Now Reading:
65 yaşı tamam olmuş müəllimlər…-ekspertdən açıqlama
Full Article 3 minutes read


Artıq yeddi ilə yaxındır ki, Azərbaycanda müəllimlərin işə qəbulu və fəaliyyəti zamanı yaş senzi tətbiq olunur. Belə ki, mövcud qanunvericiliyə əsasən, yaşı 65-ə çatmış müəllimlərlə əmək müqaviləsi yalnız müəyyən kriteriyalar əsasında bağlanır.
Təhsil üzrə ekspert Kamran Əsədov bizimyol.info-ya bildirib ki, aparılan araşdırmalara görə, ölkədə fəaliyyət göstərən 4500-ə qədər orta ümumtəhsil məktəblərində yaşı 65-i keçmiş təxminən 2900 müəllim fəaliyyət göstərir: “İlk növbədə qeyd etmək istəyirəm ki, işə götürən ilə işçi arasında münasibətlər Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilir. Vacib bir məsələni qeyd edim ki, yaşı 65-ə çatmış müəllimlərin qanunvericiliyə uyğun olaraq fəaliyyətini davam etdirib-etdirməməsi Təhsil Nazirliyinin 15 iyul 2011-ci il tarixli 1404 nömrəli əmri ilə tənzimlənir. Ümumiyyətlə, Milli Məclisdə Əmək Məcəlləsinə edilən dəyişikliklərə görə, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan şəxslər üçün yaş senzi 65 yaş həddində müəyyənləşdirilib. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir.

Bundan başqa, dövlət orqanlarında dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 5 faizindən artıq ola bilməz”.
K.Əsədov bildirib ki, təhsil nazirinin əmri ilə təsdiq edilən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu qaydalarında kimlərin 65 yaşdan sonra müəllim kimi işləyə bilməsi konkret qeyd olunub: “Həmin sənəddə də göstərilib ki, işə qəbul prosesində mütləq nazirliyin 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar gözlənilməlidir. Yəni bu kateqoriyadan olan işçilərin işə qəbulu tabeçilik üzrə idarəetmə orqanı rəhbərinin razılığı əsasında hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər”.
Mövcud kriteriyalara gəlincə, bu meyarlar təhsil nazirinin əmrində açıq şəkildə göstərilir:
– son ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi;
– elmi dərəcə və ya elmi adının olması;
– dövlət təltifi ilə təltif edilməsi;
– attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi;
– “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması;
– müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda;
– səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda;
– işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması kimi tələblərdir.
Ekspert bildirib ki bu qaydalarda, eyni zamanda, kənd məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərin xüsusi işarələnməklə vakant yerlər haqqında məlumata daxil edildiyi qeyd olunub: “Kənd məktəblərinə işə qəbul üçün nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri isə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və yaşı 35-dək olan gənc mütəxəssislərə şamil olunur”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.