Now Reading:
ABŞ kəşfiyyatı: ”Ermənistan və Azərbaycan arasında genişmiqyaslı münaqişə ehtimal var”
Full Article 3 minutes read


Rauf Mirqədirov: ”ABŞ-ın Cənubi Qafqazdakı hərbi-siyasi imkanları məhduddur”

ABŞ-ın Milli Kəşfiyyat Direktoru Daniel Koutsun ofisi fevralın 13-də “Dünyadakı təhlükələr haqqında kəşfiyyat məlumatlarının qiymətləndirilməsi” adlı məruzə yayıb.

Sənəddə 2018-ci ildə Ermənistan və Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişə ehtimalından narahatlıq ifadə olunur.

Bildirilir ki, mübahisəli Dağlıq Qarabağ ətrafında gərginlik Ermənistanla Azərbaycan arasında irimiqyaslı hərbi münaqişəyə çevrilə bilər və öz regional müttəfiqinə dəstək üçün Rusiyanın da bura cəlb edilməsi mümkündür.

Siyasi icmalçı İlqar Vəlizadə məruzədə müharibə ehtimalları barədə fikirlərin yeni olmadığını hesab edir:

“Əvvəlki illərdə də müxtəlif yanaşmalardan oxşar fikirlər səslənirdi. Məsələn, “Ştraftor”un açıqlamalarında regionda lokal müharibə əlamətlərinin mövcud olduğu qeyd edilirdi. Dövlət başçılarının açıqlamaları və bölgədəki durum bunu təsdiqləyir. Ona görə müharibə ehtimalı bir neçə ildir gündəmdə olduğundan yeni bir şey yoxdur”.


O qeyd edib ki, 2018-ci ildə Rusiyada, Ermənistanda və Azərbaycanda təxminən eyni vaxtda seçkilər keçiriləcəyindən, seçkilərdən sonra münaqişənin tənzimlənməsində müəyyən yeniliklər ehtimal edilir.

“Müxtəlif ehtimallara görə danışıqlar yeni təkliflər üzərində davam etdiriləcək, yaxud nəticəsiz qalar və o zaman lokal müharibə ola bilər. Amma mən bu cür proqnozlara ciddi yanaşmıram. Çünki hər şey real hadisələrdən asılıdır. Bəlkə seçkilərdən sonra yeni reallıq müharibə ehtimalını ikinci plana keçirəcək. Bu mənada indidən heç kim konkret fikir söyləyə bilməz”.

Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov bildirib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi son 3-4 ildə regionda belə təhlükənin mövcudluğu barədə bəyanatlar və hesabatlar yayır.

“Əslində, Vaşinqton Dağlıq Qarabağ münaqişəsini beynəlxalq münasibətlər sistemində dəyərləndirir. Hazırda qlobal münasibətlər sistemində Vaşinqtonla Moskvanın münasibətlərinin həddən artıq gərgin olması müxtəlif regionlarda kəskin qarşıdurmasının əlamətləridir. Bu qarşıdurmalarda tərəflər köməkçi qüvvələrdən, öz təsirləri altındakılardan istifadə edirlər”.

Misal kimi o, Rusiya və ABŞ-ın kürd amilindən bir sıra hallarda öz müttəfiqlərinin maraqlarına zidd istifadə etdiyini göstərib.

“Hazırda Rusiya Suriyada çox çirkin oyun aparır, Ankara bu bölgədə Moskvanın tərəfdaşı kimi çıxış etsə də, Bəşər Əsədə Afrinə daxil olmağa razılıq verib. Onsuz da Suriya hökuməti Rusiyanın razılığı olmadan bu istiqamətdə addım ata bilməz.

Bu, Suriya-Türkiyə hərbi qarşıdurmalarına aparan xəttdir. İndi də Vaşinqtonda Dağlıq Qarabağla bağlı bütün variantlar nəzərdən keçirilir. ABŞ Kəşfiyyat İdarəsi həmin məruzəsi ilə onu demək istəyir ki, Cənubi Qafqazdakı hərbi-siyasi imkanları kifayət qədər məhduddur. Ümumiyyətlə, Rusiya ilə müqayisədə Amerikanın hərbi-siyasi təmsilçiliyi yoxdur. Ermənistanda hərbi bazası, Gürcüstanın işğal olunmuş ərazilərində rus ordusu, Azərbaycanın şimal sərhədlərində rus qoşunları, cənubda İrandır və sonuncu bizim müttəfiq deyil. Bəli, Vaşinqton nəsə etməyə çalışır, amma fəal addımlar atmır. Faktiki Cənubi Qafqazdakı potensial olacaq müttəfiqlərini Rusiyanın zərbəsi altına atır”.

azadliq.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.