan, Azərbaycan müxalifətini təmsil etmək üçün kimlərin, hansı partiyanın dəvət olunması ilə bağlı prosesi izləyənlər arasında sual olub?
Axı, bu ilk belə hal deyil. Avropa Parlamentində Azərbaycanla bağlı müzakirələrə ardıcıl olaraq Müsavat başqanı Arif Hacılı dəvət olunub, ilin əvvəlində Amerika səfiri ilk məncə, yalnız Arif Hacılı ilə görüşüb.
Qafqazın gələcəyi ilə bağlı müzakirələrdə də, avropada demokratik-liberal dəyərləri rəhbər tutan əsas ciddi alyans olan ALDE də Azərbaycanı Müsavat təmsil edir.
YAP daxil olmaqla Azərbaycanda Müsavat Partiyası qədər beynəlxalq əlaqələrə sahib başqa təşkilatın olmadığı mübahisəsizdir.
Dünyanın əsas demokratik mərkəzlərinin, dünyanın ən qüdrətli ölkəsinin də Azərbaycanda xüsusi dəyər verdiyi ictimai şəxs İsa Qəmbərdir.

Müsavat başqanı Arif Hacılının dediyi kimi:

İsa Qəmbər xalqımızın həyatda olan ən böyük, ən nüfuzlu ictimai-siyasi xadimidir.

bastainfo.com

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.