Now Reading:
Azərbaycan vəkillərinin təqib edilməsi Strasburqda müzakirə edilib
Full Article 4 minutes read


Fevralın 20-də keçmiş sovet respublikalarından olan hüquqşünas və fəallar Avropa İttifaqını Amerika Birləşmiş Ştatlarında qəbul edilmiş Maqnitski qanununa bənzər sənədin qəbuluna çağırıblar.

Bu ABŞ qanunu bütün dünyada insan haqlarını pozan və korrupsiyaya bulaşan rəsmilərin cəzalandırılması üçün nəzərdə tutulub.

Avropa Parlamentində keçirilən bu tədbirdə Moldova, Azərbaycan, Ukrayna, Rusiya və Qazaxıstanda vəkillərin təqib edilməsi ilə bağlı hallar müzakirə olunub.

Tədbirin təşkilatçısı Britaniyada mənzillənmiş Open Dialogue analitik mərkəzi idi.

Strasbuqrda keçirilən bu tədbiri giriş sözü ilə Avropa Parlamentinin Çexiyadan olan millət vəkili Jaromir Ştetina açıb.

Daha sonra sözü gedən ölkələri təmsil edən insan haqları müdafiəçiləri və hüquqşünaslar danışıblar.

Bu tədbirdə Azərbaycanı tanınmış insan haqları müdafiəçisi Leyla Yunus təmsil edirdi.

Leyla Yunus öz çıxışında deyib ki, Azərbaycanda müstəqil məhkəmələr yoxdur və hakimlər icra hakimiyyətinin göstərişlərini icra edirlər.

O bildirib ki, 2017-ci ilin dekabrına redaktə edilmiş siyahıya görə Azərbaycanda hazırda 161 siyasi məhbus var.

Leyla Yunus


Leyla Yunus deyib ki, o, siyasi məhbusları peşə və siyasi fəaliyyət növlərinə görə blogerlər, jurnalistlər və sair kimi 12 qrupa bölüb. Lakin onun sözlərinə görə bu qrupların arasında çox qeyri-standart olan yeniləri də var.

Yunus deyib: “Bu, Facebook məhbuslarıdır. Məsələn əgər gənc bir tələbə özünün Facebook səhifəsinə İlham Əliyevin çıxışında nəyisə bəyənmədiyini yazırsa, o ertəsi gün həbs olunur. Ya xuliqan, ya da narkoman kimi…Başqa bir maraqlı qrup girov məhbuslardır. Bunlar xaricdə siyasi fəaliyyətlə məşğul olan azərbaycanlıların Azərbaycanda qalan qohumlarıdır…”

Yunus bildirib ki, təkcə keçən həftə Azərbaycanda Almaniya və Fransada yaşayan blogerlərin 15 qohumu həbs edilib. Bu 15 nəfərdən 5-i dövlət televiziyasında çıxış edərək öz qohumlarından imtina etdiklərini bildiriblər.

İnsan haqları müdafiəçisi deyib ki, “belə şeyləri heç Sovet İttifaqında da etmirdilər”.

Yunus daha sonra Avropa İttifaqının xarici işlər komitəsinin hesabatı ilə tanış olduğunu deyib. O bu hesabatda nə siyasi məhbuslardan, nə də işgəncələrdən söz açılmamasını pisləyib.

Leyla Yunus deyib ki, Azərbaycanda kəskin vəkil problemi var. Qanunvericiliyə edilmiş dəyişikliyə görə yalnız Vəkillər Kollegiyasının üzvü olanlar məhkəmə işlərində iştirak edə bilərlər. Amma nəzərə alınmalıdır ki, 10 milyonluq əhalisi olan ölkədə bu kollegiyanın cəmi 934 üzvü var.

Yunus bildirib ki, 2015-ci ildə Azərbaycanda siyasi işləri üzərinə götürmək cəsarəti olan 10-11 vəkil vardı. Bu vəkillərin əksəriyyəti kollegiyadan xaric edilib.

Leyla Yunus vurğulayıb ki, onun öz vəkili mediaya məlumat verdiyinə görə cəzalandırılıb.

Leyla Yunus çıxışını belə yekunlaşdırıb: “Və sonda bir söz də deyim. Siz Azərbaycanla hərtərəfli partnyorluq sazişi imzalamağa hazırlaşırsınız. Deməliyəm ki, bu ayıbdır. Diktatura ilə hərtərəfli əməkdaşlıq sazişi bağlamaq əvəzinə, bu diktatura barədə Maqnitsky qanunu kimi bir qanun qəbul etmək lazımdır…”

Daha sonra britaniyalı hüquqşünas Thomas Garner də çıxışının çox hissəsini Azərbaycandakı vəziyyətə həsr edib.

Thomas Garner


O qeyd edib ki, insan haqları ilə bağlı məhkəmələrdə çalışan vəkillərin peşələrindən kənarlaşdırılması Azərbaycan cəmiyyətini, onun insan hüquqlarını faktiki olaraq müdafiəsiz qoyub.

Garner vəkillik fəaliyyətindən siyasi motivlərlə uzaqlaşdırılmış ayrı-ayrı Azərbaycan hüquqşünaslarından misallar gətirib. O deyib ki, bu vəkillərin əksəriyyəti siyasi motivli mühakimələr barədə mediaya məlumat verdiklərinə görə cəzalandırlıblar, bu isə olduqca acınacaqlı haldır.

Vəkil bildirib ki, müzakirə olunan ölkələrin hamısı Avropa Şurasına daxildir və bu qurum yaranmış vəziyyət barədə lazımi ölçü götürməlidir.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin yayında həbs olunublar. Onlar vergidən yayınma və başqa iqtisadi cinayətlərdə ittiham ediliblər. Yunuslar ittihamları qəbul etməyiblər.

2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi L.Yunusu 8 il 6 ay, A.Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.

2015-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişərək, şərti cəza ilə onları həbsdən buraxıb. Ötən il aprelin 19-da cütlük müalicə məqsədilə Azərbaycanı tərk edib. Bundan sonra L.Yunus Azərbaycanda həbsdə olan «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırovun, bəzi başqa dindarların və siyasətçilərin beynəlxalq müdafiəsində yaxından iştirak etməyə başlayıb.

Ötən ilin dekabrında isə Ali Məhkəmə şərti cəzayla bağlı qərarı ləğv edib və işi yenidənBakı Apellyasiya Məhkəməsinə göndərib.

Bu ilin mayında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi-alim Arif Yunusun məhkəməyə məcburi gətirilməsi haqda qərar çıxarılıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.