Now Reading:
Arif Alışanovun başı dərddə
Full Article 4 minutes read
 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Arif Alışanov çətin vəziyyətə düşüb. Az24saat.org xəbər verir ki, Arif Alışanovun vaxtilə işbirliyində olduğu Şücayət Əkbərovu həbs etdirməsi onun əleyhinə çevrilib.

Məlumat üçün deyək ki, Arif Alışanov Şücayət Əkbərovu dələduzluqda və sui-qəsddə suçlayaraq hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında adıçəkilən şəxs həbs olunub.

Az24saat.org bir müddət əvvəl bu barədə istintaq materiallarına əsasən geniş yazı dərc etmişdi. İstintaq materiallarından aydın olurdu ki, Şücayət ƏkbərovArif Alışanovun 5 milyon manat pulunu mənimsəyib, daha sonra ona sui-qəsd planlayıb. Lakin niyyətini həyata keçirə bilməyib.

Arif Alışanovun 5 milyon manatı necə qazandığı, niyə Şücayət Əkbərova etibar etdiyi və ona qarşı sui-qəsd planının hansı səbəbdən baş tutmadığı araşdırılmamış qalıb. Bu da məsələdə hansısa qaranlıq məqamların olmasına dair əsaslı şübhələrə səbəb olub.

Şücayət Əkbərovun həbsindən sonra isə Arif Alışanov onun keçmiş həyat yoldaşı Səlimə Sadıqova və qohumlarının adına olan əmlakları ələ keçirib. Səlimə Sadıqova iddia edir ki, AzTV sədrinin adamları ona hədə-qorxu gəlib.

Onun sözlərinə görə, keçmiş ərinin həbsindən 2-3 gün sonra tanımadığı 3 nəfər Bakıda yaşadığı mənzilə gələrək özlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (DİN BMCMİ) əməkdaşları kimi təqdim ediblər və evdə axtarış aparacaqlarını bildiriblər. Lakin xidməti vəsiqə göstərməyiblər. Həmin şəxslər axtarış zamanı onun bütün qızıl-zinət əşyalarını, 1600 manat və 700 dollar pul vəsaitini, eləcə də evin mülkiyyət sənədini götürüblər. Daha sonra onlarla birgə getməli olduğunu bəyan ediblər.

Xanım onu hara götürəcəkləri ilə maraqlansa da ona “gedəndə görəcəksən”, deyiblər. Sadıqova həmin vaxt işi olduğunu əsas gətirib, onlarla yalnız növbəti gün gedə biləcəyini söyləyib. Gələnlər etiraz qəbul etməyərək, israrçı mövqe seçiblər və qadını öz maşınlarına əyləşdirərək tanımadığı istiqamətdə yola çıxıblar. Yol boyu davamlı getdikləri ünvanla maraqlansa da, Sadıqova eyni cavabı alıb. Hətta onu telefonla danışmağa belə qoymayıblar, maşında olarkən qızının zənginə cavab verməsinə mane olublar.

Bir müddət sonra Şamaxıya yetişiblər və dərhal da rayonun Mədrəsə kəndində xanımın bacısı qızı Ayselə məxsus evə gediblər. Onlar həmin evdə də axtarış aparıblar, lakin özlərinə lazım olanı tapmadıqdan sonra Nağaraxana kəndində S.Sadıqovaya məxsus evə gediblər. Bu mənzildə də axtarış apararaq daşınmaz əmlakın mülkiyyət hüququna dair sənədləri götürüblər. Daha sonra birlikdə Şamaxı şəhərində notariusa gedəcəklərini və orada “5 dəqiqəlik işləri olduğu”nu deyiblər.

Şamaxı rayon notariat kontorunda tanımadığı iki adam qadına yaxınlaşaraq hədə-qorxu gəlib, az sonra təqdim olunacaq sənədləri imzalamağı tapşırıb. Əks təqdirdə övladlarının sonunun ataları kimi olacağını deyib, nəvəsinin onlarda şəkli olduğunu və hansı məktəbə getdiyini də bildiklərini söyləyiblər. Səlimə xanım sonradan öyrənib ki, onlardan biri – Dəyanət Cəfərov AzTV sədri Arif Alışanovun bacısı oğlu, digəri isə işçisi Camal Nəbiyevdir. O, Dəyanət və Camalı əvvəlcədən tanımırmış, yalnız Şamaxı notariat kontorunda görüb. Dediyinəı görə, D.Cəfərov da özünü DİN BMCMİ-nin əməkdaşı kimi təqdim edib.

S.Sadıqova deyib ki, bu təhdidlərdən qorxaraq notariusda ona təqdim olunan bütün sənədlərə qol çəkib. Bundan sonra Dəyanət və özlərini DİN-in BMCMİ-nin əməkdaşları kimi qələmə verən digər şəxslərlə birlikdə Şamaxı rayon Polis şöbəsinə gəlib. Burada onlar keçmiş əri Şücaət Əkbərov ilə görüşüb, onun yanında notariusun iştirakı ilə Şücaətə də etibarnamə təqdim ediblər. Həbsdə saxlanılan adam etibarnaməni imzalamaqdan imtina etsə də, o da hədələr qarşısında qol çəkməyə məcbur qalıb.

Təxminən 5-6 ay sonra məlum olub ki, C.Nəbiyevin adına alınan etibarnamə əsasında Nağaraxana kəndində və Mədrəsə qəsəbəsindəki evləri, Çuxuryurd kəndində yerləşən torpaq sahəsi Arif Alışanovun qızı NiğarƏlişanova və bacısı qızı Nilufər Cəfərovanın (etibarnaməni təhdidlə alan Dəyanət Cəfərovun bacısı) adına keçib.
Səlimə Sadıqova bu barədə prokurorluğa şikayət edib. Şikayət araşdırılması üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsinə göndərilib. Az24saat.org-a daxil olan məlumatda iddia edilir ki, Arif Alışanov bundan narahat olub. Əvvəla, ona görə ki, məsələ araşdırılarkən Arif Alışanovun maliyyə maxinasiyaları da üzə çıxa bilər. Digər tərəfdən Səlimə Sadıqovanın sözlərindən aydın olur ki, Arif Alışanov bu məsələdə ən pis halda DİN-nin adından istifadə edib, ən yaxşı halda isə bu qurumun əməkdaşlarını şəxsi “razborkası”na qatıb.
Az24saat.org
Vüqar Qurdqanli

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.