Now Reading:
Anar Məmmədli: Sovet sistemi ilə demokratik seçkilərin imitasiyası gedir
Full Article 3 minutes read


”Çağırış edənlərin bir çoxunun cəmiyyətdə nüfuzu yoxdur”

Növbədənkənar prezident seçkisinin təşviqat-təbliğat kampaniyası başlamasa da, artıq bir sıra büdcədən maliyyələşən, eləcə də nizamnaməsində ictimai təşkilat kimi göstərilən qurumlar hazırkı prezident İlham Əliyevin namizədliyini dəstəkləmək çağırışı ediblər.

İlk çağırış bəyanatı Azərbaycan Həmkarlar Konfedrasiyasından oldu. Konfedrasiya prezident İlham Əliyevin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı 5 fevral sərəncamını imzaladığı gün açıqlama yaydı. Bu çağırışı prezidentin köməkçisi Əli Həsənov həmkarların tədbirində səsləndirdi.

Ardınca yaradıcı birliklər – rəssamlar, yazıçılar və bəstakarlar ölkə başçısının namizədliyini dəstəkləyəcəklərini açıqladılar.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə jurnalistlərin İlham Əliyevə səs verəcəyini ifadə etdi.

Fevralın 14-də isə Azərbaycan Ağsaqqallar Şurası, QHT-lər, dini konfessiya rəhbərləri, Elmlər Akademiyası oxşar bəyanat yayıblar.

Güman olunur ki, seçki kampaniyası başlayana qədər YAP-ın namizədinə dəstək bəyanatları davam edəcək.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli indiki vəziyyəti Meydan TV-yə şərh edərkən deyib ki, hazırda sovet siyasi sisteminə əsaslanmaqla müasir, demokratik seçkilərin imitasiyası gedir: “Bir tərəfdən sovet ənənələri saxlanılır, digər tərəfdən də guya çoxpartiyalı sistemdir, alternativ namizədlər var, sərbəst toplaşmaq, ifadə azadlığı üçün şərait yaradılıb. Amma bütövlükdə prosesin özü imitasiyadan başqa bir şey deyil”.

Anar Məmmədlinin sözlərinə görə, normal dövlətlərdə hakim partiyaların namizədinin belə dəstəklərə ehtiyacı olmur:

“Namizədlər bir qayda olaraq çalışırlar ki, cəmiyyətdə nüfuzu olan insanların dəstəyini qazansınlar. Ancaq son bir neçə gündə yazıçıların, bəstəkarların, rəssamların çağırışları heç də indiki prezidentin xeyrinə deyil. Çünki çağırışı edənlərin bir çoxunun cəmiyyətdə nüfuzu yoxdur. Doğrudanmı, Əflatun Amaşovun çağırışının İlham Əliyevə bir xeyri var? Qərb dövlətlərində əksinə olur, prezidentliyə namizədlər cəmiyyətdə normal nüfuzu olan şəxslərlə fotolarının yayılmasına çalışırlar. Məsələn, 2000-ci ildə ABŞ-da Corc Buşla Albert Qor arasında seçki kampaniyası zamanı Monika Levinski qalmaqalı yenicə yekunlaşmışdı. Albert Qor bir qayda olaraq partiyadaşı olan sabiq prezident Bill Klintonla olan şəkillərinin yayılmamasına çalışırdı. Çünki Bill Klintonun nüfuzu xeyli düşmüşdü. Bu, demokratik seçkilərin bir göstəricisidir. Yaxud Ukraynada Poroşenko seçkiyə qatılanda cəmiyyətdə ciddi reputasiyası olan şəxslərlə təmasda olmağa çalışırdı. Azərbaycanda isə fərqli mənzərədir, bütün dövlət institutları göstərməyə çalışırlar ki, hamı vahid şəxs və komanda ətrafında birləşib. Bu, sovet dövrünü xatırladır. Sual yaranır, həmin institutlar cəmiyyətdə nə dərəcədə reytinq sahibidirlər? AMEA bütün alimlərin, innovatorların birləşdiyi yerdirmi? Bütün dindarlar Qafqaz Müsəlmanları İdarəsindəmi birləşib? Eyni fikirləri QHT-lər, AYB və digər qurumlar haqda da demək olar”.


Anar Məmmədli bildirib ki, hakimiyyət illərdir bu qurumlara müxtəlif formada dəstək verməklə sistemin bir parçasına çevirib və lazım gələndə öz maraqları üçün istifadə edir:

“Başqa cür ola bilməz. Hökumət xarici və daxili ictimaiyyətə göstərir ki, sistemin ətrafında ziyalı, aktyor, sənətkar, dindar, alim, jurnalist korpusu var. Bizim üçün ikrah doğursa da, hakim elita bu yolu seçib. Amma özləri də bunların ciddi reputasiyaya malik olmadığını bilir”.

Açıq Vətəndaş Cəmiyyəti İnstitutunun rəhbəri Məhərrəm Zülfüqarlı fərqli düşünür.

“Burda sovet sistemindən danışmağa dəyməz. Sovet sistemi təkpartiyalı idi, seçkini çalıb-oxuyaraq keçirirdilər, amma adamlar kimə səs verdiklərini bilmirdilər”.


O, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatlarının Ümumrespublika Konfransında özünün təşkilatının adından danışdığını bildirib.

M.Zülfüqarlı hesab edir ki, hakim partiyanın namizədinə dəstək hər bir təşkilatın şəxsi işidir. Təşviqat-təbliğat kampaniyasından əvvəl bunun baş verməsində qanunsuzluq axtarmağa ehtiyac yoxdur:

“Kampaniya fərqli mərhələdir, bu adamlar gedib yerlərdə təbliğat aparmırlar, öz təşkilatları adından bəyanat yayırlar. Bu, onların konstitusion hüququdur”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.