Now Reading:
”Azərbaycanda ən ciddi problemlərdən biri müstəqil media ilə bağlıdır”
Full Article 3 minutes read


”Freedom House” nümayəndəsi: ”Fəallar və jurnalistlər ölkəni tərk etməli olub”

Azərbaycan rəsmiləri öz opponentlərini ölkə sərhəddindən xaricdə təqib edir.

Meydan TV-nin verdiyi xəbərə əsasən, bunu “Freedom House” təşkilatının Avropa və Avrasiya regionu üzrə təmsilçisi Mark Behrendt “Amerikanın Səsi”nin Amerika icmalı proqramına müsahibəsi zamanı deyib.

O qeyd edib ki, bunu Əfqan Muxtarlının işi ilə bağlı və Tbilisidə, Gürcüstanda və başqa ölkələrdəki fəallarla bağlı demək mümkündür.

“Başqa rejimlər də digər ölkələrdə bunu edir. Türkiyə də bunu edir. Rusiya Federasiyasında, Özbəkistanda da bu edilir. Bunlar olduqca böyük narahatlıq doğuran tendensiyalardır. Şübhəsiz ki, Gürcüstan kimi ölkələr, elə başqa ölkələr də (amma burada Muxtarlının işindən söhbət gedir) sığınacaq tapmış insanları müdafiə etməlidir”.

M.Behrendt qeyd edib ki, Azərbaycanda ən ciddi problemlərdən biri müstəqil media ilə bağlıdır. O xatırladıb ki, son illər Azərbaycanda müstəqil media qurumları bağlanıb, fəallar və jurnalistlər ölkəni tərk etməli olub.

“Lakin 2017-ci ilə qədər İnternet informasiyanın əldə edilməsi üçün ən böyük məkan olaraq qalırdı. 2017-ci ilin mayında Azərbaycanda qəbul edilmiş qanunla ölkədə, demək olar, ən əsas beş onlayn müstəqil media vasitəsinə qadağa qoyulub. Bunlar “Azadlıq”, Azad Avropa Radiosu/Azadlıq Radiosu, Kanal 13, “Turan” TV və “Meydan” TV-dir. Bu media vasitələri Azərbaycan əhalisinə müstəqil xəbərləri çatdırmaq işində irəli gedirdi. İndi isə onlar saxta ekstremizm ittihamları ilə bağlanıb”.

Müsahib deyib ki, Azərbaycanla bağlı ölkədəki həssas durumda olan əhaliyə qarşı hücumlar qeyd olunmalıdır.

“2017-ci ilin sentyabrında geylərin və transgenderlərin kütləvi həbsləri baş verib. Bir çox insan həbs edilib, onlar əlaqə saxladıqları insanların adlarını verməyə məcbur edilib. Mənim fikrimcə, onların hamısı azad edilib, amma bəzilərinin izlənildiyinə dair məlumatlar verilib. Onlardan pul almaq üçün şantaj yolundan istifadə edildiyi kimi hallar olub. Bu da Azərbaycanda homofobiya ilə nəticələnib, intihar hallarının çoxaldığı müşahidə edilib”.

M.Behrendt hesab edir ki, Azərbaycanda 60-dan çox din məhbusu var.

“Müsəlman Birliyi” hərəkatı yenidən ekstremizm ittihamları ilə qadağan edilib. Biz bu ittihamların həqiqi olduğuna inanmırıq. Azərbaycanla bağlı iki məsələni də qeyd etmək istəyirəm. Hücumlar təkcə fəallara qarşı edilmir. İndi rejimin opponentləri və onların ailələrinə qarşı hücumlar olur. Buna misal olaraq Camal Əlini göstərmək olar. O, reperdir. Ölkə xaricində yaşayır. Hökumət ona qarşı heç bir şey edə bilməyib, lakin bildirildiyinə görə, onun 40-a yaxın qohumu həbsxanadadır. Daha bir nəfər Niderlandda yaşayan bodibilder Orduhan Teymurxandır. O, bodibildinq haqda videolar hazırlayır, həm də prezident və onun ailəsini gülüş hədəfinə çevirir. Onun da ailə üzvləri həbs edilib”.

M.Behrendtin fikrincə, digər bir mühüm məsələ ondan ibarətdir ki, Azərbaycanda hüquqi təmsilçiliklə bağlı yeni qanun var.

“Ölkədə Vəkillər Kollegiyasının üzvü olmayan heç bir kəsin məhbusları ziyarət etmək imkanı yoxdur. Məsələn, kollegiyanın üzvü olmayan vəkillər əvvəllər məhbusları ziyarət edə bilirdisə, indi onların bunu etmək imkanı yoxdur. Onlar bundan sonra insanları mülki məhkəmələrdə təmsil edə bilmir. Azərbaycanda Vəkillər Kollegiyasının cəmi 1000 üzvü olduğuna görə ölkədə hüquqi praktika ilə çox az sayda adam məşğul ola bilər. Təəssüf ki, biz hüquq müdafiəçilərini, jurnalistləri və rejimin opponentlərini təmsil edən vəkillərin kollegiyadan çıxarılması hallarını müşahidə edirik. Bu da bizim 2017-ci ildə narahatlığımıza səbəb olan əsas məsələlərdən biridir”.

Vaşinqtonda yerləşən Freedom House beynəlxalq hüquq- müdafiə təşkilatı ənənəvi “Dünyada azadlıq indeksi – 2018” hesabatını açıqlayıb. Bu il Azərbaycan “azad olmayan” 49 ölkə arasındadır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.