Now Reading:
“Azadlıq” qəzetinin müxbiri barədə hökm dəyişdirilmədi
Full Article 2 minutes read


Şirvan Apellyasiya məhkəməsində “Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədlinin şikayəti üzrə məhkəmə baxışı davam etdirilib. Proses başlanmazdan əvvəl vəkil Elçin Sadıqov dəmir barmaqlıqlar arasında jurnalistin qandalda saxlanılmasına etiraz edib. İclasa sədrlik edən hakim Rafiq Cəfərov konvoy xidməti ilə məsləhətləşdikdən sonra qandalın saxlanılmasında dəyişiklik edilməyib.
Vəkil apellyasiya şikayətinə əlavələri məhkəmə proses iştirakçılarına təqdim etdikdə dövlət ittihamçısı Eldar Hüseynov etiraz etsə də, əlavələr işə əlavə olunub. Həmçinin vəkilin Ziya Ədədlinin ailə tərkibi, xəstəliyi barədə arayışları və haqqındakı müsbət xasiyətnaməni də məhkəməyə təqdim edib.

Elçin Sadıqov çıxışında cinayət işinin saxta sübutlar əsasında topladığını bildirib. Belə ki, 19 aprel 2017-ci ildə zərərçəkmiş Həsən Aslanov arasında yaranan mübahisədən sonra hər ikisinin polisə müraciət etməsə də baxmayaraq Ziya Əsədlinin şikayəti araşdırılmayıb. Həsən Aslanovun ilk izahatında Ziyanın onu əli ilə vurduğu, hadisə yerində Mirmehdi və Firuz adlı şəxslərin olduğu göstərilsə də sonradan aprelin 26-da olan izahatda isə Ziyanın onu telefonla vurması, şahid kimi Əliyev Məzahim və Cəbrayılov Habilin adları göstərilib. Vəkilin fikrincə, bu, müstəntiqin yaradıcılığı olub. Həm də, telefonun soyuq silah qismində tanınmamasının Konstitusiya məhkəməsinin qərarında da təsbit olunduğunu qeyd edib. Şahidlər və zərərçəkənin ifadəsində də xeyli ziddiyyətin olduğunu da məhkəmə heyətinin nəzərinə çatdırıb.
Ziya Əsədlinin həbsinin sifarişli olması Biləsuvar rayon İcra hakimiyyətinin verdiyi xasiyətnamədən də görünür. Orada göstərilir ki, Ziya Əsədli Biləsuvar rayonunda baş verən qanunsuzluqlar barədə Azərbaycan saatına məlumatlar ötürür, əhalinin kasıb və savadsız təbəqəsi arasında daha çox nüfuz qazanır və buna görə də islah olunmağa ehtiyacı var.
Vəkil bütün bunlara görə Ziya Əsədlinin himayəsində iki azyaşlı övladının olması və 2 qrup əlil olması nəzərə alınaraq barəsində bəraət verilməsini xahiş edib.
Ziya Əsədli öz çıxışında həbsinin Azadliq qəzetini bölgə müxbiri kimi fəaliyyəti ilə əlaqədar olduğunu bildirib. “İcra hakimiyyəti tərəfindən mənə dəfələrlə xəbərdarlıq edilmişdi. Aprelin 5-də Xırmandalı kəndində baş verən aksiyanı “Azadlıq” qəzetinin saytında işıqlandırdıqdan sonra şərlənərək həbs olundum. Heç bir günahım yoxdur, heç kimə fiziki təzyiq etməmişəm, əksinə mənə qarşı təzyiq olub, telefonum sındırılıb. Vəkilimlə razıyam və barəmdə bəraət hökmü çıxarılmasını xahiş edirəm,- deyə sözünü bitirib.
Hakimlər müşavirəyə gedib. Qayıtdıqdan sonra Apellyasiya şikayətinin təmin olunmaması, Biləsuvar rayon məhkəməsinin 5 sentyabr 2017-ci il tarixli hökmünün qüvvədə saxlanılması barədə qərarını elan edib.
Qərardan kassasiya şikayəti veriləcək.
azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.