Now Reading:
Bayram Məmmədovun anası: ‘O ab-havaya düşüb özümü aldatmaq istəmirəm’
Full Article 3 minutes read

Bayram Məmmədovun anası: ‘O ab-havaya düşüb özümü aldatmaq istəmirəm’



Bu gün – martın 1-də «heykəl məhbusu» kimi tanınan, narkotik ittihamı ilə 10 il azadlıqdan mərhum edilən Bayram Məmmədovun doğum günüdür. 23 yaşını həbsxanada qarşılayır.

İkinci ildir oğlunun ad gününü həbsxana divarları arasında qeyd etmək üçün tədarük görən anası Sevinc xanım çox sevinclidir. «Hər cür hazırlıq görmüşəm. Tort da aparıram. Siz deyin bir, mən deyim üç. Amma şamlar ağlıma gəlməyib, doğrusu…».

AzadlıqRadiosunun əməkdaşı Sevinc Məmmədova ilə, az qala, qapıdan çıxhaçıxda danışa bilib:

– Bu gün sevincimin həddi-hüdudu yoxdur. Fəxr edirəm övladımla. Onunla qürur duyuram. Onun yolunda hər şeyə hazıram. Həvəslə yuxudan oyanmışam, hər cür hazırlıq görmüşəm. Ora gedəcəyik deyə, ürəyim çırpınır. Hər dəfə belədir. Ancaq bu gün xüsusi, tamam başqa duyğularla gedirəm onun yanına. İldən-ilə daha çox qürur duyuram onunla.

– Səbəbi nədir?

– Səbəbi Bayramın mərdliyidir, sınmamasıdır, qürurlu olmasıdır, heç nədən çəkinməməsidir. Getdikcə daha da möhkəmlənir. İnadkardır. Haqsızlıq ona doğru irəlilədikcə, o da onun üstünə iri addımlarla gedir.

– Bayramla yəqin vaxtaşırı görüşür, telefonla danışırsınız. Özü necədir?

– Vəziyyəti… Bilmirəm. Onun vəziyyəti pis olsa da, indiyə kimi bunu bizə bir dəfə də büruzə verməyib. Onunla görüşə evdən nisgilli, nigaran gedirəm. Amma Bayramın yanından, az qala, bayram ovqatında qayıdıram, orda elə bir ab-hava yaradır ki, hər şeyi o qədər gözəl təqdim edir ki… Adamda xoş bir təəssürat yaradır. Bunu həm sifəti, həm danışığı, həm də davranışı, duruşu ilə edir. O pərdəarxası şeylər var ey, hələ onları bizə danışmayıb, nəsə büruzə verməyib.

– «Pərdəarxası» deyəndə nəyi nəzərdə tutursunuz?

– Həbsxanadakı çətinlikləri, onun başına gətirilənləri. Asan deyil. Onlara hər zaman nəzarət edilir. Amma siz onun təqdimatına baxın da. Görün necə danışır. Elə bilirsən orda heç nə baş vermir. Amma bilirik ki, var… Sadəcə, inandırır bizi. Fərqli ovqat yaradır.

– Bəs yerini dəyişdilərmi? Onun kamerası, deyəsən, həm tualetin yaxınlığında idi, həm də soyuq idi.

– O problemlər, demək olar, arxada qaldı. Yeri yelçəkən idi, tualetin yaxınlığında idi. Amma artıq dəyişiblər. Bunlar geridə qaldı. Çətinliklə oldu. Amma keçdi.

– Əfv sərəncamının verilməsi gözlənir. Hüquq müdafiəçiləri Qiyas İbrahimovla Bayram Məmmədovun adını da əfv siyahısına salınmasını istəyiblər. Onların bu bayram ərəfəsində azad ediləcəyinə ümidiniz varmı?

– Biz realistik. Hər halda, mən öz adıma danışıram. Hər şeyə real yanaşmaq istəyirəm. O ab-havaya düşüb özümü aldatmaq istəmirəm.

– 23 yaşında ananın balasına arzusu bəllidir, yəqin. Onları bölüşmək istərdinizmi?

– Arzularım böyükdür. İstəyirəm, bütün bu çətinliklər arxada qalsın. Yaxın zamanda onu azadlıqda görmək ən böyük arzumdur… Hisslərimi anlada bilmirəm. Çox həyəcanlıyam.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.