Now Reading:
Baş redaktor M. Əliyevaya məktəb direktorundan nələr açıqladı? -“genofondu məhv etməkdədir”
Full Article 4 minutes read

Baş redaktor M. Əliyevaya məktəb direktorundan nələr açıqladı? -“genofondu məhv etməkdədir”



Anaxeber.Az-ın baş redaktoru Azər Talıbov prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Jurnalist dövlət rəhbərliyinə etdiyi müraciətində Bakının Yeni Günəşli qəsəbəsində yerləşən 278 nömrəli orta məktəbin direktoru Məlahət Əliyevanın fəaliyyətindən bəhs edib.

Onun sözlərinə görə, Azərbaycanın gələcəyinə, işıqlı bir nəslinin təhsil səviyyəsinə, bilik bazasına balta vuran 278 nömrəli orta məktəbin direktoru Məlahət Əliyevanın fəaliyyəti təcili şəkildə araşdırılmalıdır.

Baş redaktor qeyd edib ki, ölkə rəhbərliyi Təhsil Nazirliyi qarşısında 278 saylı məktəbin fəaliyyətinin təftiş edilməsi tapşırığı qoyarsa, ciddi qanun pozuntuları aşkarlana bilər.

A.Talıbov bildirib ki, M.Əliyeva 278 saylı məktəbdə Azərbaycanın savadlı nəslinin yetişməsinə nəinki mane olur, genofondu məhv etməkdədir:

“Azərbaycan yaxşı ixtisaslı kadrlar yetişdirmək üçün beşikdən, yəni məktəbdən başlamalıdır. Bir millətin gələcəyini məhv etmək üçün onun təhsili məhv etmək kifayətdir.

Bu, köhnə söz olsa da, aktualdır. Faktiki olaraq Misir Mərdanovun dövründən qalan Məlahət Əliyeva da 278 saylı məktəbdə bisavadlar ordusu yetişdirmək üçün əlindən gələni əsirgəmir.

Prezident təhsilin inkişaf konsepsiyası, strategiyasını müəyyənləşdirən sənəd imzalayıb, “strateji yol xəritəsi” qəbul olunub, Mehriban xanım məktəblərin, bağçaların tikilməsi, maddi-texniki bazasının müasirləşdirilməsi, möhkəmləndirilməsi üçün koordinasiyalı işlər görür.

Amma bu siyasətin əleyhinə gedən, öz miqyasında təhsilə zərbə vuran Məlahət xanım məktəbi marketə çevirib.
Təhsil Nazirliyini saymayan və onu qoruyan yüksək vəzifəli şəxslər olduğunu yaxın çevrəsində bəyan edən bu direktor hər fürsətdə pul yığır.

Valideyn Komitəsinin əli ilə pul yığımını həyata keçirən məktəb direktoru hər ay bir bəhanə tapır. 278 saylı məktəbdə gah süpürgə, gah lampa, gah bayram pulu yığılır.

Elə ki, narazılıq edən valideynlərin şikayəti ilə üzləşir, müəllimləri qabağa verir. Buna görə müəllimlərə valideynlər üz-göz olurlar”.

Baş redaktorun sözlərinə görə, bu məktəbdə təhsil alan şagirlərin əksəriyyəti aztəminatlı ailələrin uşaqlarıdır:
“Valideynlər imkansızlıqdan pul verə bilməyəndə uşaqlarının qabağında xəcalət çəkirlər. Məlahət Əliyeva hamını inandırmağa çalışır ki, hər ay pulu Təhsil Nazirliyi üçün yığır.

Mənim övladım da bu məktəbdə oxuyur. Məlahət Əliyevanın qanunsuz pul yığımı valideynləri boğaza yığıb. Valideynlərin əksəriyyəti də uşaqları məktəbdə utanmasınlar deyə çox vaxt pul yığımına susurlar.
Ancaq hər kəsin bir səbr kasası var. Məlahət Əliyeva nazirliyin adından istifadə edərək pul yığmaqla məktəbdə bazar açıb.

