Now Reading:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıb
Full Article 2 minutes read


ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən həftə regiona səfərlərinə dair bəyanat yayıb.

Həmsədrlər – Rusiyadan Igor Popov, Fransadan Stephane Visconti və ABŞ-dan Andrew Schofer, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrgej Kaspşik ilə birlikdə fevralın 7-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev, 9-da Yerevanda prezident Serj Sarkisyanla görüşüb.

Həmsədrlər fevralın 9-11-də Dağlıq Qarabağa da baş çəkərək regionun de fakto rəhbərliyi ilə görüşüb. Təmsilçilərin Azərbaycanın ermənilərin nəzarətində olan Zəngilan, Qubadlı, Ağdam, Laçın və Kəlbəcər rayonlarında da spesifik məkanlara baş çəkdiyi bildirilir.

“Həmsədrlər 2017-ci ilin oktyabrında Cenevrə sammitində, eləcə də daha öncə Vyana və Sankt Peterburq sammitlərində götürülmüş bütün öhdəliklərin xoş niyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayıblar.

Həmsədrlər son vaxtlar təmas xəttində baş vermiş itkilərdən dərin narahatlıq bildiriblər. Onlar tərəfləri, Cenevrədə razılaşdırıldığı kimi, gərginliyin azaldılması və atəşkəsə sayqı göstərilməsi üçün əlavə tədbirlər görməyə çağırıblar”, bəyanatda vurğulanır.

Minsk Qrupunun həmsədrləri Helsinki Aktının əsas prinsiplərinə uyğun olaraq, münaqişənin dinc yolla həllindən ötrü tərəflərə kömək göstərmək öhdəliklərinə sadiq qaldıqlarını bir daha dilə gətirirlər. Həmin prinsiplərə gücdən istifadə etməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını özünün təyin etməsi daxildir.

Həmsədrlər, seçki dönəmini nəzərə alaraq, tərəflərin intensiv danışıqları davam etdirmək niyyətini alqışlayıblar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığı əldə edilənə kimi erməni tərəfi Azərbaycanın Dağlıq Qarabağ vilayətini və regiona bitişik 7 rayonunu nəzarətinə keçirib. Münaqişənin tənzimlənməsilə ATƏT-in Minsk qrupu məşğul olur. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

Cəbhədə hərbi əməliyyatlar 2016-cı il aprelin 2-dən 5-dək yenidən bərpa olunub. Üç gün ərzində aparılan döyüşlərdə tərəflər onlarla itki verib. Rusiyanın təşəbbüsü ilə atəşkəs rejimi yenidən bərpa olunub. Bundan sonra iki ölkə prezidentlərinin bir neçə görüş keçirməsinə baxmayaraq, danışıqlarda irəliləyiş qeydə alınmayıb.

Minsk Qrupunun həmsədr dövlətləri də dəfələrlə mövcud status-kvonun dəyişdirilməsinin vacibliyini qeyd edib. Amma status-kvo dəyişməyib.

Amerikanın səsi

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.