Mən bir valideyn və jurnalist kimi deyə bilərəm ki, bu direktor təhsilin üz qarasıdır. Misir Mərdanovun nazir işlədiyi dövrün kadrıdır və indiyə qədər əməllərini davam etdirir.

Artıq Mikayıl Cabbarov da bu vəzifədən gedib, təzə nazir təyin olunacaq, amma 278 saylı məktəbdə qanunsuz pul yığımı dayanmır”.

A.Talıbov bildirir ki, M.Əliyevanın rəhbərlik etdiyi məktəbdə 1-ci sinifə uşaq götürməyin qiyməti 50 manatdır: “Bu nə biabırçılıqdır?

Bura təhsil ocağıdır yoxsa piştaxta? Bu direktorun fəaliyyəti təcili şəkildə yoxlanmalıdır və vəzifəsindən azad edilməlidir.

Mən prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevadan xahiş edirəm, 278 saylı məktəbdə vəziyyəti aydınlaşdırmaq üçün Təhsil Nazirliyinə tapşırıq versinlər. Bir yoxlama ilə Məlahət Əliyevanın hansı əməllərin sahibi olduğu aydınlaşacaq.

Məlahət xanımın qoyduğu qaydalar daxilində hər uşaqda “süpürgə pulu” üçün 50 qəpikdən tutmuş, 20 manat “8 mart”, “müəllimlər günü” yığımı daxildir.

Bu qiymət və səbəb aralığına sinif otağında xarab olan nə üçünsə usta pulu, şüşə pulu, kağız ləvazimatları üçün pul və bir çox səbəblər daxildir”.

Jurnalist deyib ki, sözügedən təhsil müəssisəsinin paytaxtın mərkəzindən kənarda yerləşməsindən və diqqət mərkəzindən bir qədər uzaq düşməsindən məharətlə faydalanan direktor məktəbdə təhsilin səviyyəsini heçə endirib: “Bundan başqa, məktəbdə davamiyyət məsələsi olduqca acınacaqlı vəziyyətdədir. Əsasən 10 və 11-ci siniflərdə təhsil alan şagirdlər direktorla «razılaşıb» aylığa çıxırlar.

Həmin şagirdlərin əksəriyyəti ali məktəbə repetitor yanında hazırlaşanlardır. Onlar üçün vaxt məhdudiyyəti olduğundan məktəbə intizamlı şəkildə gələ bilmirlər.

Buna görə də aylığa çıxırlar. Mən dövlət rəhbərliyinin diqqətinə bu nüansları çatdırmaqla ümid edirəm ki, Təhsil Nazirliyinə, Bakı Şəhər Təhsil İdarəsinə müvafiq tapşırıqlar veriləcək.

Çünki Məlahət Əliyeva Mehriban Əliyevanın təhsil siyasətinə qarşı iş aparır. Onu da deyim ki, bir neçə ay qabaq məktəbin bufetindən şirniyyat alan şagirdlər zəhərlənmişdi.

O bufetdən gələn gəlirləri özünə götürən direktor qidaların keyfiyyətinə, vaxtı keçmiş olub-olmadığına baxmamışdı.

Məktəbdə dükan açan bir direktorun hansı keyfiyyətli tədris verəcəyi iki vur ikidir. Lakin Məlahət Əliyeva arxalandığı vəzifəli şəxslərə güvənərək özbaşınalıqları durdurmur.

Məktəbdə süpürgə pulu – 50 qəpik, 8 mart Günü 30-40 manat, Müəllimlər Günü 15-20 manat, təmir pulu 5 manat, şüşə pulu 2 manat, kağız ləvazimatları üçün pul 1 manat, təbaşir, silgi, xəkəndaz pulu 1 manat, Yeni il şənliyi 20-25 manat, ordu günü 5 manat, Novruz şənliyi 10-15 manatdır.

Bu işləri onun müavinləri, sinif rəhbərləri, təsərrüfat işlərinə nəzarət edən adamları həyata keçirir.
Mən dönə-dönə prezident və I vitse-prezidentdən xahiş edirəm ki, bu məktəbə həssaslıq nümayiş etdirsinlər”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.